“20 ildir Hollandiyada yaşayıram. Ailəmlə bərabər Azərbaycan naminə bəzi işlər görmüşük. Qızım siyasətçi, həyat yoldaşım isə hollandiyalı keçmiş futbolçudur. O Qarabağı, Azərbaycanı çox sevir, mənə hər zaman maddi-mənəvi dəstək olur”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında xoreqraf, rəqqasə, 20 ildir Avropada yaşayan soydaşımız Səltənət Rəvanqızı deyib.
S.Rəvanqızının sözlərinə görə, 2021-ci ilin aprel ayında Azərbaycanda mina probleminə diqqət çəkmək üçün, öz təşkilatçılığı ilə Amsterdamda tədbir keçirib:
“Mina problemi bizim ailənin əsas məsələsidir. O zaman Azərbaycanın adını yazdırmaq çox çətin idi. Biz isə təyyarəni qaldırdıq və üstündə “Azərbaycanı minalardan azad edin” sloqanı ilə aksiya keçirtdik. Mən bu yaxınlarda Hollandiyanın poçt şirkəti ilə açıqca layihəsinə başladım və ilk açıqca Hollandiyanın keçmiş baş naziri, NATO-nun Baş katibinə göndərildi. Təbrik məktubunda, Ermənistanın Azərbaycana mina xəritəsinin verməməsi, minlərlə insanın minaya düşərək ölməsi, ətraf mühitə və canlılara dəyən ziyandan bəhs edilib”.
“2022-ci ildə Belçikanın “APOPA” təşkilatı ilə əlaqə saxladım. Minatəmizləyən Siçovulları Qarabağa şəxsən özüm gətirmək istəyirdim, lakin “APOPA” təşkilatı dövlət orqanları ilə bunu etdiyi və sıravi insanlar bunu edə bilmədiyi üçün ANAMA-ya zəng edərək koordinatları verdim və əlaqə yaratdım. Bu haqqda ''Bakinskiy rabociy" qəzetində də məlumat paylaşılmışdır”, - deyə müsahibimiz qeyd edib.
Diaspor fəalı bildirib ki, 4 ildən artıqdır Niderlandın poçt şirkəti ilə rəsmi formada marka çıxarır:
“Bunu həm beynəlxalq səviyyədə, həm də ölkə daxilində həyata keçirirəm. Gördüyümüz işlərlə yanaşı, Xocalı faciəsi bizim ailənin yaralı yeridir. Qızım Xocalı faciəsi və mina ilə əlaqədar 6 səhifəlik qətnamə hazırlayıb, Sosialistlər Partiyasının rəhbərliyinə, parlamentə təqdim edib”.
S.Rəvanqızının bildirib ki, bu ilin yanvarında Amsterdamın Dam meydanında Xocalı soyqırımına həsr olunan aksiya keçiriblər:
“Bu illər ərzində belə bir aksiya olmamışdı. Sözümüzü çox insana çatdırdıq. Biz burada başqa xalqların nümayəndələri ilə də əlaqələr qururuq. Əsas məqsədimiz körpü yaratmaqdır. Həm mədəniyyət, həm musiqi, həm də rəqslərimiz vasitəsilə də buna çalışırıq”.
“Ötən il Əməkdar incəsənət xadimi Fəxriyyə Xələfovanın dəstəyi ilə Azərbaycanda biz bir layihə həyata keçirdik. Burada yəhudilər çoxdur, lakin Azərbaycanda olan yəhudilərdən çox da xəbərdar deyillər. Bu səbəbdən onlara, Azərbaycanı tanıtmağa çalışdıq. Bildirdik ki, Azərbaycan multikultural ölkədir. Buna nümunə də Qubanın Qırmızı qəsəbəni göstərdik. Fəxriyyə xanımla buradakı yəhudi icmasının rəhbərini Qubaya apardıq. Xeyli yeri gəzdirdik, bir cox tədbirlərə qatıldıq. Muzeyləri, məktəbləri, sinaqoqları ziyarət etdik. Azərbaycan haqqında dəqiq informasiyaları paylaşdıq”, - deyə o bildirib.
S.Rəvanqızı qeyd edib ki, diaspor fəaliyyətində qarşılaşdıqları əsas problemlərdən biri layihələrinin oğurlanması, işlərinin başqaları tərəfindən mənimsənilməsidir:
“Diasporla İş üzrə Dövlət Komitəsində bəzi şəxslər öz səlahiyyətlərindən sui-istifadə edərək Azərbaycanın xeyrinə olan işlərə maneçilik törədirlər. Niderlandda, Amerikada və Türkiyədə kifayət qədər tanınan müğənni Karsu ilə münasibətlərimiz var. Hətta 2021-ci ildə Karsunu Diasporla İş üzrə Dövlət Komitəsinin konqresinə dəvət etdim. Orada Fuad Muradovla görüşdü. Çox istərdim ki, Azərbaycan haqqında məlumat paylaşsın. F.Muradov da dəstək oldu, dedi nə lazımdırsa edəcəyik. Orada çəkilən fotoları Karsu paylaşmaq istədi, lakin onun fotosunu paylaşmadılar, komitə tərəfindən onunla görüş barədə heç bir məlumat yaymadılar”.
Xəyalə Zöhrab
Diaspora.TV