Tarix: 10.06.2024 / 12:14
Kimsə çıxıb doğruları deməlidir…   - TƏNQİD

Kimsə çıxıb doğruları deməlidir… - TƏNQİD

“Gürcüstanda yaşayan azərbaycanlılar diaspor deyil, köklü xalqdır. Ümummilli lider Heydər Əliyev də hər zaman Gürcüstan azərbaycanlılarıyla görüşəndə bu barədə danışırdı. Tarix boyu burada yaşamışıq və bura bizim vətənimizdir. Gürcüstanda azərbaycançılıq ideyaları, lobbiçilik və Azərbaycan həqiqətləri ilə bağlı müəyyən işlər görmüşük. Azərbaycandan kənarda yaşayan hər kəs həm yaşadığı ölkəni, həm də öz xalqını sevməli, onu tanıtmaq üçün əlindən gələni əsirgəməməlidir. Biz 2006-cı ildən müxtəlif gənclər təşkilatlarında təmsil olunan zaman çox sayda tədbirlər və layihələr keçirirdik. Təəssüflər olsun ki, təşkilatımızın fəaliyyəti dayandırıldı”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Gürcüstanın Marneuli şəhər Bələdiyyəsinin Məclis üzvü, siyasətçi Nərgiz Əliyeva deyib.

N.Əliyeva uzun illər bu istiqamətdə fəaliyyət göstərən biri kimi hazırda diasporların fəaliyyətində bəzi axsaqlıqların olduğunu düşünür:

“Bəlkə də dediklərim tənqid hesab olunacaq, bilmirəm. Mən hazırda siyasətlə məşğul oluram, amma fəaliyyət istiqamətimin dəyişməsi o demək deyil ki, diasporlarımızın mövcud durumu ilə maraqlanmıram. Əksinə, Azərbaycanı və onun mədəniyyətini təbliğ edənləri indi daha çox izləyir və bu qənaətə gəlirəm ki, diasporamız əvvəlki qədər fəal deyil. Bu günə nəzər salsaq biz artıq ərazi bütövlüyünü tam bərpa etmiş Azərbaycana sahibiyik. Müzəffər Azərbaycan ordusu, vətənpərvər xalqımız və Ali Baş Komandan İlham Əliyevin düzgün siyasəti nəticəsində xalq olaraq bu qüruru yaşadıq. Biz də komanda yoldaşlarımızla hər zaman Qarabağın azad olacağına inanır, bu istiqamətdə əlimizdən gələn işləri görürdük. Ancaq bu o demək deyil ki, artıq Azərbaycanın tanıdılmasına gərək yoxdur. Tam əksi, bundan sonra xalqımızın mədəniyyətini, tarixini tanıtmaq üçün daha çox çalışmalıyıq”.

N.Əliyeva qeyd edib ki, uzun illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya Ədalət” kampaniyasında şəxsən iştirak edib, tədbirlər və aksiyaların təşəbbüskarı olub, Qarabağ həqiqətlərini Gürcüstanda yüksək səviyyədə tanıdıb.

Azərbaycanın Gürcüstandakı səfirliyinin fəaliyyətindən razılığını ifadə edən N.Əliyeva səfir Faiq Quliyevin azərbaycanlıları bir araya topladığını vurğulayıb:

“Ədalət naminə qeyd edim ki, səfirimiz problemlərin həlli istiqamətində səylər göstərir. Diplomatik nümayəndəliyimiz mədəniyyətimizi daha geniş istiqamətdə təqdim etmək üçün əllərindən gələni edirlər”.



Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradova böyük hörməti olduğunu ifadə edən N.Əliyeva onunla şəxsi tanışlığını da etiraf edib:

“Ancaq doğruları danışmağa qalsa, bu gün diaspor fəaliyyətindən o qədər də razı deyiləm. Çünki mən dünyadakı təşkilatlanma prosesini izləyir və görürəm ki, müəyyən işlər görülür, ancaq bu yetərli deyil. Bizim çox zəngin mədəniyyətimiz və adət-ənənələrimiz, yəni dünayaya çatdırılacaq çoxlu mesajımız var. Fikrimcə, bu işə gənclərimiz cəlb olunmalı, diasporamız daha da möhkəmləndirilməlidir. Kiçik layihələrlə uzunmüddətli nəticələr əldə edə bilmərik, düşünürəm ki, xaricdə yaşayan soydaşlarımız dinlənilməli, problemləri həll olunmalıdır. Düzgün koordinasiya qurmaq, yerli cəmiyyətlərə inteqrasiya etmək vacibdir”.

