“Diasporla müsahibə” verilişinin növbəti qonağı UMMA - Rostov Regional İctimai təşkilatın həmsədri Leyla Əhmədova olub.
L.Əhmədova müsahibədə Rusiyada yaşayan soydaşlarımızın problemlərindən, həmsədri olduğu təşkilatın fəaliyyəti və gördüyü digər işlərdən bəhs edib.
Onun sözlərinə görə, Rusiya-Ukrayna müharibəsində dünyasını dəyişən və yaralananların ailələrinə dəstək olmağa çalışırlar:
“İş adamlarımızdan daha çox kasıblar bizə dəstək olur. Müharibədə həlak olanların cənazələrini gətirib ailələrinə təhvil veririk. Çoxları iddia edir ki, bunu dövlət edir. Lakin dövlət sənədləşmə işlərinə dəstək olur. Sənədlərin toplanması da uzun zaman tələb etdiyi üçün həak olanların ailələri bizimlə əlaqə saxlayır və kömək istəyirlər. Təşkilatımız bu istiqamətdə işlər görür. Soydaşlarımızın təhsil alması və idmanla məşğul olmaları üçün çalışırıq”.
Leyla Əhmədova qeyd edib ki, Rusiyada yaşayan soydaşlarımızın əksəriyyəti bizneslə məşğuldur:
“Bir təşkilat qurulsa, onlara böyüklük edilsə, həm aralarında münaqişələr yaşanmaz, həm də soydaşlarımıza yardım əllərini uzadarlar. Konsulluğun fəaliyyətə başlaması üçün prezidentə müraciət ünvanlamışıq, bunun üçün imza da toplamışıq. Ümid edirik ki, gələcəkdə bunun üçün bir təşəbbüs olacaq”.