Tarix: 15.07.2024 / 13:14
Onlar diasporu təhqir etməkdən belə çəkinmirlər...  - SƏDR

Onlar diasporu təhqir etməkdən belə çəkinmirlər... - SƏDR

“Diaspor sahəsində koordinasiya və vahid idarəetmə məsələlərində keyfiyyət dəyişikliklərinə necə nail olmaq, həmişə diaspor rəhbərləri və aktivlərinin diqqət mərkəzində olub”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında Krasnoyarsk diyarı “Azərbaycan Milli-Mədəni Muxtariyyəti” İctimai Təşkilatının sədri Taleh Mahmudov deyib.

Müsahibimizin sözlərinə görə, bu haqda çoxlu və müxtəlif fikirlər olmasına baxmayaraq məqsəd və arzu bir nəticədən ibarətdir: “Birləşmək!”

“Əlbəttə yaxşı olardı ki, bütün diasporalar birləşib, vahid bir diaspora təşkilatı yaradıb, bir mərkəzdən koordinasiya olunsular. Amma digər tərəfdən unutmaq lazım deyil ki, diaspora təşkilatları ictimai təşkilatlardır və fəaliyyət göstərdikləri ölkələrin qanunları əsasında rəsmiləşdirilib, fəaliyyət göstərirlər. Bununla əlaqədar yaşayıb, fəaliyyət göstərdikləri regionların xüsusiyyətlərini də nəzərə almaq lazımdır. İndiki dövrün informasiya və texnoloji imkanlarını nəzərə alsaq, demək olar ki, nəinki Rusiyada, hətta dünyanın müxtəlif ölkələrində belə fəaliyyət göstərən diaspor təşkilatları sıx əlaqədədirlər. Regionlar arası birgə tədbirlər keçirilir, dostluq, mehribanlıq əlaqələri yaradılır və inkişaf etdirilir. Regionların və ölkənin hökumət orqanları ilə fikir mübadiləsi aparılır və qərarlar qəbul olunur. Diasporla İş üzrə Dövlət Komitəsi bu sahədə diqqət və qayğısını əsirgəmir”.

T.Mahmudov bildirib ki, ictimai təşkilatları vahid idarəetmə sisteminə gətirmək mümkün deyil və bu indiki zamanın tələblərinə ziddir, çünki idarəetmə və koordinasiya tamamilə başqa anlayışlardır.

Sədr əlavə edib ki, son illərdə dünyada, xüsusilə Rusiyada diaspor təşkilatlarının fəaliyyəti lazımi səviyyədir:

“Düzdür, bu işdən uzaq və ya xəbəri olmayanlar, diasporaları tənqid və hətta təhqir etməkdən çəkinmirlər. Amma, qeyd etdiyimiz kimi, diaspora təşkilatları ictimai təşkilatlardır və bütün fəaliyyətlərini diaspor fəallarının şəxsi vaxt və maddi vəsaiti hesabına həyata keçirirlər. Ona görə də, diaspora aktivlərinin köməyi və iştirakı ilə maliyyələşdirilən təşkilatlar ölkə və ya dünya miqyasında vahid bir mərkəzdən idarə olunması mümkün və düzgün deyil. O ki, qaldı keyfiyyət dəyişiklərinə, bu iş tam diaspor rəhbərləri və aktivlərindən ibarətdir. Bu sahədə hər birimiz dayanmadan, yeni - yeni formatlarda müxtəlif tədbirlər keçirməli, fəaliyyət göstərdiyimiz ölkə və regionların mədəni, sosial, ictimai, siyasi həyatında aktiv iştirak etmək və xüsusilə yeni nəsli, - gənclərimizi bu işə cəlb etməliyik. Gənclərimiz sırasında çoxlu ali təhsilli, savadlı, bilikli mütəxəssislər olmasını nəzərə almaq şərti ilə demək olar ki, potensialımız böyükdür və bu potensialdan istifadə etməyi, əsas məsələlərin ən vacibi kimi qəbul etməliyik”.

Həsən Hüseynov
Diaspora.TV

Şərhlər

Yaz...