Tarix: 12.08.2024 / 11:00
Maliyyə dəstəyi almadan çalışmışam  - Təşkilat rəhbəri

Maliyyə dəstəyi almadan çalışmışam - Təşkilat rəhbəri

“Şəhidlərimizə həsr olunan 2 mahnının müəllifiyəm. Ziyalı ailəsində dünyaya gəlmişəm. Gözümü açıb sənətkarları evimizdə görürdüm. Anam da həkim olub. Valideynlərim Azərbaycanda kifayət qədər tanınmış, hörmətli şəxslər olublar”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Milli Mədəniyyətin Təbliği İctimai Birliyinin rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, araşdırmaçı-jurnalist Jalə Cəfərova deyib.

J.Cəfərovanın sözlərinə görə, Yaponiya, Amerika, İngiltərə, Fransa, Sinqapurdan tutmuş dünyanın bir sıra ölkələrinə səfərlər edib:

“Getdiyim ölkələrdə əsas məqsədim Azərbaycan diasporlarının işi ilə maraqlanmaq, onların nələr etdiyinin şahidi olmaq idi. Gördüklərimə əsasən deyə bilərəm ki, Latviyada diaspor rəhbəri Roman Əliyevin məhsuldar işləri var”.

Cəmiyyət rəhbəri bildirib ki, bir çox diasporun görə bilmədiyi işləri o özü tək reallaşdırıb:

“12 il zərrə qədər də maliyyə dəstəyi almadan Azərbaycan həqiqətlərini, xüsusilə də Qarabağı təbliğ etmişəm. Təbrizdə, Şəhriyarın Ev Muzeyində, farsların gözü qarşısında Xocalı soyqırımı ilə bağlı tədbir keçirmişəm. Şəhriyarın oğlu, Hadi bəyi da həmin tədbirə dəvət etmişəm. Bakıdan bir çemodan buklet, video roliklər aparmışam”.

J.Cəfərova qeyd edib ki, orta və ali məktəblərdə dərs keçdiyi müddətdə də vətənimiz üçün nələrsə etməyə çalışıb:

“Düşünürəm ki, Vətən hər zaman təbliğ olunmalıdır. Maraqlı layihələrimizdən biri də Naxçıvanda doğulan (1898 - 1983), dünya şöhrətli rəssam İbrahim Safi haqqında olub. O, Türkiyədə yaşayıb, “Qafqazlardan gələn rəssam” kimi tanınıb. Mən çox narahat oldum ki, bu gün - sabah ermənilər İbrahim Safinyan deyib onu mənimsəyəcəklər. İbrahim Safi haqqında tədqiqat apardım, 1 saatlıq film çəkdim, kitab yazdm. Məqsədim də İbrahim Safini Türkiyə və Azərbaycanın ortaq dəyəri kimi təqdim etmək, azərbaycanlı rəssam kimi dünyaya tanıtmaq idi. Onu Polşada, İsveçdə, Fransada, Almaniyada və Azərbaycanın bir çox bölgələrində tanıtmışam. Bir çox ölkələrdə də tanıtmaq istəyirəm, ancaq maliyyə imkanımız yoxdur”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...