İsrailin İrana oktyabrın 26-da baş tutmuş hücumundan sonra bu ölkədə Azərbaycan əleyhinə təbliğatın yeni dalğasına start verilib.
Diaspora.TV xəbər verir ki, bu barədə Azadİran məlumat yayıb.
Qeyd olunub ki, İranda Azərbaycan Respublikasına qarşı çıxışlar heç vaxt səngiməyib. Sadəcə hər dönəmdə bunu həyata keçirmək üçün müxtəlif bəhanələrdən istifadə olunub.
Belə ki, son vaxtlara qədər İranda anti-Azərbaycan isterikanı qızışdırmaqdan ötrü bir bəhanə olaraq əsasən Zəngəzur dəhlizi mövzusundan istifadə edilirdisə, İsrailin həmləsindən sonra İran mediasında Azərbaycan-İsrail əlaqələri yenidən gündəmə gətirilib.
Baş verənlər kontekstində İran təbliğatı üçün ənənəvi sayıla biləcək bu mövzuya yeni məqam əlavə olunub və heç bir əsas olmadan guya Azərbaycanın da İsrailin İrana hücumunda iştirak etdiyi barədə iddia tirajlanmağa başlayıb.
Halbuki İsrailin hücumundan cəmi on gün əvvəl Tehranda səfərdə olan Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev İran Xarici İşlər naziri Abbas Əraqçi ilə görüşündə demişdi:
“Azərbaycan Respublikası heç bir vəchlə öz ərazisindən qonşularına qarşı hər hansı hücumun həyata keçirilməsinə imkan verməyəcək”.
İran mətbuatında geniş şəkildə əksini tapmış bu rəsmi mövqeyə rəğmən, Azərbaycan əleyhinə uydurma ittihamların səsləndirilməsi başqa mətləblərdən xəbər verir. Görünür, İsrail təhlükəsi İran rejimi üçün sözün həqiqi mənasında bir kabusa çevrilib və rejim təmsilçiləri özlərindən asılı olmadan həmin kabusu hər yerdə, o cümlədən şimalda da görürlər – Azərbaycan əleyhinə son on gündə ara verməyən cəfəng iddiaları başqa cür izah etmək mümkün deyil!