N.Əliyeva əlavə edib ki, tənqid olmasa inkişaf da olmaz, bu səbəbdən də kimsə çıxıb doğruları deməlidir:

“Gürcüstanda 350 təşkilat var. Hansılar ki, sırf Azərbaycanla bağlı fəaliyyət göstərmək üçün qeydiyyatdan keçiblər. Bir-bir ad çəkmək istəmirəm. Ancaq o qədər təşkilatdan barmaqla sayılacaq qədəri aktivdir. Bu gün bizim Gürcüstanda olan təşkilatlarımızın işi ya hansısa kurs, ya da dərs keçməkdir. Əlbəttə, bu da lazımdır, ancaq inteqrasiya sahəsi balaca uşaqları bir araya toplamaqla bitməli deyil. İcmalarımızın problemləri, görüləcək başqa işlər var. Az deyilik, Gürcüstanda yarım milyon azərbaycanlı yaşayır”.

N.Əliyeva qeyd edib ki, Heydər Əliyev Fondu tərəfindən Gürcüstanda icmaya hədiyyə olunmuş binaların otaqları icarəyə verilir:

“Bu həqiqətən də biabırçılıqdır! Bunu kimsə deməli, çatdırmalıdır. Azərbaycan dövlətinin soydaşları üçün yaratdığı şəraitdən bu cür istifadə etmək doğru deyil. Bu cür faktlar da Diasporla İş üzrə Dövlət Komitəsi haqqında yaxşı fikirlər formalaşdırmır”.

N.Əliyeva Gürcüstanda Azərbaycan dilinin təbliğinin artırılmasını da təklif edib:

“Gürcüstanda elə şəhərlər var ki, heç Azərbaycan dilində danışa bilmirlər. İnteqrasiya istiqamətində layihələr həyata keçirmək olar. Necə ki, biz əvvəl bu istiqamətdə layihələr təşkil edirdik və eyni zamanda da mediaya dəstək istiqamətində də çalışmaq lazımdır. Gəlib oturub bütün icma nümayəndələri, ziyalılar, gənclər, siyasilərlə ciddi müzakirələr aparmalıdırlar. İllərdir Qarabağın qayıtması üçün çalışanların, bu yolda əlindən gələni edənlərin Qarabağı görməməyi buradakı bir çox insanlarımızı incik salır. Düşünürəm ki, iradlarım düzgün qiymətləndiriləcək”.



N.Əliyeva hesab edir ki, Azərbaycan dövləti Gürcüstandakı azərbaycanlılara dəstək üçün müəyyən addımlar atıb, uğurlu layihələr üzərində işləyib:

“Heydər Əliyev Fondu tərəfindən məktəblərin, məscidlərin təmiri, səhiyyə istiqamətində müəyyən yardımlar, mərkəzlərin tikintisi həyata keçirilib. Eyni zamanda SOCAR-ın müəyyən layihələri var. Onlardan biri də Gürcüstan azərbaycanlısı olan tələbələrin təhsil haqqının ödənməsi idi. Bu layihə həqiqətən də gənclər üçün böyük dəstəkdir. Əlbəttə, biz Gürcüstan vətəndaşıyıq, Azərbaycandan nələrisə tələb edə bilmərik, biz yalnız görülən işlərə görə minnətdarlıq bildirə bilərik”.

Siyasətçi əlavə edib ki, hər bir azərbaycanlının uğuruna sevinirlər:

“Arzu edirəm ki, diaspora sahəsində də uğurlu olaq. Biz çox vətənpərvər və mədəniyyəti zəngin olan xalqıq. Hər zaman qürurla və böyük fəxr hissi ilə azərbaycanlı olduğumuzu dilə gətiririk”.

Xəyalə Zöhrab
Diaspora.TV

Şərhlər

Yaz...