Tarix: 13.09.2024 / 09:30
İtirib axtaran, dəstək verən, kömək edən yoxdur… -   Fransa erməniləri niyə fəallaşıb?

İtirib axtaran, dəstək verən, kömək edən yoxdur… - Fransa erməniləri niyə fəallaşıb?

"Hazırda Fransada yaşayan ermənilər onlara dəstək verən fransızlarla birgə həm mediada, həm də sosial platformalar vasitəsilə Azərbaycana qarşı hücumları gücləndiriblər. Təəssüf ki, Fransada fəaliyyət göstərən Azərbaycan diasporu və azərbaycanlılar hər iki platformada onlara uduzur".

Diaspora.TV bunun səbəblərini öyrənmək üçün Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının rəhbəri, Dünya Azərbaycanlılarının Beynəlxalq Fondu İdarə Heyətinin üzvü Aytən Muradova ilə əlaqə saxlayıb.

A.Muradova Azərbaycana qarşı hücumların daha çox müharibədən sonra başladığını bildirib:

“Müharibə vaxtı və ondan bir qədər sonra hamı səfərbər olmuşdu, sosial şəbəkələrdə ermənilərə və ermənipərəst fransızlara cavab verə bilirdik. İndi isə hamı yaxasını çəkib kənara, sosial şəbəkələrdə onlara cavab verə biləcək adam tapa bilmirik. Dərk etmirlər ki, mübarizə hələ davam edir, arxa cəbhədə, xüsusən də Fransa kimi ermənilərin daha çox olduğu ölkədə meydanı yarımçıq tərk etmək olmaz”.

A.Muradova bildirib ki, erməni diasporunun liderlərindən olan Frank Papazianın 28 media məktəbi var, oranı bitirən bütün jurnalistlər də Azərbaycana qarşı çıxırlar:

“Bizim nəyimiz var? Heç nəyimiz, ancaq danışırıq… Mediaya çıxış üçün dəstək lazımdır. Burada media ilə xüsusi adamlar məşğul olur, iş elə qurulub ki, vəsait olmasa bu mümkün deyil. Biz neçə ildir deyirik ki, Fransa mediası ilə işləmək üçün vəsait lazımdır, amma eşidən yoxdur. Etiraf edim ki, ermənilərin əli hər yerə çatır. Bunun qarşısını almaq üçün tələsmək, böyük iş görmək lazımdır”.

A.Muradova əlavə edib ki, Fransanın ən böyük informasiya mərkəzinə təyin olunan yeni direktor da ermənidir, bundan sonra vəziyyətimiz əvvəlkindən də pis olacaq:

“Hazırda bütün dostlarımıza ermənilər sosial şəbəkələrdən hücumlara başlayıblar. Bizdən də onları itirib axtaran, dəstək verən, kömək edən yoxdur”.

Şərhlər

Yaz...