Diaspora.TV-də yayımlanan "Azərbaycanlılar dünyada" verilişində İraq türkmanları haqqında silsilə verilişlər hazırlayırıq.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Orxan İsayev bir neçə silsilə verilişdə İraq türkmanlarının az tədqiq olunan müxtəlif tərəflərini izləyicilərimizə təqdim edir.
Bu gün təqdim olunan verilişdə isə İraq türkmanlarının üzləşdiyi soyqırımı haqqında məlumat verəcəyik.
1918-ci ildə türkmanların yaşadığı Kərkük, Ərbil, Mosul, Süleymaniyyə, Təlafər və digər ərazilər Osmanlıdan ayrıldıqdan sonra əvvəlcə ingilislərin, daha sonra isə ingilislərin yaratdığı İraq Kraliyyət dövlətinin tərkibində qaldı. Bu illər ərzində türkmanlara qarşı kəskin münasibət özünü büruzə verməyə başladı. Vəziyyət o həddə çatdı ki, öz haqq və hüquqlarını tələb edən türkmanlara qarşı zaman-zaman qətliamlar, soyqırımlar da həyata keçirildi.
1920-ci ildə Təlafər (Qaçaqaç qətliamı), 1924-də Levi (Erməni) qətliamı, 1946-cı ildə isə Gavurbağı soyqırımı törədildi. Bununla da müxtəlif qüvvələr türkmanları bir etnik varlıq kimi yox etməyə cəhd göstərdilər.
Respublika quruluşuna ümid bəsləyən türkmanlar yenə eyni münasibətlə qarşılaşdılar. 1958-ci ildə İraq respublika elan edilsə də, türkmanlara münasibət dəyişmədi. Elə respublikanın birinci ilinin qeyd edildiyi gündən Kərkükdə misli görünməmiş qətliam həyata keçirildi.
Türkmanların çətin günləri bununla da bitmədi. Diktator Səddam Hüseyn hakimiyyətə gələn kimi türkmanları qətl etməklə kifayətlənmədi, tarixən türk şəhərləri olan Kərkük, Ərbil, Mosul və s. etnik tərkibini dəyişmək üçün bura ərəbləri və kürdləri kütləvi şəkildə yerləşdirməyə, türkmanları isə ölkənin cənubuna sürgün etməyə başladı.
Səddamın hakimiyyəti illərində türk dili qadağan edildi, türkcə qəzet və jurnallar bağlandı və onlarla qətliam həyata keçirildi.