Tarix: 23.06.2024 / 09:14

Londonda Azərbaycan evinə ehtiyac var

“Diasporla müsahibə” verilişinin növbəti qonağı Londonda yaşayan soydaşımız, Britaniya Azərbaycanlıları Assosiasiyasının rəhbəri, Britaniya Azərbaycanlıları Koordinasiya Şurasının üzvü Hafiz Baxşəliyev olub.

H.Baxşəliyev müsahibədə Londonda yaşayan soydaşlarımızın diaspor fəaliyyətindən və eləcə də sədri olduğu Britaniya Azərbaycanlıları Assosiasiyasının vəzifələrindən söz açıb.

H.Baxşəliyev bildirib ki, Londonda yaşayan güneyli və quzeyli soydaşlarımız azərbaycançılıq ideyalarının təbliğinin zəifliyindən narazı idilər:

“2020-ci ildə Tovuz döyüşləri və Polad Həşimov şəhidlik zirvəsinə ucaldıqdan sonra yeni cəmiyyət yaradılması üçün təkliflər oldu. İstəklərin çoxluğunu nəzərə alaraq bir araya yığışdıq və cəmiyyət təsis etdik. 2020-ci ilin iyul ayından fəaliyyətə başladıq və cəmiyyət üzvləri məni rəhbər seçdilər”.

Müsahibimizin sözlərinə görə, Britaniya Azərbaycanlıları Assosiasiyası yarandığı gündən etibarən kifayət qədər azərbaycanlıları öz ətrafında toplayaraq bir araya gətirməyi bacarıb:

“İkinci Qarabağ müharibəsi dövründə sosial şəbəkələr üzərindən xeyli qruplar yaratmışdıq. Hər hansı bir tədbir, aksiya, kiminsə sualı, problemi olardısa, həmin qrupa yazır və cavablandırırdıq. Ancaq fəaliyyətimizi yüksək səviyyədə davam etdirmək üçün Azərbaycan evinə ehtiyacımız var”.

H.Baxşəliyev qeyd edib ki, Londonda Azərbaycan evi açmaq əsas hədəfləridir:

“Londonda digər xalqlar özləri üçün icma quraraq fəaliyyət göstərir. Biz də istəyirik ki, daha çox soydaşımızı bir yerə toplayaq. Əvvəllər London Azərbaycan evinin sədri Ali Tekin Ataların binasından istifadə edirdik. Ancaq indi fəaliyyətimiz çox genişlənib. Böyük tədbirlərin təşkili, azərbaycanlı uşaqların da istifadə edə biləcəyi bir ev açmaq istəyirik ki, onlar rəqslə, Azərbaycan dilinin öyrənilməsi ilə məşğul ola bilsinlər, eyni zamanda da böyük tədbirlər keçirə bilək. Təkcə azərbaycanlılar deyil, digər ölkələrin nümayəndələrini də Azərbaycan evinə cəlb etmək istəyirik”.

H.Baxşəliyev əlavə edib ki, soydaşlarımız Azərbaycanın tanıdılması üçün çalışırlar:

“Bu istiqamətdə onların lobbi fəaliyyətləri də var. Hətta biz tədbirlərimizə lordları, bələdiyyə üzvlərini də dəvət edirik. Bir sözlə, Londonda fəaliyyət göstərən dövlət qurumları ilə yaxından əməkdaşlığımız davamlıdır. Çalışırıq ki, azərbaycanlılar ən azından yerli bələdiyyələrin İdarə Heyətinin üzvü olsunlar”.

Şərhlər

Yaz...