Tarix: 05.10.2024 / 09:10
İranın hərbi və siyasi rəhbərliyi üçün savad artırma kursları    çox zəruridir

İranın hərbi və siyasi rəhbərliyi üçün savad artırma kursları çox zəruridir

SEPAH-ın baş komandanının siyasi məsələlər üzrə müavini Yadulla Cavani Zəngəzur və İsrailin regionda mövcudluğu ilə bağlı İranın ali dini liderinin əmrini gözlədiklərini açıqladı. O, İranın milli maraqlarını müdafiə etmək üçün hər an fəaliyyətə keçməyə hazır olduğunu bildirdi. Zəngəzur koridoru və İsrail mövzusu fərqlidir. Zəngəzur mövzusunun indiki aktivləşməsinin arxasında Rusiya dayanıb. İsraillə isə Azərbaycanın əlaqələri var. İran Səudiyyə Ərəbistanı ilə İsrailin münasibətlərinin normallaşmasına maneçilik törətmək istədiyi kimi Azərbaycanın da İsraillə əlaqələrini kəsmək istəyir. Çətin ki, bu mümkün olsun.

Azərbaycanın təhlükəsizliyi ilə bağlı mövzular tək İsraildən asılı deyil. Azərbaycanın təhlükəsizlik sistemi çox spektrli və mərtəbəlidir. İsraillə əlaqə onlardan yalnız biridir. Azərbaycanın ərazisinə hansısa bir tərəfdən hücum olarsa, Azərbaycanın təhlükəsizlik sistemi dərhal cavab verəcək.

İranın müsəlman qonşularının hamısına qarşı narazılığı var. Əksəriyyətinə qarşı da bu narazılıq ərazi iddiasından ibarətdir. Üç adanı əsas götürərək BƏƏ və digər ərəb dövlətlərinə - Küveyt, Səudiyyə Ərəbistanına ərazi iddiaları sürür. İran “dəvəquşu siyasəti” apardığına görə siyasətinin qonşularda, beynəlxalq aləmdə yaratdığı effekti görə bilmir. Bəlkə də ola bilər savadları çatmır. Zəngəzur mövzusu İranın variantında əvvəlcə “Turan koridoru”, “NATO-Turan koridoru” kimi hallandı. Bu gün NATO İranın sərhədindədir; Ermənistanın İranla sərhədinə yaxın ərazidə Aİ missiyası yerləşdirilmişdi. Sonradan Kanada bu missiyaya qoşulmaqla onu NATO missiyasına çevrildi. Avropa ölkələri ilə Kanadanı bağlayan qurum Aİ deyil, NATO-dur. Hazırda İsraillə İran arasında hərbi əməliyyatlarda Avropa dövlətləri arasında fikir ayrılığı, parçalanmalar var. Böyük bir qrupu İsrail-İran münasibətlərində İsraili haqlı hesab edir və İran rəsmiləri Ermənistandan Aİ missiyasının tərkibində olan ölkələrin neçəsinin İranla münasibətdə İsrailin mövqeyini dəstəklədiyini də öyrənə bilərlər.

“Turan koridoru”, “NATO-Turan koridoru” ilə bağlı İranın bildirdikləri savadsızlığın ən bariz nümunəsidir. Bakı-Tbilisi-Qars dəmir yolu işə düşüb, amma böyük yük dövriyyəsi yoxdur. Bakı-Tbilisi-Qars dəmir yolu NATO koridorudur, Türkiyə ilə Mərkəzi Asiya regionunu birləşdirən yoldur. Əgər Azərbaycanın belə bir niyyəti olsaydı həmin dəmir yolundan istifadə edərdi. Multimodal daşımaya (əlavə nə) ehtiyac olmazdı (var idi). Bütün bunların hamısı İranın müsəlman dövlətlərini qəbul etməməsinin əlamətidir. İranın xarici işlər naziri A.Əraqçının nazir təyin olunan kimi əlaqə saxladığı dövlətlər, o zaman buna verilən reaksiyalar hər şeyi göstərir.

İsrail-Azərbaycan əlaqələrinin də səbəblərini, mənşəyini İran mənbələrindən öyrənə bilərlər. 1994-cü ilə qədər Azərbaycanın ərazisində yalnız İran hərbçiləri olub. Bu iştirak 1994-cü ilin mayında Azərbaycanın məğlubiyyətinə aparan atəşkəs müqaviləsinin imzalanmasına gətirib çıxartdı. İsrailin Azərbaycana gəlməsi mövzusu İranın mətbuatında 1997-ci il göstərilir. Ulu Öndər H.Əliyevlə İsrail rəsmiləri görüşdü. Hərbi proseslər isə bundan 2-3 il sonra başladı.

İran İslamçılığı, İslam dövlətçiliyini, ərəbləri qəbul edə bilmir. Müsəlmançılığın düşmənidir, müsəlmançılığın içərisində şiəliyin isə qaniçən düşmənidir. Bu səbəbdən Azərbaycana qarşı bəhanə axtarır. İsrail olmayacaqdır, başqa bir bəhanə olacaqdır. 1997-ci ilə qədər İsrail Azərbaycanda olmayıb. O vaxta qədər Azərbaycanda çoxlu neqativ hadisələr İranın adı ilə bağlıdır. İsrail Azərbaycanla əlaqələrə malik deyildi.

İran ətrafında çox kövrək geosiyasi sabitliyi pozub. ABŞ, Rusiya, Çin İranın indiki gücdə qalmasının tərəfdarı deyil. Müxtəlif variantlarda İrana gözləmədiyi istiqamətdən ciddi zərbə gələ bilər. SEPAH-a və onun siyasi məsələlər üzrə müşavirinə də mövzunun bu tərəfinə diqqət verməyi tövsiyə edərdik. Savadlarını artırmaq üçün hazırlıq kurslarının təşkil olunması çox vacibdir. İranın ali dini lideri dünən çıxış edərkən əlində təbii ki, qeydləri var idi və qeydləri də ətrafındakılar, köməkçiləri hazırlamışdı. Qərbin regiondan neft alması və əvəzində regiona texnologiya verməsini İranın ali dini lideri batil siyasət adlandırdı. Ölkənin, millətin, xalqın rəhbərinə belə tezismi verərlər?! Əksinə, İran indiki imkanlarında da qısa müddət ərzində güclü iqtisadi sıçrayış yoluna düşə, texnologiya əldə edə, neftini də sata bilər. Bu bir daha onların savadla bağlı problemin olduğunu təsdiq edir.

Mübariz Əhmədoğlu
Politoloq



Şərhlər

Yaz...