Tarix: 11.07.2024 / 16:25
Koordinasiya yox dərəcəsindədir   - Türkiyədə yaşayan azərbaycanlı

Koordinasiya yox dərəcəsindədir - Türkiyədə yaşayan azərbaycanlı

“2011-ci ildən Türkiyədə işləyirəm. Azərbaycan türkü olaraq bura gəldiyim ilk gündən etibarən vətənimlə bağlı həqiqətləri Türkiyə ictimaiyyətinə çatdırmağa çalışmışam”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Kahramanmaraş Sütçü İmam Universitetinin müəllimi, dosent, siyasi elmlər üzrə fəlsəfə doktoru Mərziyə Məmmədli deyib.

Müsahibimiz əlavə edib ki, Qarabağ münaqişəsi, Xocalı faciəsi, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti ilə bağlı Türkiyə universitetlərində təşkil olunan konfranslarda çıxışlar edib:

“2011–2024-сü illər ərzində İstanbulda Mərmərə, İbn Haldun universitetlərində, Milli Müdafiə Universitetinin Ankarada yerləşən Hərb Məktəbində, Jandarma və Sahil Təhlükəsizliyi Akademiyasinda, İzmirdə 9 Eylül, Ege, Afyon Kocatəpə, Karabük, Kars, Karaman, Van 100. İl, Giresun, Kastamonu, Kayseri Ərciyəz, Adana Çukurova, Mərsin Çağ, Osmaniyə, Gaziantep, Düzcə, Bolu universitetlərində Azərbaycanın Türkiyədəki səfirliyinin təşkil etdiyi konfranslarda məruzəçi kimi iştirak etmişəm. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük müharibə zamanı Azərbaycan Türkiyə arasında imzalanan Şuşa Bəyannamasi, 2023-cü il Azərbaycanın 23 saatlıq hərbi əməliyyatlarının gedişatında TRT 1, TRT Haber, Habertürk, A haber, TVNET kimi respublika əhəmiyyətli televiziyaların Xəbərlər proqramında vəziyyəti analiz etməyə çalışmışam. Sadəcə, dövlət qurumlarının deyil, eyni zamanda ictimai dərnəklər olan Türk Ocaqları, Ülkü Ocaqları, bələdiyyələrin də təşkil etdiyi iclasların hamısında vətənimi layiqincə təmsil etmişəm”.

M.Məmmədli diaspora fəaliyyətində qarşılaşdığı problemlər barədə də danışıb:

“Əsas problem diaspora fəaliyyətinin hansı qurum tərəfindən aparılması məsələsidir. Təəssüf ki, bu ölkədə fəaliyyət göstərən xeyli sayda cəmiyyət və dərnəklərin arasında koordinasiya yox dərəcəsindədir. Bu səbəbdən onların fəaliyyətindən burada yaşayan vətəndaşlarımızın xəbəri olmur. Ayrıca, cəmiyyətləri və dərnəkləri quran insanlarımızın əksəriyyəti bir-birilə danışmadıqları üçün təşkil etdikləri konfranslardan da xəbərsiz olurlar”.

M.Məmmədli təklif edir ki, bu cəmiyyətlərin fəaliyyəti təftiş olunsun:

“Koordinasiya Şurası yaradılmalı və Türkiyədə Azərbaycanı təmsil edən insanlar bu Şura ətrafında birləşdirilməlidir”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...