Diaspora.TV-də yayımlanan "Azərbaycanlılar dünyada" verilişində İraq türkmanları haqqında silsilə verilişlər hazırlayırıq.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Orxan İsayev bir neçə silsilə verilişdə İraq türkmanlarının az tədqiq olunan müxtəlif tərəflərini izləyicilərimizə təqdim edir.
Bu gün təqdim olunan verilişdə isə İraq-Azərbaycan ticari və mədəni əlaqələr haqqında məlumat verəcəyik.
Tarixən Azərbaycan İraqla ticari və mədəni əlaqələrə böyük önəm verib, Qafqazdan Bağdada uzanan karvan yolları gedişli-gəlişli olub. XVI əsrin ortalarından İraqın Osmanlı dövlətinin nəzarəti altına keçməsi bu əlaqələri bir qədər zəiflədib. XX əsrin ortalarından başlayaraq isə Azərbaycan alimlərinin İraqa təşkil olunan səfərləri çərçivəsində eyni etnik soykökə malik olduğumuz türkmanlarla ədəbi-mədəni və elmi əlaqələr yenidən inkişaf etməyə başlayıb. Azərbaycanlı ziyalılardan Rəsul Rza, Qasım Qasımzadə, Bəxtiyar Vahabzadə, Əbdülkərim Əlizadə, Qəzənfər Paşayev və digərlərinin İraqda yaşayan türkmanlarla bağlı elmi araşdırmaları unudulan əlaqələrin bərpasına təkan verib. Türkmanlar tərəfdən də Əta Tərzibaşı, Sinan Səid, Əbdüllətif Bəndəroğlu kimi alimlər Azərbaycanla bağlı yazdıqları məqalələri müxtəlif qəzet və jurnallarda dərc etdirməyə başlayıblar.
Azərbaycan müstəqillik əldə etdikdən sonra bu əlaqələr daha da genişlənib. Ümummilli lider Heydər Əliyevin dediyi "tarixi araşdıranda gördüm ki, Güney Azərbaycan, Quzey Azərbaycan və İraq türkmanları bir bütövün parçalarıdır" fikri son illərdə özünü daha çox təsdiq edir. Azərbaycanda və İraqda keçirilən müxtəlif elmi və mədəni tədbirlərdə hər iki xalqın nümayəndələri iştirak edirlər.
Son illərdə isə İraq türkmanları ilə əlaqələrin bərpasında Azərbaycan Milli Elmlər Akademiyasının böyük xidmətləri var. AMEA-da türkmanların ləhcəsi, tarixi, ədəbiyyatı, folkloru və digər sahələrlə bağlı elmi tədqiqat işləri aparılır.
2023-cü ildə İraq türkmanları ilə bağlı elmi araşdırmaların Əlaqələndirmə Şurası da yaradılıb.