Tarix: 22.10.2024 / 19:20
Kiyevdə Azərbaycan restoranında  “Molotov kokteyli” və “Saatlı partlayıcı” həyəcanı

Kiyevdə Azərbaycan restoranında “Molotov kokteyli” və “Saatlı partlayıcı” həyəcanı

Ukraynanın paytaxtı Kiyev şəhərində, Antonoviça küçəsi 111/17 ünvanında fəaliyyət göstərən “Daş kafe” adlı Azərbaycan restoranına “Saatlı partlayıcı” yerləşdirilib.

Diaspora.TV-nin əldə etdiyi məlumata görə, hadisə sentyabrın sonlarında baş verib. Belə ki, təmizlik işçisinin sayıqlığı nəticəsində restoranın sanitar qovşağına qoyulan “saatlı partlayıcı” xüsusi qrupun köməyi ilə zərərsizləşdirilib, insanlar təxliyə olunub.

Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırmalara başlayıb.

Bu hadisədən 10-15 gün sonra, təxminən oktyabrın əvvəllərində “Daş kafe”yə yenidən hücum olub. Bu dəfə restorana “Molotov kokteyli” atmağa cəhd olunub. Cinayətkar əvvəl restoranın şüşəsini uzaqdan daş parçası ilə sındırıb, daha sonra isə “Molotov kokteyli”ni içəri atmağa cəhd edib. Lakin bu dəfə də xoşbəxtlikdən kustar üsulla hazırlanan partlayıcı pəncərənin yan şüşəsinə dəyərək yerə düşüb.

Qeyd edək ki, restoranlar şəbəkəsi olan “Daş kafe” Ukraynada və bir çox ölkədə fəaliyyət göstərir. Restoranın sahiblərindən birinin karate üzrə Dünya çempionu, Fövqəladə Hallar Nazirliyinin İdman Sağlamlıq Mərkəzinin rəisi Füzuli Musayev olduğu iddia edilir.

F.Musayev Diaspora.TV-yə hadisəyə münasibət bildirməkdən imtina edib.

Qeyd edək ki, ard-arda baş verən bu hücumun qisasçılıq zəminində baş verdiyi ehtimal olunur.

Maraqlıdır, müştərilərinin böyük əksəriyyətinin soydaşlarımız olduğu Azərbaycan restoranında azərbaycanlıların qanına susayan kimdir?

Maraqlı məlumatlar əldə etmişik, mövzu ilə bağlı araşdırmalarımız davam edir.

Şərhlər

Yaz...