“Kanadada əsasən polislərdən sifarişlər alıram. Polislər, təqaüdə çıxan həmkarlarına 10 ay, 1 il əvvəldən bıçaq, xəncər və s. soyuq silah sifariş edirlər. Polis əməkdaşı ilə bağlı məlumat da verirlər, hətta onların original olaraq haralı olduqlarını deyəndə, vətənlərindən ornamentləri də silahın üzərinə əlavə edirəm”.
Mühəndis, peşəkar soyuq silah ustası, UNESCO tərəfindən Parisdə təşkil olunan “Sülh naminə mədəniyyət” müsabiqəsində birinci yer tutan kanadalı həmyerlimiz Emin Məmmədovla yaxından tanış olaq.
O, peşəkar soyuq silah ustasıdır. Kanadada oxuyub sertifikat da alıb və Kalqaridəki emalatxanasında Azərbaycanın qədim dövrünə aid bıçaqlar, xəncərlər, qılınclar hazırlayır. Əl işlərini elə peşəkar hazırlayır ki, hətta iki il öncə Azərbaycan aereportunda gömrük işçiləri onu saatlarla saxlayıb hazırladığı qılıncın 18-19-cu əsrlərə aid antikvar olduğunu deyiblər…
Diaspora.TV Azərbaycanın qədim silahsazlıq sənəti ənənələrini yaşadan Emin Məmmədovun “Can Azerbaijan”a verdiyi müsahibəni təqdim edir:
Emin bəy, silah sənətkarlığı ilə bağlı beynəlxalq sərgilərdə iştirak etmisiniz?
- Bəli, bir sıra sərgilərdə iştirak etmişəm. Məsələn, 2021-ci ildə UNESCO tərəfindən Parisdə təşkil olunan “Culture for Peace” (“Sülh naminə mədəniyyət”) müsabiqəsində birinci yer tutmuşam. Rusiyada hazırladığım Şamaxı bıçaqları ilə laureat kimi yer qazanmışam. UNESCO-nun təşkil etdiyi müsabiqədə 11 erməni silahsaz iştirak edirdi. Azərbaycan adına isə yalnız Kanadadan mən qatılmışdım. Bu, məni çox təəssüfləndirdi. Azərbaycanda kifayət qədər bacarıqlı silahsazlar olsa da, heç biri qorxudan yarışa qatıla bilmədi.
Emin bəy, hansısa muzeydə əl işləriniz varmı?
- Argentinadakı Silah Muzeyində əl işim var. Azərbaycan səfiri hazırladığım xəncəri Buones-Ayresdəki muzeyə bağışlayıb. Bundan başqa, Azərbaycanda Xalça Muzeyinə 12 şəxsi əl işimi bağışlamışam. Bağışladığım soyuq silahlar arasında Şah İsmayıl Xətai dövrünə aid “Şəmşir” qılıncı və Qaşqay xəncər dəstini 2000-ci illərdə polad, dəri, ağac, buynuz kimi materiallardan hazırlamışam. Tiyələrinin üzərində isə Azərbaycan sözü və öz adımı həkk etmişəm. Ümumiyyətlə, hazırladığım bütün silahların üzərində öz ad soyadımı və Azərbaycan adını yazmağa çalışıram. İstəmirəm, ermənilər 100 ildən sonra bu silahların onlara məxsus olduğunu desinlər. Təəssüflər olsun ki, qədim zamanlarda böyük zövqlə düzəldilən və Amerikaya, Avropaya qədər gəlib çıxan silahların üzərində ustalarımız öz imzalarını qoymayıblar. Üslub bizim olsa da, imza yoxdur deyə, ermənilər onları rahatlıqla öz adlarına çıxırlar.
Heç tarixi filmlər üçün sifariş almısınız?
- Zeynalabdin Tağıyev haqqında çəkilən filmin 3-cü seriyasında mənim hazırladığım silahlar istifadə olunur.
Deyəsən, Amerikada hərraca çıxarılan Azərbaycan soyuq silahlarını yüksək məbləğdə pul verərək alıb Azərbaycanda Xalça Muzeyinə bağışlamısınız…
- Amerikanın Ohayo ştatında keçirilən hərracda XVIII əsrin sonuna – Qacarlar dövrünə aid polad və tuncdan hazırlanmış 2 ədəd qalxanı alıb Xalça Muzeyinə bağışladım. Ermənilər çoxdandır belə şeylərlə məşğuldurlar. Onların imkanlı adamları antikvarları alıb muzeylərinə hədiyyə edirlər. Ermənilərdə bu, ənənə halını alıb. Kanadada azərbaycanlıların sayı çox deyil, amma az da deyil, hətta burada ikinci nəsil yetişir. Onları elə tərbiyə etməliyik ki, vətənpərvər böyüsünlər və bu gün mənim etdiyimi, sabah gənclərimiz həyata keçirsinlər.