Krasnodar diyarının Korenovsk şəhərinin onlarla sakini kürd icmasının nümayəndələri ilə münaqişədən sonra “Ruslar, irəli” və “Rusiyaya eşq olsun!” millətçi şüarları ilə yürüş keçiriblər.
Diaspora.TV yerli teleqram kanallarına istinadən xəbər verir ki, münaqişə ötən bazar günü yüksək səsli musiqiyə irad tutulmasına görə şəhərin kürd icmasının nümayəndələri ilə ruslar arasında yaşanıb.
“Baza” teleqram kanalının məlumatına görə, birbaşa dava-dalaş iki nəfərin arasında olub, qalanları bunu kənardan seyr ediblər. Dalaşan iki nəfərdən biri “Rus icması” təşkilatının nümayəndəsi olub. Bu dava-dalaşdan sonra sosial media şəbəkələrində 40 nəfərdən ibarət kürd dəstəsinin 6 rus gəncə hücum etdiyinə dair xəbərlər yayılıb.
Hadisə yerinə polislərin gəldiyi və polisə əl qaldırmış kürdün bölməyə aparıldığı xəbər verilir.
“Kub Mash” teleqram kanalında saxlanan şəxsin videosu dərc olunub. O videoda söyüş söyür, qolundakı qandalın açılmasını və təcili tibb yardımı çağırılmasını tələb edir.
Məlumatda deyilir ki, polisə itaətsizliyinə görə gənc barədə xırda xuliqanlığa dair protokol tərtib edilib və o inzibati qaydada 5 sutkalıq həbs olunub.
Polis saxlanan şəxsin adını açıqlamır.
RIA Novosti xəbər verir ki, Korenovskdə polis nəfərinə hücuma görə cinayət işi açılıb. Kürd mənşəli Rusiya vətəndaşları yüksək səsli musiqiyə irad tutan kişini döyüblər.