Tarix: 18.04.2024 / 10:20
Lobbiçilikdə axsaq ayağımız...  – Niyə geri gedirik?

Lobbiçilikdə axsaq ayağımız... – Niyə geri gedirik?

Dünya Azərbaycanlılarının birinci Qurultayının keçirildiyi tarixdən (9-10 noyabr 2001-ci il) 23 ilə yaxın vaxt keçsə də, diaspor quruculuğu istiqamətində yüksək səviyyəli konseptual sənədlər hazırlanıb təsdiqlənsə də, irimiqyaslı müxtəlif tədbirlər təşkil olunsa da, reallıqda əsaslı keyfiyyət dəyişiklikləri baş verməyib.

Ümummilli Lider Heydər Əliyev həmin Qurultayı çağırmaqda məqsədi xaricdə yaşayan azərbaycanlıların ümumi amal, vahid azərbaycançılıq ideyası ətrafında birləşdirilməsi, diaspor hərəkatında keyfiyyətcə yeni bir mərhələnin əsasını qoymaq, bu sahədə quruculuq və təşkilatlanmanın əhəmiyyətli dövlət dəstəyi ilə həyata keçirilməsi idi. Məhz bu məqsədlə - diasporla iş sahəsində dövlət siyasətinin həyata keçirilməsini təmin etmək üçün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi yaradılmışdı. Eyni zamanda 2002-ci ilin dekabrında təsdiqlənmiş "Xarici ölkələrdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" AR Qanunu ilə bu sahədəki prioritet istiqamətləri və hüquqi prinsipləri müəyyən edilmişdi.



Lakin təəssüf hissi ilə qeyd edək ki, əvvəlki yazılarda nəzərə çatdırdığımız obyektiv və subyektiv səbəblərdən bizim diaspor təşkilatlarımız “yumşaq güc”ə çevrilə bilmədi. Mürəkkəb geopolitik ziddiyyətlərin mərkəzində, beynəlxalq siyasi, iqtisadi və hərbi konfliktlərin fonunda böyük dövlətlərin ədalətsiz təzyiqləri ilə qarşı-qarşıya qaldığımız bir zamanda həmin “yumşaq güc”ə daha çox ehtiyac duyulur. Xüsusən dövlət və millət maraqları naminə məqsədlərə çatmaq üçün təbii formalardan hesab edilən lobbiçilik istiqamətində yarıtmaz fəaliyyətimizin, dünyanın siyasi mərkəzlərində dayaq tapa bilməməyimizin acı nəticələrini nəzərdən keçirdikdə, diaspor siyasətinə cavabdeh olan məmurları qınamamaq olmur.

Məhz vaxtında onların əsaslı iş qura bilməmələri, epizodik bağlantılara və xırda nailiyyətlərə arxayınlaşmaları bugünkü bərbad nəticəyə gətirib çıxaran əsas səbəblərdəndir. Halbuki, siyasətdə, xüsusən xarici siyasətdə arxayınlaşmaq olmaz. Sözügedən sahəyə məsul qurumlar və şəxslər mütləq şəkildə beynəlxalq siyasi-iqtisadi, hərbi, mədəni prosesləri diqqətlə izləməli və dərindən analiz etməli, siyasi gündəmin nəbzini tutmağı bacarmalı və lobbi fəaliyyətini buna uyğun qurmalı və inkişaf etdirməlidir. Lakin təəssüf ki, son vaxtlar ümumiyyətlə belə bir fəaliyyətin şahidi olmuruq.

Bəzi əlaqələrin qurulması, müəyyən nailiyyətlərin əldə olunması da müvafiq dövlət qurumlarımız tərəfindən aparılan siyasətin və görülən işin nəticəsi deyil, ayrı-ayrı ölkələrdə Prezident İlham Əliyevə xüsusi rəğbətin məntiqi sonucu idi.



Artıq bu sahədə konkret nəticələrə hesablanmış fəaliyyətə ehtiyac var. Bu sahəyə cavabdeh şəxslər əvvəl qurulmuş əlaqələri dövlətin nəzarətinə salaraq birbaşa əməkdaşlığı təmin etməlidirlər.

Başqa xalqların təmsilçiləri, xüsusən də mənfur qonşularımız lobbiçilik istiqamətində fəaliyyətlərini günbəgün genişləndirərkən, biz əksinə, geri gedirik. Çünki onlar şəxsi mənafelərdən çox millətin və dövlətin maraqlarını düşünərək əvvəlki əlaqələri nəinki qoruyub saxlayır, hətta möhkəmləndirir, yeni körpülər salır.

Siyasət fürsətlərdən düzgün faydalanmaq sənətidir. Diaspor təşkilatçılığının və koordinasiyasının strateji siyasət sahəsi olduğunu nəzərə alsaq, bu sahədə intellekt və maddi güclə yanaşı, vacib və ciddi keyfiyyət - siyasi fəhm və bacarıq tələb olunur. Biz isə nəinki fürsətləri dəyərləndirə, bunları heç görə də bilmirik.

Diaspora.TV-nin
Analitik Qrupu


Şərhlər

Yaz...