Tarix: 15.10.2024 / 18:40
İran Yaxın Şərqdəki qırmızı xəttini    dəyişirmi?

İran Yaxın Şərqdəki qırmızı xəttini dəyişirmi?

“İndi İran Yaxın Şərqdə mövqelərini itirdiyinə görə, bu layihə ilə razılaşmalı və Zəngəzur dəhlizində öz qırmızı xəttinin keçilməsinə icazə verməlidir”.

Bu fikiri Yaxın Şərq üzrə məşhur mütəxəssis Mordeçay Kedar “Jerusalem Post” nəşrində yer alan məqaləsində bildirib.

Yazını qısa ixtisarla Diaspora.TV -nin oxucularına təqdim edirik:

“Tehran Times” bu yaxınlarda Naxçıvan vilayətini Azərbaycanla birləşdirən Zəngəzur dəhlizinin tikintisinin qəbuledilməz olduğunu yazıb: “Təklif olunan “Zəngəzur” dəhlizi Ermənistanın əsrlər boyu İranla həmsərhəd olan tarixi Sünik vilayətindən keçəcək. İran dəfələrlə təklif olunan dəhlizə qarşı olduğunu bir daha bəyan edərək, öz tarixi sərhədlərini, eləcə də regionda geosiyasi sabitliyi qorumaq öhdəliyini vurğulayır”. Qəzet yazıb ki, İranın xarici işlər naziri Abbas Əraqçi qonşuların ərazi bütövlüyü və öz sərhədləri üçün istənilən təhdid onların “qırmızı xətti" olduğunu deyib.

Həmas lideri İsmayıl Haniyə və Hizbullahın baş katibi Həsən Nəsrullahın aradan götürülməsi, həmçinin Hizbullahı hədəf alan peycer hücumları fonunda sual yaranır: Zəngəzur dəhlizi hələ də Tehranın qırmızı xəttidirmi? İsrailin Livanda Hizbullah, Qəzzada Həmas və İslami Cihad, hətta Yəməndə husilərə qarşı döyüşdüyü bir vaxtda Tehran getdikcə daha çox zərbə alır. Bəzi ərəb ölkələri hətta İranın İsrailə yönəlmiş raketlərini ələ keçirmək üçün öz hava məkanından istifadə etməyə icazə verib. Həqiqətən də, İsrail İran məsələsini birdəfəlik həll edərkən bəzi müsəlman ölkələri passiv qalmaqla kifayətlənir.

Belə bir şəraitdə Livandan Yəmənə qədər uzanan Şiə Ayparası ağır hücumlar altında dağılarkən İran Zəngəzur dəhlizinin yaradılması ilə necə məşğul ola bilər? Dəhlizin böyük bir hissəsi Ermənistan ərazisindən keçir və İranla heç bir təması yoxdur.

Əslində, rusların bu razılıq verdiyi dəhlizin Rusiyanın müşahidəsi və nəzarəti altında olacağı gözlənilir. Rusiyanın Tehranla yaxşı münasibətləri var. Ruslar onilliklərdir ki, İran-Ermənistan sərhədində yerləşdirilib və bu mövcudluq İranı heç vaxt zərrə qədər narahat etməyib. İranın Yaxın Şərq regionunda üzləşdiyi çoxsaylı problemləri, o cümlədən dörd ərəb paytaxtı üzərində nəzarəti ilə bağlı çətinlikləri nəzərə alsaq, indi niyə belə hay-küy salsın ki? Ola bilsin ki, Zəngəzur dəhlizi Qafqaza heç bir aidiyyatı olmayan məsələlərlə bağlı Rusiyadan narazılıqlarını ifadə etmək üçün bəhanədən başqa bir şey deyil.

İranın qırmızı xətti əslində, Ermənistanın İranın hesabına Qərbə yaxınlaşdığı bir vaxtda regionda nəzarəti saxlamaq cəhdi ola bilər. Azərbaycanın bölgədə İranın əsas düşməni olan İsraillə strateji müttəfiqliyi var, Türkiyə və Rusiya da bölgədə yüksəlişdədir. Belə bir mühitdə Tehran uduzur, çox güman ki, ona görə də Zəngəzur dəhlizinin əleyhinə çıxırlar.

Əvvəllər İran imperiyasının bir hissəsi olmuş, əhalisinin əksəriyyəti şiə məzhəbinə mənub olan Azərbaycanın İranın fundamentalist İslam şərhini tamamilə rədd etməsi və İslam Respublikası üzərində İsraillə ortaqlığı seçməsi həmişə İranın gözünə batan tikan olub. İran hər zaman Bağdad, Dəməşq, Səna və Beyrut üzərində təsirə malik olsa da, bunu Bakıya münasibətdə edə bilmədiyinə görə məyus olub. Baxmayaraq ki, İranda xeyli azərbaycanlı yaşayır və İranın hazırkı prezidenti etnik azərbaycanlıdır.

İran mövqelərini itirir

İndi İran Yaxın Şərqdə mövqelərini itirdiyinə görə, bu layihəyə razılıq verməli və Zəngəzur dəhlizində öz “qırmızı xətti”nin keçilməsinə icazə verməlidir. İran “Hizbullah”, “Həmas”, “İslami Cihad” və Husiləri müdafiə etməklə o qədər məşğuldur ki, Rusiyanın Zəngəzur dəhlizini dəstəkləməsi və onun Ermənistanla Azərbaycan arasında imzalanmış sülh sazişi çərçivəsindəl həyata keçirilməsinə əhəmiyyət vermir. Tehranın sözügedən dəhlizə qarşı çıxmasının başqa bir səbəbi odur ki, bu, Qərbi gücləndirəcək və İranı zəiflədəcək. Dənizə çıxışı olmayan Ermənistan, beynəlxalq təcridə məruz qalmış və terrorizmin qlobal sponsoru kimi görünən bir dövlətdən daha çox ticarət imkanlarına sahib olacaq. Bu da mollaların xoşuna gəlmir.

Hazırda Rusiyanın himayəsi altında Zəngəzur dəhlizinə Azərbaycanın nəzarə etməsinə etiraz naminə İranın edə biləcəyi çox şey yoxdur. Əgər Ermənistan rəhbərliyi sırf Bakı ilə sülh sazişinin imzalanması üçün Qarabağ ermənilərinin lideri Ruben Vardanyanın Bakı həbsxanasında oturmağına razı olduqlarını nümayiş etdirirsə, onda niyə sülh naminə Zəngəzur dəhlizinə Rusiyanın nəzarətinə müdaxilə etsin ki? Ermənistan tezliklə sülh müqaviləsi çərçivəsində Türkiyə və Azərbaycan ərazilərindən istifadə edərək Fransa, İngiltərə və ABŞ-lə ticarət edəcəksə, o zaman İranla ticarətə bir o qədər də ehtiyacı qalmır. Bu, Tehranı Qafqazda oyundan kənrda qoyur, yaxın gələcəkdə İsrailin İrana və onun proksilərinə yaxınlaşması halında mollalar üçün qələbə vəd etmir.

Şərhlər

Yaz...