Tarix: 27.09.2024 / 22:00
Makron Fransasının siyasi həyasızlığı və     Azərbaycan

Makron Fransasının siyasi həyasızlığı və Azərbaycan

Dünya çox dərin siyasi əxlaqi böhran keçirir. İllərdir özünü demokratiya təmsilçisi, insan hüquqlarının mühafizəçisi və məzlumların müdafiəçisi kimi təqdim edən dövlətlərin “humanist” maskaları yırtılaraq əsl simaları üzə çıxıb. Talançılıq və istismarçılığın xarici və daxili siyasətinin aparıcı xətti olan dövlətlərin eybəcər sifətləri artıq ortadadır. Fransa belə dövlətlərin sırasında ilk yerdə dayanır. Avropa demokratiyasının flaqmanlığına iddia edən bu dövlətin hazırki riyakar hakimiyyəti artıq bütün demokratik dəyərləri, insan hüquqlarına dair kriteriyaları ayaqlar altına ataraq öz mənafelərindən ötrü haqqı tapdamaqdan belə çəkinmir.

Tarixi boyu məzlum xalqları vəhşicəsinə istismar etməyə, geri qalmış ölkələrdə talançılığa vərdiş etmiş Fransanın müstəmləkəçilik siyasətinin iflasa uğraması onu daha da aqressivləşdirir. Afrikada, Yaxın Şərqdə istədiyi nəticələri ala bilməyən bu imperialist Avropa ölkəsinin Qafqaza atdığı qarmaqlar da boşa çıxır.

Son illərdə hərtərəfli inkişaf edərək regionun qüdrətli dövlətinə çevrilməyi bacarmış İlham Əliyev Azərbaycanının müstəqil siyasi xətt yeritməsi rəsmi Parisin bu bölgədə də arzularını gözündə qoyur. Cənubi Qafqaz regionundakı məkrli məqsədlərini reallaşdırmaq üçün Ermənistanın simasında yeni bir müstəmləkə tapan Makron Fransası bütün hüquqi-siyasi əndazələrini aşaraq ölkəmizə qarşı açıq-aydın təcavüzkar mövqe nümayiş etdirir.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılmış ATƏT Minsk qrupunun 30 illik həmsədrliyi müddətində rəsmi İrəvanın təcavüzkar siyasətini açıq şəkildə pisləməmiş, əksinə, konfliktin dondurulması üçün çalışmış Fransa və onun kimi dövlətlər onların siyasi məqsədlərinin və iradəsininin ziddinə olaraq Azərbaycanın öz qanuni və tarixi torpaqlarını geri almasını, BMT çərçivəsində tanınmış ərazisində suverenliyini tam bərpa etməsini sindirə bilmir, imperialist iddiaları iflasa uğramış qansoran xislətli müstəmləkəçiləri quduzlaşdırır.

Fransa prezidenti Makronun BMT Baş Assambleyasında ali tribunadan səsləndiriyi “Fransa Ermənistanla çiyin-çiyinə dayanır" bəyanatı Azərbaycana qarşı nahaq aqressiyadan doğan əsassız hikkənin ifadəsidir. Bizi Ermənistana təzyiqlərdə və ərazi gərginliyi yaratmaqda ittiham edərək böhtan atan Makronun təmsil etdiyi dövlət Azərbaycanının torpaqları işğal altında saxlanılan zaman bu sözləri rəsmi İrəvan haqqında demirdi. Çünki ona zəif Azərbaycan lazım idi ki, təbii sərvətlərini istismar edə, əlverişli geopolitik coğrafiyada istədiyini almaq üçün təzyiq göstərə bilsin.

Bu Makron Fransası adından səsləndirilən ilk belə bəyanat deyil. Makron başda olmaqla Fransanın bir çox rəsmiləri bu səpkidə çox açıqlamalar veriblər. Gülməli odur ki, Azərbaycanı öz vətəndaşına qarşı amansız davranan, hələ də vəhşi müstəmləkəçilik siyasətindən əl çəkməyən Fransa ittiham edir. O Fransa ki, tarixi məzlum xalqlara qarşı saysız-hesabsız amansız soyqırımı, qanlı istismar səhifələri ilə doludur. Bizi ərazi gərginliyi yaratmaqda ittiham edən dövlət öz daxilində Korsikanın müstəqillik səslərini uzun illərdir boğur. Afrikada və Yaxın Şərqdə geri qalmış ölkələrə qarşı işğalçılıq və istismarçılıq siyasətini davam etdirmək istəyi iflasa uğrasa da, Sakit okean, Karib hövzəsində bir çox xalqların torpaqlarını işğal altında saxlayır, müstəmləkə rejimi tətbiq edir.

Rəsmiləri bizi insan hüquqlarının pozulmasında ittiham edən ölkənin daxilində qara dərili əhaliyə ikinci sort insan kimi baxılır. Qaradərililərin yaşadığı kvartallar dövlətin qayğısından kənarda saxlanılır, onlar dövlət işlərində demək olar ki, irəli çəkilmir, daim aşağılanır. Etiraz aksiyaları amansızcasına dağıdılır, iştirakçılara qarşı zor tətbiq olunur, etirazçılar həbsə atılır.

Azərbaycanı ərazi gərginliyi yaratmaqda ittiham edən dövlətin terrorçuluğu maliyyələşdirməsi dəfələlərlə ifşa olunub. Lakin xarici və daxili siyasətdə məğlubiyyətlər seriyası yaşayan Makron Fransasının siyasi həyasızlığı sərhəd tanımır.

Diaspora.TV-nin
Analitik Qrupu

Şərhlər

Yaz...