Diaspora.TV-də yayımlanan "Azərbaycanlılar dünyada" verilişində İraq türkmanları haqqında silsilə verilişlər hazırlayırıq.
AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işçisi Orxan İsayev bir neçə silsilə verilişdə İraq türkmanlarının az tədqiq olunan müxtəlif tərəflərini izləyicilərimizə təqdim edir.
Bu gün təqdim olunan verilişdə isə türkmanların ədəbiyyatı haqqında məlumat verəcəyik.
İraq ərazisində yazılı türkdilli ədəbiyyat əsasən XIII-XIV əsrlərdən formalaşmağa başlayıb. Bu ədəbiyyat Azərbaycan türkcəsində təşəkkül tapdığı və türkmanların Azərbaycandan köçüb İraqda məskunlaşan türk qövmü olması səbəbindən klassik İraq-türkman ədəbiyyatı Azərbaycan ədəbiyyatının bir hissəsi hesab olunur.
İmadəddin Nəsimi, Qazi Bürhanəddin, Cahanşah Həqiqi, Şah İsmayıl Xətai, Məhəmməd Füzuli, Ruhi Bağdadi və digər Azərbaycan ədəbiyyatının görkəmli simalarının həm də İraq-türkman ədəbiyyatına aid edilməsi dediklərimizi sübut edir.
XVI əsrin ortalarından etibarən İraq ərazisinin Osmanlı dövlətinin tərkibinə qatılması ədəbiyyata da öz təsirini göstərdi. Artıq İraq-türkman ədəbiyyatı Osmanlı ədəbiyyatının bir hissəsi kimi inkişaf etməyə başladı və Türkiyə türkcəsi türkmanların ədəbi dili hesab olundu. Bu proses XX əsrin əvvəllərinə qədər davam etdi. Osmanlı dövlətinin süqutu ilə İraq o dövlətdən ayrıldı və türkmanlar başqa bir ölkənin vətəndaşları kimi milli ədəbiyyatlarını yaratdılar.
Mövzu və janr baxımından müasir İraq-türkman ədəbiyyatı milliləşməyə və çağdaş şərtlər altında inkişaf etməyə başladı.