Tarix: 10.12.2024 / 12:53
Kişineuda "Xarıbülbül" Azərbaycan-Moldova dostluq    xiyabanı salınıb

Kişineuda "Xarıbülbül" Azərbaycan-Moldova dostluq xiyabanı salınıb

Moldova Azərbaycanlıları Konqresi (MAK) ictimai təşkilatının təşəbbüsü, Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi və Kişineu Bələdiyyəsinin birgə əməkdaşlığı çərçivəsində "Xarıbülbül" Azərbaycan-Moldova dostluq xiyabanı salınıb.

Diaspora.TV xəbər verir ki, tədbirdə MAK-ın sədri Elçin Bayramov və təşkilatın nümayəndələri, Azərbaycanın Moldovadakı səfiri Ülvi Baxşəliyev, Moldova Parlamenti üzvü və Moldova-Azərbaycan parlament dostluq qrupunun sədri Vitaliy Jakot, Moldovanın Ekologiya Nazirliyinin dövlət katibi Georqe Xadcer, Kişineunun vitse-prezidenti İrina Qutnik, eləcə də bələdiyyə nümayəndəsi Dmitri Gorelko iştirak edib.

Aksiya qlobal iqlim dəyişikliyi problemlərinin həllinə dünya ictimaiyyətinin diqqətini cəlb etməyə çağıran BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasından (COP29) ilhamlanıb.

Xiyabanın salınması iki mərhələdə həyata keçirilib. İlk olaraq noyabrın 8-də MAK və Kişinyov bələdiyyəsinin nümayəndələri dekorativ "Malus Red Royalty" növünə aid alma ağacları əkiblər. İkinci mərhələ dekabrın 4-də daha 11 ağacın əkilməsi və xiyabanın açılış mərasiminin təşkil olunması ilə başa çatıb.

Açılış nitqi ilə çıxış edən Elçin Bayramov, eləcə də digər iştirakçılar Azərbaycan və Moldova arasında dostluq əlaqələrinin möhkəmlənməsinin əhəmiyyətindən danışıb, belə ekoloji təşəbbüslərin həm şəhərin abadlaşmasına, həm də xalqlar arasında dostluğun güclənməsinə töhfə verdiyini vurğulayıb.

Aksiya ağacların əkilməsi və xiyabanın abidə lövhəsinin quraşdırılması ilə sona çatıb.

Qeyd edək ki, məlumatı Diasporla İş üzrə Dövlət Komitəsi yayıb.



Şərhlər

Yaz...