Tarix: 04.10.2024 / 14:22
İrkutskda diaspor rəhbərləri    həbs olundu

İrkutskda diaspor rəhbərləri həbs olundu

Rusiyanın İrkutsk vilayətində Özbəkistan Milli Mərkəzinin rəhbəri və tacik diasporunun rəhbərinin müavini saxlanılıb.

Diaspora.TV rus mediasına istinadla xəbər verir ki, İrkutskda hüquq-mühafizə orqanlarının əməkdaşları etnik diaspor liderlərini qanunsuz miqrasiyaya şərait yaratmaqda şübhəli bilinərək saxlayıblar.

İstintaqın məlumatına görə, Özbəkistan milli mərkəzinin sədri və tacik diasporunun sədr müavini pul müqabilində əcnəbilərə rus dilini, tarixini və Rusiya qanunvericiliyinin əsaslarını bilmələrini təsdiq edən sertifikatlar verib. Saxlanılanlardan biri həbs edilib, digərinə isə müəyyən hərəkətlər qadağan edilib.

Regional Daxili İşlər Nazirliyinin Baş İdarəsinin mətbuat xidmətindən verilən məlumata görə, diaspor rəhbərləri əlavə təhsil mərkəzi ilə birgə yanvar ayından bu sertifikatları təqdim edirlər. Sertifikatlardan Anqara bölgəsində əmək patenti və yaşayış icazəsi almaq üçün istifadə edilib. İlkin məlumatlara görə, təqsirləndirilən şəxslər sertifikatların satışından 1,5 milyon rubldan çox gəlir əldə ediblər.

Şübhəlilərin ofisində və yaşayış ünvanlarında aparılan axtarışlar nəticəsində kompüterlər, fleş disklər, 1,7 milyon rubl pul, bank kartları, boş patronlar və bir sıra sənədlər götürülüb. İstintaq Komitəsi “kommersiya məqsədi ilə rüşvət alma” və “qanunsuz miqrasiyanın təşkili” maddələri ilə cinayət işi açıb.

Sentyabrın 26-da Daxili İşlər Nazirliyinin nümayəndəsi İrina Volk bildirib ki, son üç il ərzində hüquq-mühafizə orqanları rus dilini bilməyən, lakin sertifikata malik 14 min əcnəbi vətəndaşın vətəndaşlıq və ya miqrasiya statusu ilə bağlı müraciətlərini qəbul etməkdən imtina edib. O, rus dilini bilməyən, lakin müvafiq sertifikatları olan əcnəbilərin miqrasiya statusunun ləğvinin davam etdiriləcəyini bildirib.


Şərhlər

Yaz...