Tarix: 01.10.2024 / 23:36
İrandan İsrailə raket hücumu...  - Hava məkanları bağlandı, ABŞ hərəkətə keçdi

İrandan İsrailə raket hücumu... - Hava məkanları bağlandı, ABŞ hərəkətə keçdi

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) HƏMAS lideri İsmayıl Haniyə, Hizbullah lideri Həsən Nəsrullah və İnqilab Keşikçiləri Korpusunun komandiri Abbas Nilfuruşanın öldürülməsinə cavab olaraq İsrailə qarşı onlarla raket atdığını açıqlayıb.

İsrailin hərbi-siyasi kabineti bomba sığınacağında…

İranın raket hücumu zamanı İsrailin hərbi-siyasi kabinetinin üzvləri bomba sığınacağına yerləşiblər.
Qeyd edilir ki, son bir saat ərzində Təl-Əviv, Qüds və Hayfa üzərində yüzlərlə raket qeydə alınıb.

ABŞ hərəkətə keçdi

ABŞ prezidenti Co Bayden ABŞ ordusuna İranın hücumlarına qarşı İsrailə kömək etməyi və yəhudi dövlətinə atılan raketləri vurmağı əmr edib.

Bu barədə Ağ Evin bəyanatında deyilir:

"Prezident Bayden və vitse-prezident Kamala Harris Ağ Evin Vəziyyət Otağından İranın İsrailə hücumunu izləyir və milli təhlükəsizlik köməkçilərindən mütəmadi olaraq yeniliklər alır. Prezident Bayden ABŞ ordusuna İranın hücumlarına qarşı müdafiədə İsrailə kömək etməyi və raketləri vurmağı əmr edib".

ABŞ müdafiə naziri Lloyd Ostin israilli həmkarı Yoav Qalant ilə telefon danışığında vəziyyətin gərginləşməsi fonunda Birləşmiş Ştatların Yaxın Şərqdəki qüvvələrinin döyüş hazırlığını artırdığını bildirib.

İran İsraildəki hədəflərə 400-ə yaxın ballistik raket atıb. ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri hücumun dəf edilməsində iştirak edib.

Raketlər Xameneinin göstərişi ilə atılıb

“Reuters” məlumat yayıb ki, İsrailə raket hücumu İranın ali dini lideri Ayətullah Əli Xameneinin göstərişi ilə həyata keçirilib.

İran İsrailə raket hücumunu suverenliyin pozulmasına qanuni cavab hesab edib.

Bu barədə İranın BMT-dəki daimi nümayəndəliyi “X” sosial şəbəkəsində məlumat yayıb.

“Sionist rejimin İran vətəndaşlarına və maraqlarına qarşı yönəlmiş, İran İslam Respublikasının milli suverenliyini pozan terror aktlarına rasional və qanuni cavabı layiqincə yerinə yetirilib”, - diplomatik nümayəndəliyin məlumatında qeyd olunub.

İranın raket hücumuna cavab verəcəyik

“İsrail İranın raket hücumuna cavab verəcək”. Bu barədə İsrail ordusunun sözçüsü Daniel Haqari məlumat verib.

“Vətəndaşlarımızı qoruyacağıq. Planlarımız var. İstər hücumda, istərsə də, müdafiədə hazır vəziyyətdəyik. İstədiyimiz zaman və məkanda hərəkət edəcəyik”.

Qeyd edək ki, SEPAH bir az əvvəl yaydığı bəyanatda bildirib ki, İsrailin hərbi müqaviməti baş tutarsa, sarsıdıcı cavabla üzləşəcək.

Qəzzalılar sevinir

Qəzza zolağında yaşayanlar İranın İsrailə raket hücumuna sevindiklərini gizlətməyiblər. Bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

İran da uçuşları dayandırdı

İran İsrailə hücumlar səbəbindən daxili və xarici uçuşları dayandırıb. Bu barədə Tehran hava limanının rəhbəri məlumat yayıb.

“The New York Times“ məlumat yayıb ki, İsrail də hava məkanını bağlayıb. Uçuşlar İsraildən kənarda alternativ istiqamətlərə yönəldilir.

İran ilk dəfə bunu bacardı

İranın “Fəttah” hipersəs raketləri ilk dəfə İsrailin “Arrow-2” və “Arrow-3” raketdən müdafiə sistemlərini məhv edib. Bu barədə İranın IRIB telekanalı bildirib.

İranın raket hücumu nəticəsində İsrailin 20-dən çox 5-ci nəsil F-35 qırıcıları məhv edilib. Bu barədə İranın “Shafaqna” agentliyi bildirib.

Təyyarələr Bakıya eniş edir...

İran üzərindəki hava məkanının müvəqqəti bağlanması səbəbilə bir sıra beynəlxalq aviaşirkət Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu ilə müraciət edib.

Bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib.

Varşava–Mumbay reysini həyata keçirən “LOT Polish Airlines” aviaşirkətinin “Boeing 787” təyyarəsi yerli vaxtla saat 21:47-də Bakı aeroportunda uğurla eniş edib.

Eyni səbəblə “Qatar Airways” aviaşirkətinə məxsus Moskva–Doha reysini yerinə yetirən “Boeing 787” təyyarəsinin kapitanı Bakı aeroportuna məcburi eniş üçün sorğu ünvanlayıb. Hava gəmisi saat 21:53-də uğurla eniş edib.

Qeyd edək ki, Heydər Əliyev Beynəlxalq Aeroportu istənilən hava gəmisini, o cümlədən “Airbus A-380” kimi iri təyyarələri qəbul etmək imkanına malikdir. Hava limanı fasiləsiz rejimdə çalışaraq aviaşirkətlərin sorğularına operativ cavab verir və reyslərin təhlükəsiz icrası üçün bütün zəruri xidmətləri təqdim edir. Bütün fövqəladə vəziyyətlərdə aeroportun xidmətləri sərnişinlərin təhlükəsizliyini və rahatlığını təmin etmək üçün koordinasiyalı fəaliyyət göstərir.


Şərhlər

Yaz...