Tarix: 23.09.2024 / 10:03

İran-Rusiya savaşının şifrələri: Tehran nə istəyir?

"Diasporla Gündəm"in növbəti buraxılışında son dönəmlər Cənubi Qafqazda yaşanan İran-Rusiya qarşıdurması, Zəngəzur dəhlizi ətrafında baş verən hadisələr müzakirə edilib.

Verilişdə siyasi şərhçi Asif Nərimanlı və alman teleradiosunun eksperti Dalğa Xatınoğlu iştirak edib.

İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığının iqtisadi yönləri barədə söhbət açan D.Xatınoğlu bildirib ki, Tehran bütün beynəlxalq tranzit layihlərindən uzaqlaşdırılıb.

"İran gözləyirdi ki, Çinin yeni İpək Yolu layihəsində yer alsın, amma Çin daha çox Mərkəzi Asiya, Türkiyə və Qafqazdan öz mallarını tranzit etməyə maraqlıdır. Digər tərəfdən görürük ki, Hindistan Səudiyyə Ərəbistanı ilə böyük bir layihəyə imza atdı və İran oradan da kənarlaşdırıldı. İran Zəngəzur dəhlizi ilə bağlı sərt mövqeyini davam etdirir", - D.Xatınoğlu deyib.

A.Nərimanlı isə İranın Zəngəzur dəhlizinə görə adətən Azərbaycanı yox, Rusiyanı hədəf seçməsinin səbəblərini açıqlayıb:

"İranın barışmadığı məsələlər var. Bu, həm tarixdən gəlir, həm də regionda yeni reallıqlar fonunda yaranıb. Düşündürücü məqam da ondan ibarətdir ki, əgər İran dəhlizi özünün "qırmızı xətt"i adlandırırsa, konkret səbəblərini də açıqlamalıdır. Lakin müəyyən bir ritorika üzərindən təbliğat aparırlar. Onlar üçün əsas qorxu Cənubi Qafqaza çıxışın məhdudlaşmasıdır. Zəngəzur dəhlizi səbəbindən adətən Azərbaycanı təhdid edən İranın indi Bakıya yox, Moskvaya xitab etməsinin iki səbəbi var: "Birincisi, Rusiya dəhliz layihəsinin reallaşması istiqamətində aktivləşib və proses Moskvanın planına uyğun davam edərsə, Bakı və Ankaranın mövqeləri güclənəcək, Tehranın bölgədə “ikinci dərəcəli” oyunçu mövqeyi sabitlənəcək. İkincisi və ən əsas məqam Zəngəzur dəhlizində Rusiyanın iştirakına qarşı olan Qərbə “regionda sizin maraqları İran qoruyur” mesajını verməkdir: Ermənistanın sərhədlərini “qırmızı xətti” elan edəndə İranın hədəflərindən biri Qərbdən dəstək əldə etmək, yaxud ən azı sanksiyalar məsələsində qazanclı çıxmaq idi, buna görə Azərbaycanı hədəf olaraq seçmişdi, indi hədəfi daha böyükdür – Rusiya".

Şərhlər

Safura vahabqizi

Ela bir verilis olub

23.09.2024 / 10:58

Yaz...