İran məclisində bəzi millət vəkillərinin nüvə silahı istehsalına yönəlmiş çağırışları, yalnız ölkənin daxili təhlükəsizlik strategiyasını deyil, həm də regional və beynəlxalq əlaqələrə dərin təsir edə biləcək bir inkişaf kimi dəyərləndirilir.
Xüsusilə Tehrandan olan millət vəkili Əhməd Naderinin İranın nüvə doktrinasını gözdən keçirməsi gərəkdiyi yönündəki açıqlamaları, bölgədəki mövcud gərginlikləri daha da artırma riski daşıyır. Bu çağırışların, İranın caydırıcılıq qabiliyyətini artırma məqsədi güddüyü bildirilsə də, belə bir addımın bölgədəki strateji tarazlıqları necə dəyişəcəyi suallar doğurur.
İranın nüvə siyasətində dəyişiklik: Potensial risklər və təhlükələr
İranın nüvə silahı istehsalına yönəlmiş çağırışları, başda İsrail və Azərbaycan olmaqla, bölgədəki bir çox ölkə üçün ciddi təhlükəsizlik təhdidləri yaradır. İsrail uzun zamandır İranın nüvə proqramını milli təhlükəsizliyinə birbaşa təhdid kimi dəyərləndirir və bu sahədə müxtəlif hərbi və kiber əməliyyatlar həyata keçirən bir ölkədir. İranın nüvə silahı istehsal etməyə başlaması halında İsrailin daha sərt tədbirlər görmə ehtimalı olduqca yüksəkdir. Bu vəziyyət iki ölkə arasında gərginliyi artıraraq hərbi bir münaqişə riskini yüksəldə bilər. İsrailin nüvə silahlarına sahib bir İranı qəbul etməyəcəyi və qarşısını almaq üçün daha aqressiv bir strategiyaya quracağıi gözlənilir.
Azərbaycanın İsrail ilə yaxın münasibətləri
Azərbaycanın İsrail ilə yaxın münasibətləri bu gərginliyi daha da mürəkkəbləşdirir. İran və Azərbaycan arasında son dövrlərdə baş verən sərhəd münaqişələri və diplomatik gərginliklər, nüvə silahı məsələsi ilə yeni bir boyut qazana bilər. Azərbaycanın müdafiə strategiyasını İsrail ilə yaxın hərbi əməkdaşlıq üzərinə qurması , Tehranın Bakıya olan güvənsizliyini artırıb. Bu da İran və Azərbaycan arasındakı gərginliyin dərinləşməsinə və potensial münaqişə senarilərinin meydana çıxmasına səbəb ola bilər.
Türkiyənin rolu: Balanslı bir diplomatik strategiya
Bölgədəki bu inkişafların Türkiyə üzərində də əhəmiyyətli təsirləri ola bilər. İranın nüvə silahı inkişaf etdirmə ehtimalı, Türkiyənin həm qonşusu İran ilə olan əlaqələrini, həm də müttəfiqləri Azərbaycan və NATO ölkələri ilə olan strateji bağlarını tarazlamaq məcburiyyətində buraxır. Türkiyənin, ümumilikdə nüvə silahlanmasına qarşı bir duruş sərgiləməsi və regional sabitliyi qoruma hədəfi ilə fəaliyyət göstərməsi gözlənilir. Lakin bu prosesdə, Türkiyənin Azərbaycan və İsrail ilə olan əlaqələrini də nəzərə alaraq daha həssas bir diplomatik tarazlıq qurması tələb olunacaq.
Türkiyənin NATO üzvü olaraq Qərb ittifaqına bağlılığı, İsrail ilə münasibətlərində tarazlığı qoruma səyləri və Azərbaycan ilə strateji tərəfdaşlığı, bu böhranın həllində əhəmiyyətli bir rol oynaya bilər. Xüsusilə Türkiyənin diplomatik cəhdləri, həm İranın nüvə silahı istehsalından imtina etdirilməsi, həm də bölgədəki digər aktorlarla mümkün münaqişələrin qarşısını almaq adına kritik ola bilər.
Bölgə təhlükəsizliyi və beynəlxalq diplomatiya
İranın nüvə silahı inkişaf etdirmə çağırışları, yalnız regional deyil, eyni zamanda qlobal diplomatiya baxımından da ciddi əks-sədalar yaradacaq. ABŞ və Avropa İttifaqı kimi qlobal güclərin İran üzərindəki diplomatik təzyiqləri artırması ehtimalı var. Bu inkişaflar, İranın beynəlxalq dairədə daha da izolyasiya olmasına səbəb ola bilər, eyni zamanda Tehran rəhbərliyini daha aqressiv addımlar atmağa da təşviq edə bilər.
Nəticə olaraq, İranın nüvə silahı istehsalına yönəlmiş çağırışları, bölgədəki tarazlıqları dəyişmə potensialına malik kritik bir inkişaf olaraq diqqət çəkir. Bu vəziyyət, İsrail, Azərbaycan və Türkiyə başda olmaqla bir çox ölkənin təhlükəsizlik və xarici siyasət strategiyalarını yenidən gözdən keçirməsinə səbəb ola bilər. Bölgədəki bütün tərəflər üçün nüvə silahlanma yarışı, nəzarət altına alınmayan bir münaqişə riskini də özündə daşıya bilər. Bu səbəbdən, beynəlxalq cəmiyyətin diplomatik cəhdləri bu prosesin yönünü müəyyən etməkdə açar rol oynayacaqdır.
Məsud Haray
Araşdırmaçı - jurnalist
ERAN ELİYEV
Düzələcəkdi
10 Oktyabr 2024 20:26