Tarix: 26.04.2024 / 11:14
Komitənin Gürcüstanda dəstək verdiyi təşkilatlar özünü doğrultmayıb  - Azad Kərimov

Komitənin Gürcüstanda dəstək verdiyi təşkilatlar özünü doğrultmayıb - Azad Kərimov

“Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində ardıcıl və prinsipial siyasət həyata keçirilir”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Gürcüstanın “Vahid Milli Hərəkatın”ın Marneuli rayon təşkilatının sədri Azad Kərimov bildirib.

Təşkilat sədri qeyd edib ki, Azərbaycan həqiqətlərini gürcü cəmiyyətinə tanıdılmasında çoxlu işlər görülüb:

“Buna baxmayaraq problemlər çoxdur. Diasporla İş üzrə Dövlət Komitəsinin Gürcüstanda dəstək verdiyi təşkilatlar özlərini doğrultmayıb. Əlbəttə, komitə sədri Fuad Muradovun gördüyü işlər təqdirəlayiqdir. Ancaq çox təəssüflər olsun ki, Gürcüstanda onlarla təşkilat və yerli medialara verilən dəstək effekt vermir. Çünki bəzi diaspor rəhbərlərinin öz şəxsi mənafeləri naminə fəaliyyət göstərmələri təşkitaları çox zəiflədib. Artıq azərbaycanlılar onlara inanmır. Azərbaycanı belə nüfuzdan salan insanlar niyə təşkilat rəhbəri təyin edilib? Vətən, millət sevgisi, biliyi və bacarığı olan insanlar kənarda qalıb, Bakıda vəzifəli tanışı olanlar təşkilat rəhbəri olub. Bu da heç xoş deyil”.

A.Kərimov əlavə edib ki, Azərbaycanın tanıdılması üçün gəncləri bir araya gətirir və onları müxtəlif tədbirlərə cəlb edirlər:

“Vətənini sevən, bacarıqlı gənclərimiz çoxdur. Lakin Azərbaycandan dəstək alan buradakı diaspor təşkilatları bizi tədbirlərinə dəvət etmirlər. Necə olur ki, ən çox insan resursuna sahib olduğumuz halda bizə dəstək verilmir? Bəzi buradakı “sapı özümüzdən olan baltalar” Azərbaycanı gözdən salmağa çalışırlar. Onu da qeyd edim ki, gənclərin ictimai-siyasi dairələrdə və mediada təmsil olunması məsələsi ürəkaçan vəziyyətdə deyil. Onların bu istiqamətdə maraqlı olması üçün dəstək lazımdır. Çünki gənclərimiz maddi sıxıntılar içərisindədir və bu da onların diqqətini ümummilli məsələlərdən yayındırır”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...