Tarix: 04.04.2024 / 12:04
“Kardaşyanda olan qeyrət onlarda olmadı”  – Toğrul Allahverdili

“Kardaşyanda olan qeyrət onlarda olmadı” – Toğrul Allahverdili


“İnternet, tez-tez dəyişən informasiya və davamlı yeniliklər dövründə yaşayırıq. Amma çox təəsüflər olsun ki, xaricdə yaşayan soydaşlarımızın çoxu bundan ancaq şəxsi maraqları üçün istifadə edirlər”.

Bu fikirləri Diaspora.tv-yə açıqlamasında “Gənclərin Təşəbbüsünə və İnkişafına Dəstək” İctimai Birliyinin sədri Toğrul Allahverdili deyib.

T.Allahverdili bildirib ki, onlar özlərinə gəldikdə, şəxsi marağı və ya narazı olduqları məsələlərlə bağlı sosial şəbəkələrdə yetərincə məlumatlar yayırlar:

“Ancaq milli maraq və məsələlərdə susurlar. Bu da informasiya müharibəsində mənfur düşmənə qarşı uduzmağımıza səbəb olur. Son antiterror əməliyyatları zamanı xaricdə yaşayan soydaşlarımız sinifdə qaldı. Ermənilər aləmi bir-birinə qatdılar. Amma bizim bütün gün boy-boy şəkillər paylaşan diaspor fəallarımız, xaricdə yaşayan blogerlərimiz, iş adamlarımız və tanınmış incəsənət xadimlərimiz susdular. Bəzi xaricdə yaşayan sənət adamlarımız, məhşur oliqarx blogerlərimiz yaşadıqları ölkədə insanlara pul paylayır və ya maşın hədiyyə edirdilər. Xüsusən də bu sözlər Rusiyada yaşayan blogerlərə aiddir. Kardaşyanda olan qeyrət onlarda olmadı. Ən azından bir paylaşım edib millətə dəstək verə bilərdilər. Bunları nəzərə alaraq deyirəm ki, bizim diasporumuz sinifdə qaldı”.

T.Allahverdili vurğulayıb ki, Rusiyada yaşayan tanınmış azərbaycanlı bloger Hüseyn və digərləri ikinci Qarabağ savaşında paylaşım etməkdən çəkinirdilər:

“Hətta paylaşım edəndə də qorxa-qorxa etdikəri hiss olunurdu. Erməni izləyicilərini və Rusiyada yaşayan erməni sevgililərini itirməkdən qorxurdular. Bu bədbəxtliyə son qoyulmasa, biz informasiya savaşında uğur əldə edə bilməyəcəyik. Azərbaycanda bir sıra gənclər və qeyri-hökümət təşkilatları, blogerlər aktivlik göstərirlər. Ancaq biz öz kütləmizə işləyirik. Bizi Amerikada izləyən yoxdur, amma bizim xaricdə dünyaca məşhur soydaşlarımız var. Onlar öz səhifələrində paylaşım etməlidirlər”.

T.Allahverdili qeyd edib ki, çatışmazlıqları bütünlükdə diasporun və Dövlət Komitəsinin üzərinə atmaq doğru deyil:

“Diaspor könül işidi, bu işə könül qoymursansa alınmayacaq. İstər onları döy, istərsə də digər cəza mexanizmi tətbiq et. Heç nəyə nail ola bilmərik. Bu tip insanlar azərbaycanlı kimi xaricdə yaşasalar da ruhları azərbaycanlı deyil”.

T.Allahverdili sonda qeyd edib ki, ümumi götürdükdə 44 günlük müharibə zamanı informasiya savaşında xaricdə yaşayan soydaşlarımız üzü ağ çıxdılar:

“Hollandiyada yaşayan Vüqar Abbasov var, beynəlxalq mediada işləyir. Azərbaycanla və Qarabağla bağlı yetərli paylaşımlar edir. Biz bu kimi insanların həm müharibə, həm də pandemiya dövründə necə işlədiklərini gördük. Ukraynada, Rusiyada, elə Avropanın ayrı-ayrı şəhərlərində Vətəni sevən, onun üçün hər şeyi etməyə hazır olan diaspor rəhbərlərimizin fəaliyyəti təqdirəlayiq idi. Yəni demək istəyirəm ki, yaxşılarımız pislərimizdən çoxdur”.

Həsən Hüseynov
Diaspora.tv

Şərhlər

Yaz...