“Diaspora hər bir ölkənin ölkə xaricindəki üzüdür. Diaspora dövlət əhəmiyyətli məsələ olmaqla yanaşı, qarşılıqlı məsuliyyət tələb edən fəaliyyətdir. Diasporun mövcud olduğu ölkələrdə ilk növbədə fəaliyyəti Azərbaycan dövlətinin mənafeyini qorumaq üçün lobbiçiliyi yürütməkdir. Lobbiçilik isə həmin insanlardan milli təəssübkeşlik tələb edir. Hər belə fəaliyyətlə məşğul olan şəxslər dövlət mənafeyini şəxsi məsafədən üstün tutmağı bacarmalıdırlar”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında politoloq Azər Qasımov deyib. Onun sözlərinə görə, ölkədən kənarda yaşayan vətəndaşların lobbiçiliyə cəlb olunması üçün onların intellektual səviyyələrinə fikir verilməlidir:
“Çalışdıqları sahələrdə mövqeləri və fəaliyyətlərinin səviyyəsi nəzərə alınmalıdır. Təbii ki, belə insanların özündə lobbiçilik fəaliyyətinə maraq olmalıdır. Hər bir insan zatən yaşadığı ölkədə öz dövlətinin lobbiçisinə çevrilir. Bu insanların yaşadıqları ölkələrdə ictimai-siyasi proseslərdə iştirakını təşkil etmək daha çox həmin insanların entuziazmına qalan məsələdir”.
Politoloq qeyd edib ki, belə insanlarda milli ruh, milli düşüncə güclü olmalıdır:
“Dövlət maddi və mənəvi dəstək olmalı, əlaqələndirici qurum təyin etməli, müxtəlif tezisləri və Fəaliyyət Planını hazırlayıb onlara göndərməlidir. Məsələ ondadır ki, şəxsi insiativlə irəli getmək olar, amma bu, bir yerə qədər mümkündür. Dövlət dəstəyi olduqda isə daha yüksək yerlərə gəlmək mümkündür. Dövlət dəstəyi olan yerdə fəaliyyət də genişlənə bilər. Daha çox insan diaspora fəaliyyətinə cəlb oluna bilər. Onlar içərisində bir neçə aktiv insanın olması digərlərini də təşkil etməyə yetərli olar”.
Politoloq hesab edir ki, Azərbaycan vətəndaşlarının xaricdə yaşayanları ağıllı və intellektli insanlardır:
“Sadəcə onların arasından daha aktiv və təşkilatçılıq qabiliyyəti olanlarını seçib dövlətlə əlaqəsini qurmaq lazımdır”.
Jalə
Diaspora.TV