“Kanada immiqrant icmalarının müxtəlifliyi ilə zənginləşir, Azərbaycan diasporu da bu multikultural mühitə mühüm töhfələr verir”.
Bu sözləri Diaspora.TV-yə açıqlamasında Alberta Azərbaycan Mədəniyyət Cəmiyyətinin (ALACS) rəhbəri Ceyhun Nəcəfli deyib.
C.Nəcəflinin sözlərinə görə, Kanadada yaşayan azərbaycanlılar cəmiyyətə uğurla inteqrasiya etməklə yanaşı, sahibkarlıq, akademiya və peşə sahələrində də böyük nailiyyətlər əldə ediblər:
“Düşünürəm ki, bu açıqlamam azərbaycanlı immiqrantların uğur hekayələrini işıqlandırır, icmamızın yeni gələnlərə dəstək verdiyini, peşəkar immiqrasiyanın əhəmiyyətini və saxta iddialara əsaslanan qaçqın immiqrasiyasına qarşı mövqeyimizi izah edir. Calgary şəhərindəki Azərbaycan icması, böyük uğurlar qazanmış bir çox tanınmış şəxsi özündə birləşdirir. Bu şəxslər, həm yeni gələnlər, həm də Kanada cəmiyyəti üçün nümunə rolunu oynayır, inteqrasiya və ölkənin inkişafına töhfə vermək potensialını nümayiş etdirir”.
C.Nəcəfli açıqlamasında sözügedən şəxslər haqqında da danışıb:
“Belə görkəmli şəxsiyyətlərdən biri Orxan Muxtarlıdır. O, Kanadada texnologiya sahəsində tanınan Revsolz startapının baş direktoru və qurucusudur. Muxtarlının liderliyi və innovativ yanaşması təkcə şirkətinə diqqət çəkməklə qalmayıb, həm də Kanada Azərbaycan icmasında sahibkarlıq ruhunu ön plana çıxarıb. Bir nümunə isə Opla Energy şirkətinin qurucusu və prezidenti Elvin Məmmədovdur. Onun rəhbərliyi altında şirkət Kanadada davamlı enerji həlləri sahəsində öncül yer tutur, onun ətraf mühitin qorunmasına və biznesdə mükəmməlliyə bağlılığını nümayiş etdirir. Onun immiqrantdan uğurlu sahibkara çevrilməsi, Kanadanın təqdim etdiyi imkanların və azərbaycanlı immiqrantların yeni vətənlərində göstərdiyi iradənin bariz nümunəsidir. Akademik sahədə isə Leyla Bağırzadə önə çıxır. O, Calgary Universitetində Klinik Köməkçi Professor vəzifəsində çalışır. Onun tibbi təhsil və tədqiqat sahəsindəki fəaliyyəti akademik dairələrdə hörmət qazanıb və azərbaycanlı peşəkarların Kanada elmi müəssisələrinə yüksək səviyyədə töhfələr verdiyini nümayiş etdirir. Eyni zamanda, Mustəcəb Səfərov da Alberta Universitetində Magistr Tədqiqat Köməkçisi vəzifəsində çalışır. O, Kanada universitetlərində təhsil alan gənc azərbaycanlıların irəliləyişlərini təmsil edir. Onun tədqiqatları, gələcək yeniliklər üçün yol açır və Azərbaycan icması üçün qürur mənbəyidir”.
Cəmiyyət rəhbəri qeyd edib ki, Kanadadakı Azərbaycan icması, yeni gələnlərin uğurla inteqrasiyasına böyük önəm verir:
“İcmanın tanınmış üzvləri yeni immiqrantlara iş axtarışından tutmuş mədəni fərqlilikləri başa düşməyə qədər hər şeydə dəstək göstərir. İcma təşkilatları bu prosesdə mühüm rol oynayır, yeni gələnlərlə vacib əlaqələr qurmağa və yeni mühitlərində uğur qazanmağa kömək edən tədbirlər təşkil edir. Bu səylər yeni immiqrantların təcrid olunmamasını və tez bir zamanda yeni mühitə uyğunlaşmalarını təmin etmək üçün çox vacibdir. Aidiyyət hissi yaratmaq və praktik dəstək göstərməklə, Azərbaycan icması yeni gələnlərin Kanadada cəmiyyətin məhsuldar üzvlərinə çevrilməsinə kömək edir”.
C.Nəcəflinin sözlərinə əsasən, Azərbaycan icması, ehtiyacı olanlara sığınacaq vermək fikrini dəstəkləsə də, saxta iddialara əsaslanan qaçqın immiqrasiyasına qarşı möhkəm mövqe nümayiş etdirir:
“İcma, belə təcrübələrin immiqrasiya sisteminin etibarlılığını zədələyə biləcəyini və immiqrantlara qarşı mənfi rəy yarada biləcəyini düşünür. Diqqət Kanadaya müsbət töhfə verə biləcək peşəkar immiqrasiyanın təşviqinə yönəlib. Əsaslı səbəbləri olmayan qaçqın iddialarını azaltmaqla, Azərbaycan icması Kanadanın immiqrasiya sisteminin etibarlılığını qorumaq və resursların həqiqətən ehtiyacı olanlara yönəldilməsini təmin etmək niyyətindədir”.
Xəyalə Zöhrab
Diaspora.TV