Tarix: 23.08.2024 / 13:15
Lobbi işini gücləndirmək üçün yalan informasiyaları durdurmaq lazımdır  - Diaspor fəalı

Lobbi işini gücləndirmək üçün yalan informasiyaları durdurmaq lazımdır - Diaspor fəalı

“Xaricdə yaşayan azərbaycanlı kimi məni daha çox narahat edən məsələ inteqrasiya olmadan assimilə olmaq təhlükəsidir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Avropada ilk Azərbaycan teatrının qurucusu, İsveçdə yaşayan soydaşımız Sevinc Nəzərli deyib.

S.Nəzərlinin sözlərinə görə, post-sovet ölkələrindən gələn etnik xalqların inteqrasiya olması çətin prosesdir:

“Çox səbəbləri var. Bu haqda uzun müzakirə aparmaq olar. Bu prosesi bir az gözləmək və zamana buraxmaq lazımdır, 20 il sonra tam nəticə əldə edə biləcəyik. Bu xaricdə doğulan yeni ilk nəsildən asılı olacaq. Biz mühacirlər isə bunu bacarmadıq”.

“Yaşadığım ölkədən bir-iki misal gətirmək istəyirəm. Diaspora fəaliyyəti, görülən işlərin çoxu amatör, populizm, nəticəsiz olub. Səbəb isə inteqrasiya, maddi durumu, imkanları, yüksək olmayan insanların bu işlərə cəlb olunmasıdır. Xarici mətbuata çıxmaq, parlament kürsüsündə çıxış etmək kimi bir imkanımız yoxdur. Həmçinin xarici jurnalistlərlə, dövlət, iş və elm adamları ilə heç bir iş birliyimiz olmayıb, olubsa da bu yetərli deyil", -deyə o bildirib.

S.Nəzərli qeyd edib ki, lobbi işini gücləndirmək üçün yalan informasiyaları durdurmaq lazımdır:

“Azərbaycan mətbuatında araşdırılmadan, tanışlıqla yazılan populist və yalan məlumatlar bizim gələcək nəsillərə çox pis örnək oldu. Heç bir hüququ və siyasi savadı, statusu olmayan şəxsləri "Azərbaycanın xaricdəki səsi", “Azərbaycan həqiqətlərini dünyaya çatdıran insan" kimi qələmə verərək Azərbaycanı və xalqı illərdir gözdən salırlar. İllərdir bu məsələyə toxunuruq. Lobbi işini gücləndirmək üçün, əvvəla bütün yalanlara son qoymaq, ikinci nəsil ziyalı gənc kadrlarla sıx əlaqə yaratmaq, onların təkliflərini dinləmək və işbirliyi qurmaq lazımdır. Azərbaycan Prezidenti İlham Əliyev də dəfələrlə bu məsələyə toxunub, bu haqda danışıb, bunun üçün büdcə də ayrılıb. Çox təəssüflər olsun ki, nəticəsiz qalıb”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...