Diaspora.TV-də politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub vaxtı”nda SOCAR-ın İstanbul ofisinə basqın və bu hadisələrdə İranın rolu məsələsinə toxunulub.
M.Əhmədoğlu bildirib ki, bir qrup Türkiyə vətəndaşının bu hücumu diaspora kontekstindən ən mürəkkəb konfiqurasiyalıdır:
“Çünki hücumda iştirak edən Türkiyə vətəndaşlarının bir qrupu Azərbaycan kökənlidir, onları bu işə təhrik edənlərin içərisində Türkiyədə İranın yaratdığı anti-Azərbaycan mahiyyətli iki media platformasıdır. İran Türkiyədəki adamlarını həm Azərbaycan, həm də Türkiyə əleyhinə istifadə edib. Qəzzada hərbi əməliyyatlar sona yaxınlaşdığı üçün Türkiyədə “Fələstin üçün min gənc” hərəkatında müəyyən pauza yaranmışdı. Birdən-birə bu pauza pozuldu və aktivlik yarandı. Aktivlik Türkiyədə Azərbaycana qarşı yönəlmiş iki media platformadan başladı. Onların media aktivliyi və ardınca da SOCAR-ın İstanbul ofisinə hücum... Bundan bir az əvvəl isə SOCAR BƏƏ-dən 2 neft yatağından 3% pay almışdı. BƏƏ İran üçün həssas mövzudur. Üç ada mövzusu İran üçün böyük başağrısına çevrilir. Heç bir dövlət o adaları İranınkı qəbul etmir. BMT Təhlükəsizlik Şurasının üzvü olan Rusiya da bu adaları BƏƏ-yə məxsus hesab edir. Çin də bu yaxınlarda adaları mübahisəli adlandırdı və İranla BƏƏ-ni danışıqlar yolu ilə bu mübahisəni həll etməyə çağırdı”.
Politoloq bildirib ki, İran Azərbaycanın da 3 ada mövzusunda BƏƏ-yə dəstək verəcəyindən qorxduğu üçün İstanbul ofisində belə gərgin vəziyyət yaratdı:
“Hətta Türkiyənin içərisində sənin üçün gərginlik yarada bilərəm və Türkiyə səni müdafiə edə bilməz” görüntüsü yarada bildi. İrançıların SOCAR-a hücumu birinci dəfə deyil. Bir neçə il öncə Pakistanla Azərbaycan hökuməti arasında imzalanmış neft müqaviləsinin SOCAR tərəfindən reallaşmasına İran ciddi maneçilik törətdi. Azərbaycan sonradan Pakistana əlavə neft göndərdi. İndidə tək BƏƏ ilə deyil, SOCAR artıq İraqla danışıqlar aparır. İraq ərazisində həm İraqın, həm də İraq kürdləri və İraq türkmənlərinin ərazisində olan neft yataqlarının işlənməsində böyük pay SOCAR-a nəsib olacaqdır. İranı qorxudan budur. İran hesab edir ki, SOCAR Azərbaycanın ikinci ordusudur, bu qaydada İranı dövrəyə alır”.
M.Əhmədoğlu qeyd edib ki, vaxtilə ermənilər Prezident İlham Əliyevin siyasətini “anakonda ilgəyi”nə bənzətmişdilər:
“İlham Əliyev 10 il prezident olduqdan sonra Ermənistan ətrafında fərqli mənzərə göründü. Həm Gürcüstandakı azərbaycanlılar, həm Qars, İğdır azərbaycanlıları, həm də İranın Ermənistanla sərhəd rayonlarındakı azərbaycanlılar çox aktiv və özlərinə inamlı idilər. Ermənistan başa düşdü ki, azərbaycanlıların aktivləşməsinin əsas səbəbi Prezident Əliyevin beynəlxalq aləmdə qazandığı uğurlardır və bunu “anakonda ilgəyi” adlandırdılar. İndi İran başa düşür ki, Azərbaycan İran ətrafında “anakonda ilgəyi” qurub. Azərbaycanın milli ideologiyası “Düşmənsiz Azərbaycan” şüarı ilə daha düzgün ifadə olunur. Azərbaycanın qonşuluğunda düşməni olmamalıdır, olacaqsa o düşmənlə hər cür danışıqlar aparılmalıdır. Danışıqlar da nəticə verməsə müxtəlif variantlarla düşmən neytrallaşdırılmalıdır. SOCAR belə siyasətlərdə ən öndə olan strukturlardan biri olacaq. İranın SOCAR-a qarşı təzyiqlərinin bundan sonra da davam etməsi çox ehtimallıdır”.
M.Əhmədoğlu verilişində İranın Fələstin məsələsindəki mövqeyinə də toxunub:
“İran Fələstini tanımır. Fələstin dövlətinin prezidenti Mahmud Abbasın fikrincə, HƏMAS-ın oktyabrın 7-də hərbi təxribatının səbəbi İsraili Qəzzanın üstünə qaldırmaq, Qəzzanı xarabaya çevirmək idi. Az keçmiş İranın ali dini lideri Fələstinlə bağlı mövqeyini bildirdi. M.Abbas buna da tənqidi reaksiya verdi və “Fələstin dövlətinin dirçəldilməsi İranın məqsədi deyil” fikrini işlətdi. İran Fələstini inkar edir. Türkiyədə olan İranın media platformalarının əgər cəsarətləri varsa İranda Fələstinin səfiri, səfirliyin əməkdaşlarından müsahibə alsınlar. İran rəsmilərinin Fələstinin İrandakı səfirinin nə vaxt qəbul etdiyini, yardımını soruşsunlar. İranın gözünün qabağında Fələstin dövləti formal olaraq mövcuddur. Fələstinin dövlət büdcəsinin yarısı İsrail, Aİ, ABŞ-dan formalaşır. Qalan yarısı isə Fələstinin özündən formalaşır və 1-2 ərəb fondu yardım edir. İran Fələstinə deyə bilərdi ki, İsrail, ABŞ, Aİ-dən pul alma, büdcəni mən dolduracağam. Deyibmi, yox. İranın ali dini lideri “Əl-Əksa tufanı”nın səbəbini açıqladı: İsrail Yaxın Şərq regionu üçün yeni xəritə cızmışdı, Səudiyyə Ərəbistanı ilə münasibətləri normallaşırdı, bu İrana ziyan idi. İran İsraillə Səudiyyə Ərəbistanının münasibətlərinin normallaşmasının qarşısını almaqdan ötrü “Əl-Əksa tufanı”nı törətdi”.
Politoloq qeyd edib ki, Mahmud Abbasın Azərbaycan Respublikasına münasibəti çox müsbətdir:
“28 may Müstəqillik Günü ilə bağlı Azərbaycan Prezidentinə təbrik göndərmişdi. Azərbaycanın xarici işlər naziri mütəmadi Fələstin rəsmiləri ilə əlaqədədir. Azərbaycan Fələstində layihələr reallaşdırır. İnşallah, Azərbaycan, xüsusən SOCAR Fələstin dövlətinin qurulmasında çox ciddi fəaliyyət göstərər”.
M.Əhmədoğlu bəyan edib ki, SOCAR-a hücumun məqsədi Azərbaycan-İsrail münasibətlərini pozmaqdır:
“Azərbaycan buna imkan verməyəcək”.
Bahar yusifli
Mübariz müəllim yaxşı danışır amma ki, ıııı çox etməsə daha yaxşı olar
09.06.2024 / 10:43