Tarix: 10.05.2024 / 10:53
İş adamı olan soydaşlarımızı Qarabağa dəvət etməliyik...  - Ekspert

İş adamı olan soydaşlarımızı Qarabağa dəvət etməliyik... - Ekspert

“Xarici ölkələrdə yaşayan Qarabağ əsilli azərbaycanlıların işğaldan azad olunan torpaqlara qayıdışını təmin etmək üçün ilk növbədə biznes mühiti formalaşdırılmalıdır”.

Bu sözləri Diaspora.TV-yə açıqlamasında iqtisadçı ekspert Akif Nəsirli deyib.

Ekspert xaricdə yaşayan Qarabağ əsilli azərbaycanlıların vətənlərinə qayıdışını müsbət hal hesab edir:

“Bu cəmiyyət tərəfindən də yaxşı qarşılana bilər. Biz xarici ölkələrdə özünə iş quran, işlə təmin olunan, tanınan iş adamlarının hər birini Qarabağa dəvət etməliyik. Amma birinci növbədə onların Azərbaycana qayıdışını təmin etməliyik. Qoy onlar gəlib Qarabağda, öz dədə-baba yurdlarında ev tiksinlər, məskən salsınlar. Bu nəzəri baxımdan təqdirəlayiq layihə təsiri bağışlasa da vaxtı ilə Azərbaycandan çıxıb gedən insanların bura qayıtması üçün Azərbaycan hələ çox dəyişməlidir”.

A.Nəsirli təəssüf hissi ilə xarici ölkələrdə yaşayan azərbaycanlıların burdan çıxıb getmə səbəblərini də açıqlayıb:

“Onlar bu yaşayışı bəyənmədikləri üçün zamanında çıxıb gediblər. Üz tutduqları ölkələrdə özlərinə buradakından yaxşı həyat, böyük biznes qurublar. Onlar həmin ölkələrdən o vaxt qayıtmaq qərarı verə bilərlər ki, Azərbaycanda yaşamaq üçün həyat hazırda yaşadıqları ölkələrdən belə yaxşı, daha cəlbedici olsun. Azərbaycanda həyat necədir? Yəni, qonşu Rusiyadan daha cəlbedicidir? Yox, hələ Avropanı demirəm. Qarabağlıların əksəriyyəti Türkiyədə və Avropa ölkələrində yaşayır”.

Qarabağ əsilli azərbaycanlıların öz torpaqlarına qayıtması və investisiya yatırması üçün hansı addımlar atılmalıdır?

Akif Nəsirli iş adamlarının torpaqlarına investisiya yatırmaq üçün ilk növbədə Azərbaycanda biznes mühiti normal olmalıdır:

“Mülkiyyətə zəmanət, müstəqil məhkəmə sistemi, qanunların aliliyi təmin edilməli, inhisarçılığın qarşısı alınmalıdır. Yəni, bazarda hegemonluq edənlər çoxdur. Onlar başqalarını öz seqmentlərinə yaxın buraxmağa qoymazlar. Xarici ölkələrdə yaşayan azərbaycanlıların da sabaha inamı olmalıdır ki, illərdir qazandıqları sərmayəni bura yatırsın. Bütün bu işlər tez bir zamanda görülməlidir”.

Jalə Əli
Diaspora.TV



Şərhlər

Yaz...