Tarix: 01.08.2024 / 15:26
Komitə və diaspor rəhbərləri bu məsələdə fəaliyyətsizdir  - Dosent

Komitə və diaspor rəhbərləri bu məsələdə fəaliyyətsizdir - Dosent

“Xaricdə olan diplomatik nümayəndəliklər Azərbaycan diasporu ilə sıx şəkildə əlaqə qurmalı və orada yaşayan həmvətənlərimizin maariflənməsi üçün uşaqları “Bazar günü” məktəblərinə cəlb etməlidirlər”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Elm və Təhsil Nazirliyinin İdarəetmə Sistemləri İnstitutunun aparıcı elmi işçisi, iqtisad üzrə fəlsəfə doktoru, dosent Səyyad Ağayev deyib. O, bildirib ki, ilk növbədə bu məsələdə dövlət maraqlı olmalıdır:

“Belə bir nümunə qardaş Türkiyə və qonşu Rusiyada var. Düşünürəm ki, azərbaycanlılar bu iki ölkədə daha çox yaşadıqları üçün bu mümkün olub. Amma dünyada, xüsusilə Avropa ölkələrində belə nümunə olmadığı üçün Ana dilimizin assimlyasiya prosesinə məruz qaldığı göz önündədir. Məsələn, inkişaf etmiş ölkələrdə təhsil almış gənclər Ana dilini unudur”.

Səyyad Ağayev təəssüf hissi ilə təhsilini uğurla başa vurub vətənə qayıdan gənclərin öz doğma Ana dilində danışmaqda çətinlik çəkdiklərini vurğulayıb:

“Təəssüf hissi ilə qeyd edim ki, bu kateqoriyadan olanların əksəriyyəti Azərbaycanda yüksək vəzifə təyinatı alsalar belə nitqləri Azərbaycan dilində qüsurlu səslənir, fikirlərini doğma dildə ifadə etməyi bacarmırlar. Bunun üçün ilk növbədə xaricdə Ana dili məktəblərinin açılmasında Diasporla İş üzrə Dövlət Komitəsi və xarici ölkələrdə yaşayan diaspor rəhbərləri olduqca fəaliyyətsizdirlər. Azərbaycan dili xalq olaraq varlığımızın təsdiqidir. Onu sevmək, yaşatmaq hər birimizin müqəddəs borcu olmalıdır”.

Xatırladaq ki, avqustun 1-də Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü qeyd edilir. Bu əlamətdar gün Ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Ulu öndər həmin Fərmanı latın qrafikalı Azərbaycan əlifbasına keçidin ölkəmizdə 2001-ci ilin avqustunda bütövlükdə təmin edildiyini və yeni əlifbadan istifadənin müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq imzalayıb.

Jalə
Diaspora.TV

Şərhlər

Yaz...