Tarix: 23.07.2024 / 14:01
İsveçdə Azərbaycanı yaşadan xanımlar   - Onları tanıyaq!

İsveçdə Azərbaycanı yaşadan xanımlar - Onları tanıyaq!

“1989-cu ildən İsveçdə yaşayıram. İsveçdə əvvəlcə məktəbəqədər pedaqoji institutu, daha sonra isə İsveçin ən qədim universiteti olan Lund Universitetinin Sosiologiya/psixologiya fakültəsini bitirmişəm”.

Bu sözləri Diaspora.TV-yə müsahibəsində Stokholm şəhər bələdiyyəsində şöbə müdiri, eyni zamanda "Alov" Qadınlar Cəmiyyətinin rəhbəri Leyla Kiani Seyidova deyib.

L.Kiani əlavə edib ki, İsveçə gəldiyi zaman burada yaşayan soydaşlarımızın sayı çox az olub:

“Burada, əsasən Güney azərbaycanlılarının yaratdığı icmalar fəaliyyət göstərirdi. 1996-cı ildə İsveçin Malmö şəhərində “Xəzər” Cəmiyyətini yaratdım. Həm burada yaşayan soydaşlarımızı, həm də İran azərbaycanlılarını bu təşkilata cəlb etməyə başladım. Əsas məqsədimiz ölkəmiz haqqında həqiqətləri İsveç ictimaiyyətinə çatdırmaq və onların marağını oyatmaq, eləcə də dilimiz, dinimiz, mədəniyyətimiz, adət-ənənələrimizi, milli bayramlarımızı, milli mətbəximizi qoruyub saxlamaq və isveçliləri tanış etmək olub. Bu, uzun, çətin və gərgin yol idi. Lakin səmimi, mədəni, vətənpərvər soydaşlarımızın köməyi və dəstəyi ilə bir çox işlərin, layihələrin həyata keçməsinə nail olduq. Malmö şəhərində şəhər mərkəzi kitabxanasında Azərbaycan şöbəsinin açılmasına nail olduq. Bu işdə bizə Diasporla İş üzrə Dövlət Komitəsi dəstək oldu və kitablarla təmin etdi. Bundan başqa, təşkilatımızın nəzdində həftəsonu məktəbi yaradaraq uşaqlarımızı Ana dili kurslarına cəlb etdik, milli günlərimiz və bayramlarımızı qeyd edir, ölkəmizin tarixi və mədəniyyətini tərənnüm edən sərgilər təşkil edir, digər ölkələrin cəmiyyətləri ilə (türkmənlər, türklər, iranlılar, ukraynalılar, ruslar və s) əlaqə qurub onlarla əməkdaşlıq etməyə başladıq".



L.Kianı bildirib ki, son 10 ildir İsveçin paytaxtı Stokholmda yaşayır və bu şəhərdə qurucusu olduğu "Alov" Qadınlar Cəmiyyətinə rəhbərlik edir:

“Təşkilatımızın üzvləri dövlət qulluqçuları, tədris sektorunda, tibb sahəsində çalışan xanımlardır ki, İsveç cəmiyyətindəki uğurları təqdirəlayiqdir. Keçirdiyimiz tədbirlərə isveçli həmkarlarımızı da cəlb edir və onlara nəinki ölkəmizi tanıdır eləcə də ölkəmizə qarşı maraq oyatmağa nail oluruq. Nəticə olaraq bir çox isveçlinin Azərbaycana səfər etməsinə nail olmuşuq. Keçən il işlədiyim bələdiyyədə “Azərbaycan kəlağayısı” sərgisi keçirdim və milli kəlağayımızın yaranması, istehsalı haqqında geniş məlumat verdim. Sərginin sonunda iştirakçılara Azərbaycan kəlağayısı hədiyyə edildi. 2017-ci ildə “Diaspora və Lobbiçilik işindəki fəaliyyətimə görə” ölkə prezidentinin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif olundum”.

L.Kiani vurğulayıb ki, son illər əsas diqqəti lobbiçilik fəaliyyətinə yönəldib:

“Cəmiyyətimizin fəal üzvlərindən Gülnar Mustafayeva həm ölkənin ən məşhur Karolinska Xəstəxanasının mikrobiologiya şöbəsində çalışır, həm də jurnalistika fəaliyyətini “freelance” olaraq davam edir. Onun yazdığı köşə yazılarının köməyi ilə həm ölkəmizin nailiyyətləri, həm də İsveç gündəmi haqqında ictimaiyyəti tanış edirik. Üzvlərimiz Aytən Bakıxanova psixiatriya sahəsində, Röya Musayeva təhsil sistemində, Pərvanə Fərəcova turizm və otelçilik sektorunda gözəl nailiyyətlər əldə ediblər. Əlbəttə ki, bu xanımlarla qürur duymamaq mümkün deyil. Təşkilatımızın ən mühüm məqsədlərindən biri də dilimizi və mədəniyyətimizi qoruyub saxlamaq, bizdən sonrakı nəslə ötürməkdir. Bununla əlaqəli Ana dili kurslarımız fəaliyyət göstərir. Həftə sonları gənclərimiz müxtəlif idman növləri ilə məşğul olur, yarışlar təşkil edirlər. Ölkəmizin 44 günlük Vətən müharibəsi günlərində ordumuza və ölkə başçısına dəstək olaraq şəhərdə yürüşlər keçirdik, yardım kampaniyaları təşkil etdik. Bu ilin sonunda "Mən azərbaycanlıyam" adlı sərgi keçirməyi planlaşdırırıq. Təşkilatımız fəaldır və qarşıda hələ bir çox planlarımız və tədbirlərimiz var”.

Həsən Hüseynov
Diaspora.TV


Şərhlər

Yaz...