Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub saatı”nın növbəti buraxılışı yayımlanıb.
M.Əhmədoğlunun səsləndirdiyi fikirləri ixtisarla təqdim edirik:
ABŞ dövlət katibi E.Blinkenin dörd illik fəaliyyəti dövründə Bayden administrasiyasının xarici siyasəti ilə bağlı yekun tədbirdə bildirdiyi fikirlər aşağıdakılardan ibarətdir:
1. İranla əlaqəli danışıqların davam edəcəyi ehtimalının daha çox olduğunu bildirdi.
2. 20 il ərzində İranın daxilində hakimiyyəti dəyişmək üçün çox addımlara cəhdlər edildiyini bildirdi və bu cəhdləri nəticəsiz açıqladı.
E.Blinkenin fikrincə, İrana qarşı daxildən mübarizə aparmağın, İranla müharibə etməyin mənası yoxdur. Dialoq davam etməlidir.
Tramp Kanadanı ABŞ-nin tərkibinə qatacağı ilə bağlı zarafatı dövriyyəyə buraxdı. Sonradan bu zarafat ciddiləşdi. Panama kanalını öz nəzarəti altına keçirmək istəyir. Çünki ABŞ-nin yüklərinin o kanaldan keçməsinin qiymətini digər dövlətlərin qiymətlərindən fərqləndirmir. Qrenlandiyanı artıq öz ərazisi bilir.
İndi E.Blinkenin İranı xarakterizə etməsi və D.Trampın yaydığı ideyaları nəzərə almaq kontekstində İran ABŞ-dən 52-ci ştat olmaqla bağlı təklif gözləyə bilər. Çünki İran indi də proksilərini ABŞ-yə təhvil vermək kursunu davam etdirir. Bunun ən bariz nümunəsi husilərə qarşı ABŞ və İsrailin hücumundan sonra A.Əraqçının husilərə ABŞ və İsrailin gücündən danışmasıdır.
Hazırda İranın ən ciddi proksisi, İranın bildirdiyi kimi müvəkkil qüvvəsi Qırmızı dənizdə Ədən körfəzində ciddi nəzarətə malik olan Yəmən husiləridir.
İran Rusiya ilə strateji əməkdaşlıq haqqında müqaviləni imzalamadı. Yubadaraq yalnız Rusiyadan yüksək çinli rəsmi nümayəndə heyəti Tehranda olarkən yeni vaxt açıqladı. Bu dey ayının sonuna qədərdir. Hazırda İranda dey ayıdır, bu yanvarın 19-da başa çatacaq. Ola bilər bu vaxt aldatması da olsun. Bəlkə də heç Rusiyada İran prezidentini qəbul etməyə şərait olmayacaq. Çünki Rusiyada Yeni il başlayır. İranla Rusiya arasında gərgin diplomatik danışıqlar da iki ölkə arasında yaranan gərginlikləri aradan qaldırmağa xidmət edir. İran aşkar özünü anti-Rusiyaçı kimi aparır. Hətta artıq fərdlər arasında özünü göstərir. Gilanda parkda dağıstanlı sürücü atəş nəticəsində öldürülür.
Rusiya da artıq İranın Cənubi Qafqaz siyasətinin mahiyyətinə bələd olur. İran bu günə qədər Rəşt-Astara dəmir yolunun tikintisi ilə bağlı heç bir addım atmayıb. Rusiya isə bu istiqamətdə addımlarını yeniləyir, gücləndirir. Bu addımlar hələki İran tərəfindən yol və şəhərsalma naziri, xanım F.Sadeqinin işdən çıxması ilə nəticələnə bilər, amma yol tikilməyəcək. Rusiya da İranın addımlarına qarşı yeni təzyiq elementləri ortaya qoyur. Artıq Rusiya İran ərazisində Hind okeanına qoşulmağın dəqiq yerini müəyyənləşdirib. Bu Çabahar deyil, Bəndər Abbasdır. Çabaharda xeyli narazılıqlar da ola bilər. Rusiyanın Bəndər Abbasda güclənməsi İran üçün o qədər də sərfəli deyil. Rusiyanın İranın daxilində gördüyü AES və dəmir yolları işləri də o ətrafdadır. Bəndər Abbas tarixən Səfəvilərin, yəni azərbaycanlıların tikdiyi limandır. Yaxında İran-Rusiya tarixi münasibətləri barədə Sankt-Peterburqda fəaliyyət göstərən tədqiqat mərkəzlərindən birinin rəhbəri tarixi münasibətlərin yaxşı olduğu barədə geniş material dərc etdi və bütün bunların hamısı Səfəvi dövlətinin Çar Rusiyasına etdiyi yaxşılıqları etiraf edirdi. Rusiya Avropa ilə müharibə apardığı dövrdə Səfəvi şahlarından biri İrana başqa ölkələrə selitranı satmağı qadağan edib, hamısı Rusiyaya göndərilmişdi. O dövrdə partlayıcı maddələrin tərkib hissəsi selitra imiş. Bir az öncə İranın Rəşt-Astara dəmir yolunun tikintisini yubatmasının əvəzində Rusiya Azərbaycan ərazisində İrana ikinci paralel xətt də çəkmək istədi. Bu xətt artıq Çar Rusiyası dövründə çəkilmiş Mehri dəmir yolu idi. Bir sözlə İranla Rusiya arasında gərginlik davam edir.
İranla ABŞ arasında da gizli danışıqlar davam edir. Bu gizli danışıqların nəticəsi var. E.Blinkenin iki istiqamət üzrə açıqlamaları, A.Əraqçının da husilərə “müharibədən geri çəkil” tövsiyəsi ortadadır. İranın taleyini bu iki istiqamətdə gedən proseslər müəyyənləşdirəcək.
İran ABŞ-ın regional canişinliyinin nə olduğunu təcrübədən keçirdib. Bu gün İsrailin ərəb torpaqlarında “at oynatması” vaxtilə İranın İsraili maliyyə və neftlə təmin etməsinin nəticələrindən biridir.
İran Suriyadakı proseslərin müəyyən bir dövründə aşkar anti-Türkiyə təbliğat aparmaqla Türkiyəni özünün terrorçu hesab edənlərə sevdirdi. Bununla Suriyada B.Əsədin devrilməsini sürətləndirdi. İndi də İran ABŞ-nin xidmətində olmaq üçün çox ciddi anti-Türkiyə və anti-Rusiya istiqamətində xidmətlərini təklif edir. Rusiya və Türkiyə də sakit dayanan deyillər.