Tarix: 16.07.2024 / 19:21
Koordinasiya Şurasından özüm istefa verdim   - Diaspor sədri

Koordinasiya Şurasından özüm istefa verdim - Diaspor sədri

“Koordinasiya Şurasının yaradılmasına vaxtı ilə mən də müsbət yanaşmışdım. Hətta Skandinaviyada yaradılanda Fuad Muradov şəxsən özü məni Koordinasiya Şurasının əlaqələndiricisi seçmişdi. Sonra isə öz istəyimlə istefa etdim”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Norveçdə fəaliyyət göstərən “Can Azərbaycan” təşkilatının rəhbəri, dünya şöhrətli modelyer Şervin Nəcəfpur deyib.

Ş.Nəcəfpurun sözlərinə görə, komitə tərəfindən yaradılan Koordinasiya Şuraları effektiv işləmir:

“Əfsuslar olsun ki, hər birimiz koordinasiya məsələləri ilə bağlı problemləri 5 ildir müşahidə edirik. Adı var, özü yoxdur, heç bir ölkədə qeydiyyatdan keçməyiblər”.

Təşkilat rəhbərinin fikrincə, soydaşlarımız yəhudilərin yaratdığı formadan çox yaxşı istifadə edə bilərdi, amma etmədilər. Ş.Nəcəfpur bildirib ki, vətənimizin tanıdılması və diasporlarla koordinasiyanın qurulması istiqamətində Azərbaycanın hər formada imkanları var:

“Düşünürəm ki, öz imkanlarımızdan istifadə etməklə koordinasiya qurub bundan yararlana bilərik. Nədənsə biz bu potensialımızdan istifadə edə bilmirik. Digər əsas məsələ də budur ki, Azərbaycanın rəsmi nümayəndələri hər ölkədə yoxdur. Burada diplomatik səbəblər də var, eyni zamanda müəyyən yerlər var ki, uyğun bilmirlər. Yaxud da münasibətlər o dərəcədə pisdir ki, düşünürlər bu bizə lazım deyil”.

Diaspor rəhbərinin sözlərinə görə, yaxşı olardı ki, hər ölkədə rəsmi treninqlərdən keçmiş, hətta yaşadığı ölkədə yerli xalq içində nüfuza sahib birisi belə vəzifələrə təyin olunsunlar:

“Kiçik də olsa bir komanda olmalıdır. Buna Avstraliyada ermənilər nail ola biliblər və uğurlu alınıb. Onlar ən böyük şəhərlərdə bir rəsmi nümayəndə - yəni, xaricdə doğulub, böyüyənlər, ya da yaşayanlardan ibarət şəxsləri seçiblər. Bu treninqdən sonra onlara maaş da ayırıblar ki, işləri-gücləri yalnız ölkələr arasında münasibətləri yaxşı qurmağa sərf etsinlər və lobbiçiliklə məşğul olsunlar. Mən də elə düşünürəm ki, bizim də buna ehtiyacımız var”.

Xəyalə Zöhrab
Diaspora.TV


Şərhlər

Yaz...