Tarix: 19.08.2024 / 10:55
Kanadada keçirilən Orientalys festivalında Azərbaycan     təmsil olunub

Kanadada keçirilən Orientalys festivalında Azərbaycan təmsil olunub

“Société Azerbaïdjanaise du Canada à Montréal”(SACM) olaraq, 8-11 avqust tarixində Kanadanın Monreal şəhərində Şərq ölkələrinin təmsil olunduğu, 20-yə yaxın ölkənin iştirak etdiyi #FestivalOrientalys2024-də Azərbaycanı layiqincə təmsil etdik. Dörd gün davam edən festival şəhərin mərkəzində Vieux Port (Old Port) adlanan ərazidə keçirilirdi”.

Bu barədə Diaspora.TV-yə Monreal Kanada-Azərbaycan Cəmiyyətinin təsisçisi və rəhbəri Rəna Müslümova məlumat verib.

R.Müslümova əlavə edib ki, minlərlə ziyarətçisi olan Orientalys festivalında 4 gün ərzində bir neçə səhnədə müxtəlif ölkələri təmsil edən musiqi və rəqs qruplarının konsert proqramı olur:

“Monreal mətbuatında geniş yer alan və artıq 14 ildir fəaliyyət göstərən Orientalys festivalında ilk dəfə 2016-cı ildə iştirak etdik. O zaman festival ərazisində yerləşən səhnələrin birində Azərbaycan musiqisi və rəqsləri nümayiş olundu. Daha sonra 2018, 2019, 2023 və 2024-ci ildə Monreal Kanada Azərbaycan Cəmiyyəti olaraq iştirak edib, ölkəmizi uğurla təmsil etmişik. İlk dəfə bu festivalda iştirak etmək qərarına gələndə, Azərbaycanı tanımayan insanların sayının daha çox olduğunu nəzərə alaraq, ölkəmizi tanıtmaq üçün əsas üstünlüyü məlumat xarakterli şəkillərə verdim. İlk olaraq Azərbaycanın qədim tarixini əks etdirən xəritələri, Türk və müsəlman dünyasında ilk dünyəvi demokratik və parlament respublikası olan Azərbaycan Demokratik Respublikasının, 1918-1920 ci illərdə olan xərtiəsinin şəkilləri üzərindən ölkəmizin qədim tarixi haqda məlumat veririk. SSRİ tərkibinə RSFSR tərəfindən işğal olunub qatıldıqdan sonra tarixi Azərbaycan torpaqlarının Sovet Rusiyası tərəfindən zorla alınaraq qonşu dövlət olan Ermənistana verildiyini, Naxçıvanın Azərbaycandan ayrı düşmə səbəbini deyirik. Azərbaycan xəritəsini görən hər kəs, Naxçıvan Azərbaycan ərazisidir? deyə soruşur. Tək məqsədim bu gün Azərbaycanın coğrafi olaraq harda yerləşməsi deyil, qədim tarixini tanıtmaq, inkişaf etmiş güclü, müstəqil dövlət olduğunu göstərməkdir”.

“Azərbaycanın ecazkar təbiətini, qədim tarixi abidələri eyni zamanda Bakının modern binaları, ölkəmizdə keçirilən beynəlxalq tədbirlər və s haqda məlumatları əks etdirən şəkilləri, ölkəmiz haqda məlumat vermək üçün vasitə kimi istifadə edirəm. Vətənə səfər edərkən həmişə məhz belə tədbirlər üçün müxtəlif suvenirlər, milli baş örtükləri, araqçınlar və s, alıb gətirmişəm. Diaspora Komitəsi tərəfindən verilən milli geyim və kitablar çox köməyimə çatır. Festivalın gedişatında o kitabları götürüb oxuyanlar çox olur. Azərbaycanın tarixi, coğrafiyası ilə yanaşı milli mətbəximzi əks etdirən şəkillər üzərindən zəngin və qədim mətbəximiz haqda məlumat veririk. Eyni zamanda gün ərzində Azərbaycan musiqi səslənir, rəqslərimiz təqdim olunur. Bu il Azərbaycan musiqilərindən ibarət konsert proqramı və rəqslərimzi festivalın səhnələrinin birində keçirtməyi planlamışdıq. Hava şəraitinə görə konsert proqramının vaxtını dəyişmək məcburiyyətində qaldıq. Azərbaycan çadırının önündə milli musiqimiz səsləndi, mahnılarımız ifa olundu, rəqslərimiz nümayiş edildi. Oktay Şadinin tar, Səməd Maralbaşinin qaval ifasının müşayəti ilə Araz Abedini Azərbaycan milli musiqilərini ifa etdi. Gözəl Eliham Mohebbi milli rəqslərimizin bütün gözəlliyini və incəliyini ilə öz ifasında təqdim etdi”- deyə müsahibimiz bildirib.

