Tarix: 17.07.2024 / 13:41
Koordinatorların bu gün nə etdiklərindən xəbər yoxdur  - Cəmiyyət sədri

Koordinatorların bu gün nə etdiklərindən xəbər yoxdur - Cəmiyyət sədri

“Diaspor fəaliyyəti göstərən təşkilatlar ən azından ildə bir-iki dəfə bir yerə yığışıb, görüşlər keçirib, beyin fırtınası etməlidirlər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında karate üzrə 6 qat Dünya, 3 qat Avropa, 7 qat Respublika çempionu, "Qara kəmər" sahibi və eyni zamanda Avstriya Azərbaycanları Cəmiyyətinin sədri Fərid Əzizov deyib.

F.Əzizovun sözlərinə görə, diaspor fəalları bir araya gəlib illik plan tərtib etməlidirlər:

"Danışıqlar aparılmalıdır ki, gələn il hansı işlə məşğul olacağıq? Diasporla İş üzrə Dövlət Komitəsi bunun üçün koordinasiya şuraları yaratdı. Ancaq koordinatorların bu gün nə etdiklərindən xəbər yoxdur. Adı var koordinatordur, amma nə etdiyini, niyə orada var olduğunu bilmirlər”.

“Eyni anda bir ölkədə iki yerdə tədbir ola bilər, amma bu tədbirlərdə heç kəsin bir-birindən xəbəri yoxdur. Koordinasiya rəhbərləri, bu işlə məşğul olanlar daim bir-biri ilə əlaqədə olmalıdırlar. Hansısa təşkilatın keçirilən tədbirdən xəbəri olmaya bilər, amma koordinatorlar bundan xəbərdar olub, təşkilatlara da məlumat verməlidir”, - deyə o bildirib.

Cəmiyyət sədri qeyd edib ki, hər dəfə bir ölkəni seçib, orada görüşlər təşkil edilməli, həmin tədbirdə də hər kəs öz fikrini, istəyini səsləndirməlidir.

“Bu gün var, yedik, durduq bitdi. Belə olmalı deyil. Bu gün büdcəmiz var, tədbir keçirək bitsin yox, biz ən azından strategiya, qarşımıza məqsəd qoymalıyıq. Bərabər fikirlər irəli sürməliyik”.

“Azərbaycan diasporunun bu il 22 yaşı tamam olur, amma son 5 ildir yaxşı işlər görülür, qarşıda isə görüləsi işlər çoxdur. Komitə sədri Fuad Muradovun gördüyü işlərin nəticəsində Azərbaycan diasporu canlandı. Bu gün Azərbaycan evləri dövlətimizin sayəsində dünyada öz sözünü deyir. Diasporla İş üzrə Dövlət Komitəsi bizə maddi dəstək olur və tədbirlərdə çox yaxından iştirak edir. Biz də Azərbaycanımızı tanıdır və təmsil edirik”, - deyə F.Əzizov bildirib.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...