Tarix: 10.05.2024 / 13:51
Lobbiçilik istiqamətində işlər gedir, amma zəifdir-  Fəzail Ağamalı

Lobbiçilik istiqamətində işlər gedir, amma zəifdir- Fəzail Ağamalı

“Fikrimcə, lobbiçilik iki şəkildə formalaşa bilir. Bunlardan birincisi, diasporanın özünün lobbini formalaşdırmasıdır. Diaspor üzvləri yaşadıqları ölkələrdə vətəndaş olaraq hüquqlarının, milli kimliklərinin qorunması üçün mətbuatla, siyasətçilərlə, məmurlarla əlaqələr qurur və lobbisini yaradır”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında Ana Vətən Partiyasının sədri, millət vəkili Fəzail Ağamalı deyib. Onun sözlərinə görə, lobbilər də diasporun köməyinə söykənərək onların qaldırdıqları məsələlərin həllinə dəstək olur:

“Bunu da istər ölkə daxilində, istərsə də xaricdə mənsub olduqları millətin və dövlətin maraqları üçün edirlər”.

Partiya sədri qeyd etdi ki, dövlətin özünün xətti ilə yaradılan lobbi fəaliyyəti də var:

“Misal üçün, biz də olan Diasporla İş üzrə Dövlət Komitəsi kimi... Bu qurum da lobbiçiliyi formalaşdırır, əlaqələr qurur. Komitə ilə yanaşı, Xarici İşlər Nazirliyi, səfirliklərimiz bu və ya digər əlaqələrlə lobbiçiliyin yaranmasına özünün töhfəsini verir. Bizdə bu istiqamətdə proses gedir, amma zəifdir. Digər millətlərin lobbisinə nisbətən Azərbaycanın xaricdəki lobbiçiliyi zəifdir və bu da xaricdə yaşayan soydaşlarımızın kifayət qədər sosiallaşmamasında, təşkilatlanmamasında və ən əsası lobbiçilik üçün maliyyə imkanlarından kifayət qədər istifadə edilməməsindən qaynaqlanır. Bu amillər həyata keçirilərsə, nəzərə alınarsa, bizim güclü lobbimiz yarana bilər”.

F.Ağamalı təəssüflə vurğulayıb ki, bəzi diaspor təşkilatları həm lobbi məsələsində, həm də diasporanın formalaşmasında əsas ağırlığı Azərbaycan dövlətinin üzərinə yıxmağa çalışır:

“Bu doğru yanaşma deyil. Hər şeydən əvvəl xaricdə yaşayan dəyərli soydaşlarımız özləri yaşadıqları ölkələrdə kommunikasiyanı qurmalıdır. Çoxlu yerli jurnalistlərlə, qeyri-hökumət təşkilatı nümayəndələri, siyasətçiləri, məmurları və digər insanlarla əlaqəni qurmalı və yüksək dostluq münasibətləri yaradaraq onların imkanlarından həm orada öz hüquqlarını, həm də Azərbaycanın dövlət və milli maraqlarının qorunması üçün fəaliyyətlər həyata keçirməlidirlər”.

Bəxtiyar Məmmədli
Diaspora.TV


Şərhlər

Yaz...