R.Müslümova əlavə edib ki, həm bu il, həm də əvvəl bu festivalın Azərbaycanı tanıtmaq adına böyük əhəmiyyət kəsb etdiyini anlayan, bu fürsəti layiqincə dəyərləndirmək üçün mənimlə bərabər burada yaşayan soydaşlarımız və təhsil alan tələbələrimiz könüllü olaraq iştirak ediblər:

“2018, 2019-cu illərdə Şuay Abdullayev, Elçin İsgəndərov həm ingilis, həm fransız dilində ölkəmiz haqqında, xüsusən işğal olunmuş ərazilərimiz, Azərbaycan həqiqətləri haqda müfəssəl məlumatlar verərək, Azərbaycanı tanıdıblar. 2023-cü ildə Monrealda təhsil alan ziyalı gənclərimiz Leyla Əhmədova, Julide Kuzutürk, Mübariz Əliyev soydaşlarımızdan Ruslan Namazov güclü, qalib Azərbaycanı fəxr ilə tanıdıb, məlumatlar veriblər. Cəmiyyətmizin fəal üzvlərindən Mahizər Məmmədova, Müşfiq Abdullayev, Şahanə Abdullazdə, Müşfiqə Abdullazdə, Gülnar Xudaverdiyeva, Nərgiz Şərifova, Alpaşa Nəsibov könüllü olaraq ölkəmizi tanıtmaqda bu il mənimlə birgə festivalda iştirak edib, Azərbaycan haqda geniş məlumat veriblər”.

“Bu illər ərzində müşahidə etdiyim faktlardan onu deyə bilərəm ki, əvvəlki illərdə Azərbaycanı tanımayan və adını belə tələffüz edə bilməyən insanlar (xüsusən Kanadanın yerli əhalisi) daha çox idi. İndi isə ölkəmizdə keçirilən müxtəlif beynəlxalq festivallar, yarışlar, beynəlxalq tədbirlər sayəsində Azərbaycanı tanıyanların, ölkəmizi ziyarət edənlərin sayı günü-gündən artır. Xüsusən Azərbaycan güşəsindəki təqdimatdan sonra belə gözəl ölkəyə səyahət etmək istəyənlərin sayı hər il çox olur. Təbii ki, bu da ölkəmizdəki turizm sektoruna və birbaşa ölkə iqtisadiyyatına bizim veridyimiz gözəl bir tövhə olur. Önəmli faktlardan birini də qeyd edərək deyim ki, Azərbaycan deyəndə bir çoxlarının Qarabağ hardadır? Azərbaycanın hansı bölgəsidir? sualı olub həmişə. Stenddə sərgiləməsəm də Xocalı faciəsini əks etdirən şəkilləri, vaxtı ilə işğal olunmuş torpaqlar olan xəritəni, Azərbaycan həqiqətlərini əks etdirən kitabları və məlumatları bu mövzu haqda soruşanlara göstərib ətraflı izah vermişik. Və bu mövzuda digər sualların cavabı üçün bütün tarixi faktları daha dərindən öyrənmək üçün https://karabakh.org/ saytını izləməyi tövsiyə etmişəm…. Və bu gün Qalib Azərbaycanı böyük fəxrlə, sevə-sevə təqdim edib, tanıtmağa davam edirik” - deyə müsahibimiz bildirib

Müsahibimizin sözlərinə görə, hər bir uğurun arxasında həmişə eyni əqidədə olan insanlar, Azərbaycanı sevən Vətən fədailəri olur:

“Belə dəyərli insanlardan biri də Güney Azərbaycanın mərd xanımı Leyli Xaqanidir. İranda yaşayan türklərin mədəniyyətini tanıtmaq, Azərbaycan mədəniyyətini təbliğ etmək üçün 2009-cu ildə digər İran türkləri ilə bərabər təsis etdiyi Savalan Mədəniyyət Qrupunun rəhbəri olan Leyli xanım, illərdi kanadalılara Azərbaycan mədəniyyətini, incəsənətini təqdim edir. Hər il gördüyüm işlərin arxasında çoxlarının görmədiyi və yaxud görmək istəmədiyi əziyyəti, çətinliyi görüb daima mənə mənəvi dəstək olub. Bu ilki proqram üçün qarşılaşdığım maddi çətinliyi görüb “Savalan Cultural Group” adından müəyyən xərclər üçün, mənə Azərbaycanı layiqincə təqdim etmək üçün dəstək olublar. Buna görə həm dəyərli Leyli xanıma, həm “Savalan Cultural Group”-a çox təşəkkür edirəm”.

“Bu və ya digər tədbirlərə əmək, zəhmət, vaxt sərf edirik. Müəyyən xərcləri şəxsi büdcəmlə qarşılayıram. Daha gözəl təqdimatlar üçün, istər çap dizayn xərcləri, istər digər qonorarlar üçün maddi dəstəyin olmamağı bir çox digər planların, təqdimatların alınmamasına gətirib çıxardır. Bu günə qədər hər bir gördüyüm işin maddi xərcləri üçün heç bir dəstək ala bilmədiyimdın özüm qarşılamaq məcburiyyətində qalmışam. Amma bunu artıq etmək günü-gündən çətin olur.Bu il festivalda iştirak üçün çəkilən xərclərə dəstəyə görə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə müraciət etmişəm. Ümid edirəm müsbət cavab alacam. Bundan sonra Diaspora Komitəsindən mənə daima maddi, mənəvi dəstək olacağına inanıram. Biz də Montreal Kanada Azərbaycan Cəmiyyəti olaraq, bir-birindən uğurlu təqdimatlar edərək vətənimiz Azərbaycanın bütün gözəlliyi, füsünkarlığı ilə Kanadada böyük fəxrlə tanıdıb, layiqincə təmsil edəcəyik”- deyə R.Müslümova bildirib


Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...