Tarix: 13.09.2024 / 12:25
İş adamı Xarziyanı qətlə yetirən azərbaycanlı Gürcüstana ekstradisiya edildi   – VİDEO

İş adamı Xarziyanı qətlə yetirən azərbaycanlı Gürcüstana ekstradisiya edildi – VİDEO

Gürcüstan Baş Prokurorluğunun vəsatəti əsasında Besarion Xarziyanın sifarişli qətlində mühakimə olunan Fərid Qurbanovun Türkiyədən Gürcüstana ekstradisiyası həyata keçirilib.

Diaspora.TV gürcü mediasına istinadla xəbər verir ki, bu barədə Prokurorluqda keçirilən brifinqdə bildirilib.

“Fərid Qurbanov Gürcüstan hüquq-mühafizə orqanları tərəfindən Besarion Xarziyanın qəsdən öldürülməsi faktı üzrə, İnterpolun beynəlxalq kanalları vasitəsilə 2015-ci il 28 aprel tarixindən bəri axtarışda idi. Besarion Xarziyanın qəsdən öldürülməsi məqsədilə, 2015-ci il 13 yanvar tarixində Fərid Qurbanov, Oleksandr Dametov adına saxta Ukrayna Respublikası vətəndaş pasportundan istifadə edərək, cinayət ortağı ilə birlikdə Tbilisi Beynəlxalq Hava Limanına eniş edib. Gəlişdən dərhal sonra cinayətkarlar qətl üçün hazırlığa başlayıb və bu məqsədlə Tbilisidə, Pekin prospektində uzunmüddətli kirayə mənzil tutublar. Onlar xüsusi olaraq qeydiyyata ehtiyac olmayan "Honda" markalı moped əldə ediblər və kaskada, ikitərəfli gödəkçədə hərəkət ediblər. Qətl üçün əlverişli vaxtı seçmək məqsədilə Fərid Qurbanov və onun cinayət ortağı növbə ilə Besarion Xarziyanın hərəkətini izləməyə başlayıblar. Onlar sistematik olaraq geyimlərini, hərəkət edərkən marşrutları və vasitələri dəyişdiblər. 2015-ci il martın 28-də, günorta saatlarında, Fərid Qurbanov tərəfindən izlənilən Besarion Xarziyan Tbilisidə, Marabda küçəsində yerləşən öz yaşayış evinə gəlib. Girişdə Fərid Qurbanov ona “Makarov” sistemli səsboğuculu odlu silahla başına nəzarət atışı daxil olmaqla üç dəfə atəş açıb. Nəticədə Besarion Xarziyan hadisə yerində dünyasını dəyişib. Həmin gün Fərid Qurbanov və onun cinayət ortağı Sarpi gömrük-keçid məntəqəsi vasitəsilə Gürcüstanı tərk ediblər. Fərid Qurbanov sifarişli qəsdən qətl, odlu silah və döyüş sursatlarının qanunsuz əldə edilməsi, saxlanılması, daşınması, Gürcüstan dövlət sərhədinin qanunsuz keçilməsi və saxta rəsmi sənədin istifadəsi faktlarına görə hər üç məhkəmə instansiyası tərəfindən mühakimə olunub və ömürlük həbs cəzasına məhkum edilib. Fərid Qurbanovun cinayət ortağı olan xarici ölkə vətəndaşı isə qətldə köməkliyə görə 19 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib və onun həbs olunaraq Gürcüstan ədalət məhkəməsinə gətirilməsi məqsədilə qırmızı bülletenlə beynəlxalq axtarış davam edir", - deyə məlumatda deyilir.

Prokurorluq Türkiyə Respublikasının səlahiyyətli orqanlarına uğurlu əməkdaşlıq üçün təşəkkür etdiyini bəyan edib.

Bildirilib ki, Gürcüstan Baş Prokurorluğunda Besarion Xarziyanın qəsdən qətlini sifariş edən və cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi məqsədilə istintaq davam edir.

Qeyd edək ki, Besarion Xarziyan iş adamı olub. O, Tbilisidəki "Tısbağa gölü" kompleksinin keçmiş sahibi imiş. Qətldə təqsirli bilinən Fərid Qurbanov Azərbaycan vətəndaşıdır.


Şərhlər

Yaz...