Tarix: 07.06.2024 / 08:48
Parlamentdə güclü erməni diasporunun basqısına baxmayaraq...  - Vüsalə Əhmədova

Parlamentdə güclü erməni diasporunun basqısına baxmayaraq... - Vüsalə Əhmədova

“20 ildən çoxdur Kanadanın paytaxtı Ottava şəhərində yaşayıram. İlk gəldiyim zamanlar Ottavada barmaqla sayılacaq qədər azərbaycanlı yaşayırdı”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Ottavada fəaliyyət göstərən “Qarabağ” Azərbaycan dili məktəbinin qurucularından Vüsalə Əhmədova deyib.

“Digər şəhərlərdə də çox az sayda soydaşlarımıza rast gəlinirdi. Son on ildə isə icmamızın sayı artıb və artmaqda davam edir. Bəzi mənbələrə görə artıq 10 minə yaxın azərbaycanlı var. Bu da səsimizin eşidilməsi üçün heç də az rəqəm sayılmır” - deyə V.Əhmədova bildirib.

V.Əhmədova vurğulayıb ki, əvvəllər Kanadada Azərbaycan diasporu mənfur düşmənlə müqayisədə çox gücsüz idi:

“Ancaq, ikinci Qarabağ müharibəsi zamanı biz icma olaraq bütün fikir ayrılıqlarını kənara qoyaraq vahid amal uğrunda bütöv bir qüvvəyə çevrildik. Müharibə zamanı Kanada parlament üzvlərilə, senatorlarla dayanmadan keçirilən görüşlər zamanı Azərbaycan diasporası əsl vətənpərvərlik nümunəsi göstərdi. Üzvü olduğum Azərbaycanlı Kanadalılar Şəbəkəsi (NAC) məhz Vətən müharibəsi başlayan günün sabahı yarandı və dərhal fəaliyyətə keçdi. Kanada parlamentində güclü erməni diasporunun basqısına baxmayaraq öz səsimizi duyurmağa nail ola bildik. Daima düşmən mövqeyində dayanan, Azərbaycanın haqsız olduğuna əmin olan Kanada parlamenti artıq ən azından bir çox məsələlərdə bitərəf, bəzi hallarda isə bizə qarşı müsbət mövqe bildirməkdədir”.

V.Əhmədova qeyd edib ki, Azərbaycanlı Kanadalılar Şəbəkəsi olaraq hər il Xocalı soyqırımı zamanı parlament binası önündə yürüşlər təşkil edir, Soyqırımın tanınması uğrunda çalışır, Kanada hökumətinə 26 fevral tarixinin Xocalı qurbanlarının “Milli Anım Günü” kimi təyin olunması üçün rəsmi petisiya təqdim etmiş və müsbət nəticə alınmışdır:

“Ənənəvi olaraq Kanada Azərbaycan parlamentlərarası dostluq qrupunun yığıncaqları, vaxtaşırı olaraq isə parlament üzvləri və senatorlarla görüşlər keçirilir və onları bir sıra tədbirlərə dəvət edirik. Azərbaycan həqiqətlərini dəstəkləyən bir sıra parlament üzvləriylə qarşılıqlı münasibətlər qurur, Azərbaycan icmasının onlara dəstək olduğunu göstəririk. Gücümüz birlikdədir, biz bunu Vətən müharibəsi dövründə bütün dünyaya sübut etdik”.

V.Əhmədova əlavə edib ki, 2011-ci ildə “Qarabağ” Azərbaycan Dili Məktəbi cəmi 7 şagirdlə fəaliyyətə başlamışdır:

“Hazırda isə 25 şagird məktəbimizdə təhsil alır. Qarabağ məktəbi olaraq, vətəndən kənarda doğulan və böyüyən azərbaycanlı uşaqlara dilimizi, adət-ənənələrimizi, dünənimizi və bu günümüzü öyrətməklə məşğuluq. Bu illər ərzində onlarla məzunlarımız olub. Bu məzunlardan biri hazırda Karelton Universitetinin tələbəsi, Ottava Azərbaycanlı Tələbələr Assossasiyasının (Azerbaijani Student Association in Ottawa) həm qurucusu, həm də rəhbəri olan Sevda Zeynallıdır. O, son üç ildir ali məktəblərdə təhsil alan azərbaycanlı tələbələri bir araya toplamaqda və Azərbaycan həqiqətlərinin yerli və əcnəbi müəllim və tələbələrə çatdırılması yönündə fəaliyyət göstərir”.

“Qarabağ məktəbi əvvəlki illərdə bir çox tədbir və şənlikləri Azərbaycanın Kanadadakı səfirliyinin dəstəyilə keçirirdi. Son illər ərzində isə AzSa ilə güclərini birləşdirərək Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyilə paytaxt Ottavada Xocalı soyqırımı haqqında mühazirə, “Həmrəylik Günü”, “Novruz bayramı” və s. tədbirlər təşkil edir. İllərdir ənənəvi keçirilən Multikultural Festivalda onlarla dövlətlərin arasında yenilməz üç rəngli bayrağımız altında vətənimizin qədim adət ənələrini, milli mətbəxini, mədəniyyətini təbliğ edir və bu yolda dayanmadan var gücümüzlə irəliyə addımlayırıq”, - deyə V.Əhmədova bildirib.



Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...