Tarix: 01.10.2024 / 15:35
İran Zəngəzur dəhlizi qarşısında nə edəcək? -    İranlı ekspert

İran Zəngəzur dəhlizi qarşısında nə edəcək? - İranlı ekspert

"Ermənistan və Azərbaycan arasında İkinci Qarabağ Müharibəsinin başlaması ilə Cənubi Qafqaz bölgəsi növbəti dəfə ciddi təhlükəsizlik böhranı ilə üzləşdi. Azərbaycan Qarabağ müharibəsində Ermənistanın işğalında olan torpaqları 44 gün ərzində geri aldı. Daha sonra Rusiyanın vasitəçiliyi ilə atəşkəs imzalandı və Azərbaycanın Naxçıvana çıxışı üçün təhlükəsiz marşruta şərait yaradılması razılaşdırıldı".

Diaspora.TV xəbər verir ki, bu barədə siyasi elmlər üzrə magistrant Fərzad Həsənzadə “Donya-e-eqtesad” saytında yazıb.

O, iddia edib ki, guya Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılması üçün Ermənistana təzyiqlər göstərib.

Ekspert qeyd edib ki, ikinci Qarabağ müharibəsində Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə Bakının Cənubi Qafqazda mövqeyini yaxşılaşdırıb:

"Qələbədən keçən bu dörd ildə Azərbaycanı Naxçıvanla birləşdirən Zəngəzur dəhlizinin açılması hər zaman müzakirə mövzusu olub. Ermənistan isə dəfələrlə bu dəhlizə qarşı çıxıb".

Ekspert əlavə edib ki, guya Zəngəzur dəhlizinin açılması İranın maraqları, milli təhlükəsizliyi və ərazi bütövlüyü üçün ciddi risklər daşıyır, İran isə Cənubi Qafqazda beynəlxalq sərhədlərin dəyişdirilməsinin əleyhinə olduğunu açıqlayıb:

"Zəngəzur dəhlizinin yaradılmasında Azərbaycanın əsas dəstəkçisi Türkiyədir. Dəhlizin açılması ilə Azərbaycan Naxçıvanla, oradan da Türkiyə ilə birləşəcək və nəticədə Türkiyə Azərbaycana yaxın qonşu olacaq. Türkiyənin Qafqazda aktivləşməsi İrandan daha yüksək olacaq. Habelə İran-Ermənistan sərhədi bağlanacaq. İranın Avropaya çıxışı isə Türkiyə və Azərbaycanın icazəsindən asılı olacaq. İranın Ermənistanla qonşuluğunun aradan qaldırılması da Türkiyəyə üstünlük verəcək. Azərbaycan öz qazını Türkiyəyə daha asan və sürətli şəkildə ixrac edəcək...".

Qeyd olunub ki, Rusiya ilə sıx əlaqələrinə görə İranın Zəngəzur dəhlizi məsələsinin həlli ilə bağlı qərar qəbul etməsi və fəaliyyət göstərməsi çətinləşib.

"Azərbaycan və Türkiyənin siyasəti ilə mübarizə aparmaq üçün İran regional arenalarda öz mövqeyini möhkəmlətməsi üçün digər dövlətlərlə əlaqələrini yaxşılaşdırmağa çalışmalıdır", - deyə Ekspert bildirib./Azadİran


Şərhlər

Yaz...