Tarix: 13.08.2024 / 14:32
Konsulluqların sayının artırılmasına ehtiyac var   - Politoloq

Konsulluqların sayının artırılmasına ehtiyac var - Politoloq

“Azərbaycanlılar çox yaşadığı, xüsusilə Rusiya başda olmaqla MDB ölkələrində konsulluq xidmətlərinin sayının artırılmasına ehtiyac var”.

Bu sözləri Diaspora.TV-yə politoloq Asif Nərimanlı deyib. Onun sözlərinə görə, bu zərurət soydaşlarımızın çoxsaylı olması ilə yanaşı, ərazinin böyüklüyündən də irəli gəlir:

“Misal üçün, Rusiya və Qazaxıstan kimi ölkələrdə çoxsaylı azərbaycanlılar yaşayır. Soydaşlarımız bu ölkələrin bütün bölgələrinə səpələniblər. Ərazinin böyüklüyü soydaşlarımıza göstərilən konsulluq xidmətlərində də çətinlik yaradır. Misal üçün, Rusiyanın Sankt-Peterburq və Yekaterinburq şəhərlərində konsulluq xidmətimiz fəaliyyət göstərir. Amma nəzərə almaq lazımdır ki, Rusiya böyük ərazisi olan ölkədir və ucqarlarda da belə soydaşlarımız yaşayır. Sibir bölgəsindəki azərbaycanlının konsulluq xidməti üçün bu şəhərlərə gəlişi təbii ki, çətinlik yaradır. Yaxud Qazaxıstanda konsulluq xidməti Aktauda fəaliyyət göstərir, halbuki, bu ölkənin demək olar ki, əksər ərazilərində azərbaycanlılar yaşayır”.

Politoloq bildirib ki, bir konsulluq xidməti daha yaxşı xidmət göstərilməsində problemlər yaradır:

“Bu vəziyyət digər ölkələrdə də var. Hesab edirəm ki, azərbaycanlıların yaşadığı ölkələrdə onların sayını və həmin ölkənin ərazi miqyasını nəzərə almaqla, konsulluq xidmətlərinin sayının artırılmasına zərurət var. Konsulluq xidmətlərinin iş prinsiplərinin “Asan xidmət” modelinə keçməsi də mümkündür. Təbii ki, bu konsulluğun fəaliyyət göstərdiyi ölkələrlə razılaşdırılan amildir. Lakin belə bir modelin tətbiq edilməsi Azərbaycan vətəndaşlarına göstərilən xidmətin səviyyəsini yüksəldə və asanlaşdıra bilər”.

A.Nərimanlı hesab edir ki, bu, eyni zamanda, onlayn xidmətin göstərilməsi imkanlarını da artıra bilər:

“Azərbaycanlılar uzaq məsafə qət etmək əvəzinə, onlayn xidmət əsasında da problemlərini həll edə bilərlər. Təbii ki, onlayn xidmət daha çox sənədlərlə bağlı məsələlərdə tətbiq edilməlidir. Misal üçün, bir ölkədə yaşayan Azərbaycan vətəndaşının pasportunun vaxtı bitdikdə, onun dəyişdirilməsi üçün uzaq məsafə qət edərək, konsulluq xidmətinə gəlməkdənsə, bu işi onlayn qaydada etməsi daha yaxşı olardı”.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...