Tarix: 01.08.2024 / 08:25
Koordinasiya və vahid idarəetmə ləğv edilməlidir   - Billurə Bernard

Koordinasiya və vahid idarəetmə ləğv edilməlidir - Billurə Bernard

“Ümumiyyətlə diaspor sahəsində koordinasiya və vahid idarəetmə ləğv edilməlidir, çünki hər ölkənin qanunları var”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Fransa vətəndaşı, Azərbaycan Dostları Cəmiyyətinin sədri, 9 il Nigeriyada, 2 ildir Anqolada Azərbaycan mədəniyyətini tanıdan fəal soydaşımız Billurə Bayramova Bernard deyib.

B.Bernardın sözlərinə görə, xaricdə yaşayan azərbaycanlılar ilə əməkdaşlıq artıq biznes, elm, incəsənət müstəvisində olmalıdır:

“Bu işlər daha professional şəkildə aparılmalıdır. Ölkənin tanıdılması ilə bağlı işlər azərbaycanlıların yaşadığı ölkələrin qanunlarına, tələblərinə uyğun aparılmalıdır. Bu gün çalışmalıyıq ki, Azərbaycan dili xaricdə yaşayan azərbaycanlılarla bərabər həmin ölkələrin vətəndaşlarına da öyrədilsin. Necə ki, “British Council”, “Alliance Française” bütün ölkələrdə bunu edir”.

“Diaspora dəstək iqtisadi məsələlərdə İqtisadiyyat, elm ilə bağlı Elm və Təhsil, idmanla bağlı Gənclər və İdman, turizmlə bağlı Turizm nazirliklərinin tabeliyinə verilməlidir. İllər öncə mən bu işlərin “ASAN Xidmət”in tərkibində bir pəncərə sistemi yaradaraq reallaşdırılması ideyasını irəli sürmüşdüm. Dövlət çalışmalıdır ki, xaricdə yaşayan diaspor fəallarımızın imkanlarından istər elmi, istər maddi cəhətdən istifadə etsin”, - deyə B.Bernard bildirib.

Sədrin fikrincə, çalışmalıyıq ki, Hindistan, Livan diasporaları kimi xaricdə qazanaraq ölkə adına işlər görülsün, cəlbedici layihələr Azərbaycana yönləndirilsin:

“Bir azərbaycanlı yaşadığı ölkədə biznes açırsa, xaricdə qazanıb onu ölkəsində xərcləyirsə, bu diaspora işidir. Bir azərbaycanlı xaricdə qazanıb və o qazancından ölkəsinin tanıdılması ilə bağlı və ya yaşadığı ölkənin istənilən bir işində sponsorluq edirsə, bu da artıq diaspora işi deməkdir”.

B.Bernard qeyd edib ki, Azərbaycan evlərinin qapısı tək azərbaycanlılara deyil, xarici vətəndaşların da üzünə açıq olmalıdır:

“Ora hər kəs üçün bir mədəniyyət mərkəzinə çevrilməlidir. İnsanlar orada asudə zamanlarını keçirə bilərlər. Bunların olması üçün bu mərkəzləri idarə edəcək, peşəkar insanlara ehtiyac var”.

Sədrin sözlərinə görə, koordinasiya şuraları, mərkəzləri idarə edənlər əvvəla özlərini şəxsi olaraq maddi cəhətdən təmin edən insanlar olmalıdır ki, bu və ya digər problemlər ortaya çıxmasın:

“Diaspora mövzusu çox genişdir. Bu mərkəzləri də idarə edən insanlar normal maaş almalı və işinin professionalı - idarəetmə, mədəniyyət, antropolgiya kimi sahələrdə təhsilli insanlar olmalıdırlar. Bundan başqa iqtisadi ticarət palataları da elə diasporanın iqtisadi tərəfdən işinin görülməsinə xidmət etməlidir. Əlbəttə ki, Azərbaycan məhsullarının xarici bazarlara çıxışını təmin etmək, investorları ölkəyə cəlb etmək daha faydalı olardı”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...