Tarix: 29.09.2024 / 18:22
İsraildə Azərbaycan   mədəniyyəti günləri keçirilib

İsraildə Azərbaycan mədəniyyəti günləri keçirilib

“AZİZ” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası və İsraildə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan rejissoru Rüfət Əsədovla sözügedən ölkənin bir neçə şəhərində görüş keçirilib, həmçinin rejissorun iki filmi nümayiş etdirilib.

Diaspora.TV xəbər verir ki, əvvəlcə, Afula şəhərində Azərbaycanda etnik birgəyaşayış və tolerantlığa həsr olunmuş toplantı keçirilib, tədbirin ardınca isə R.Əsədovun “Peyğəmbər Yereminin göz yaşları” və “Məbədə gedən yol” filmləri nümayiş etdirilib.

Qeyd edək ki, birinci film Azərbaycandan olan və dünyanın müxtəlif ölkələrində yaşayan dağ yəhudilərinin Azərbaycana olan məhəbbətindən bəhs edir. İkinci ekran əsərində isə Azərbaycan dini tolerantlığın və birgəyaşayışın özünəməxsus məkanı kimi tərənnüm olunur.


Rejissorla növbəti görüş İsrailin paytaxtı Tel-Əviv şəhərində reallaşıb.

Görüşdə Azərbaycan-İsrail dostluğunun əhəmiyyətindən bəhs olunub, Azərbaycanın multikulturalizmi dövlət siyasəti kimi qəbul edən nadir dövlətlərdən olduğu vurğulanıb, ölkədə bütün xalqların və dinlərin nümayəndələrinin hüquqlarının yüksək səviyyətə təmin edildiyi diqqətə çatdırılıb.

Görüşdə Azərbaycan Respublikasının İsraildəki fövqəladə və səlahiyyətli səfiri Muxtar Məmmədov, İsrail ictimaiyyətinin tanınmış nümayəndələri, elm xadimləri, sözügedən ölkədə fəaliyyət göstərən azərbaycanlı icmasının fəalları iştirak ediblər.



Görüşdən sonra rejissorun yeni ekran əsəri olan “Ana duası” filminin təqdimatı keçirilib. Film Azərbaycan dağ yəhudilərinin ölkəmizin təbliği ilə bağlı İsraildə gördükləri əhəmiyyətli işlərə həsr olunub.

“Ana duası” filminin növbəti təqdimatı Yerusəlim meriyasının təşkilatçılığı ilə Yerusəlim rus kitabxanasında keçirlib. Tədbirdən sonra Yerusəlim merinin müşaviri Yelena Jarovskaya xalqlar dostluğunu təbliğ etdiyinə görə rejissora sözügedən şəhərin meri Moşe Lionun şəxsi təşəkkür məktubunu təqdim edib.



Rejissor Rüfət Əsədov minnətdarlıq edərək bildirib ki, İsraildə hazırda müharibə qaydalarının hökm sürməsinə baxmayaraq, Azərbaycan diasporunun və İsrail mədəni ictimaiyyətinin xüsusi diqqəti sayəsində görüşlər yüksək səviyyədə keçirilib.


Şərhlər

Yaz...