Tarix: 25.11.2024 / 15:00
Türkiyədən qovulan jurnalist   Azərbaycanı ittiham etdi

Türkiyədən qovulan jurnalist Azərbaycanı ittiham etdi

Kanadalı jurnalist və analitik Nil Hauer 23 noyabrda Türkiyəyə girişinin qadağan edildiyini açıqlayıb.

Diaspora.TV Musavat.com-a istinadla xəbər verir ki, jurnalist İrəvandan İstanbula turist vizası ilə gəlmək istəsə də, hava limanında 16 saat saxlanıldığını və daha sonra geri deportasiya edildiyini bildirib. Hauer, bu qərarın səbəbləri barədə Türkiyə rəsmilərindən heç bir ətraflı məlumat almadığını qeyd edib.

"Azərbaycan əli var", - deyən Nil Hauer giriş qadağasının onun jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu ehtimal edir. O, bu qərarın həm də Türkiyə hökumətinin Azərbaycan tərəfinin tələbi ilə verdiyindən şübhələndiyini bildirir.

Jurnalist açıqlamasında qeyd edib ki, indiyədək Türkiyə haqqında nadir hallarda yazıb, lakin bu qərarın onun peşəkar fəaliyyətinə görə qəbul edildiyinə inanır.

Azərbaycan və Türkiyəyə qarşı mövqeyi

Nil Hauer jurnalist fəaliyyəti dövründə tez-tez Azərbaycan və Türkiyəyə qarşı tənqidi mövqedə olub. O, xüsusilə Qarabağ müharibəsi zamanı Azərbaycanın hərbi əməliyyatlarını tənqid edib və Ermənistanın mövqeyini müdafiə edən materiallar yayımlayıb. Bundan başqa, Türkiyənin regional siyasəti barədə də qərəzli yanaşmalar sərgiləyib. Hauer, Türkiyə və Azərbaycanın sıx əməkdaşlığına qarşı çıxış edən bir neçə məqalə dərc edib.

Türkiyənin qərarının səbəbləri

Türkiyə hökuməti bu məsələ ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Lakin analitiklər, Hauerin Türkiyənin və Azərbaycanın milli maraqlarına zidd mövqelər sərgilədiyini və buna görə “arzuolunmaz şəxs” elan olunmuş ola biləcəyini ehtimal edirlər. Bu qərar, iki ölkənin regional təhlükəsizlik və milli maraqlara önəm verdiyini bir daha nümayiş etdirir.


Şərhlər

Yaz...