Tarix: 02.10.2024 / 10:04

İran İsrailin əmrlərini necə icra edir?

İranın Qəzzada başladığı müharibə rəsmi Tehranın özü üçün ağır vəziyyət yaradıb. Ölənlər, şəhid olanlar hədsiz çoxdur. Son hadisələrdə dönüş Hizbullah lideri Şeyx Nəsrullah öldürüldükdən sonra İsrailin İrana əmr verməsi oldu. İran Livana təyyarə göndərirdi, İsrail İran təyyarəsinin Livana getməsinin qadağan etdi. İran heç bir söz demədən təyyarəsini geri qaytardı. İran İsrailin tövsiyələrinə riayət edir. B.Netanyahunun “İranın hər qarış ərazisinə bələdik” mesajını İranda tövsiyə kimi qəbul etdilər və Ali dini liderini gizlətdilər. İran camaatından, siyasi elitasından gizlidir, İsraildən də gizlidirmi?

İsrailin ölümünü planlaşdıran İran “ölən” İsrailin əmrlərini icra edir. Vəziyyətin paradoksu budur. Bu, İranın gücü daxilində deyil. Vaxtilə İran hərbi cəhətdən çox zəif, gücü yox idi. Bununla belə İran 8 illik müharibədə duruş gətirərək Səddam Hüseynə qalib gəldi. S.Hüseynin gücü var idi və ancaq öz gücünü tanıyırdı. Allahı unutmuşdu. Əhaliyə, xüsusilə şiələrə etdiyi zülmlərlə bağlı bir çox məsələlər qapalı qalıb. İranın Allaha inamından başqa heç nəyi yox idi. Allaha inam İranın qələbəsinin səbəbi oldu. İndi İranın gücü, raketi, PUA-sı var, bu raket, PUA İranda təkəbbür yaradıb, onları Allahdan uzaqlaşdırıb.

İranın adi eksperti və ya aparıcısı Azərbaycan dövlətinə, Prezidentinə hədə gəlir. Azərbaycanda isə Ali dini liderin, İran prezidentinin adı çox hörmətlə çəkilir. Çox nadir hallarda kəskin ifadə işlənə bilər. İranda Prezident, ailəsi haqqında çoxu kinayəli, təhqirli ifadələr işlətdikdən sonra bizim hansısa mətbuat bir kəlmə söz deyə bilər. İran bu qədər təkəbbürün tərəfdarıdır, əsiridir. İranı idarə edən anti-Azərbaycan emosiyalardır.

İranın iqtisadiyyat naziri Hemməti RF prezidentinin xüsusi olaraq Şimal-Cənub marşrutu üzrə köməkçisi İ.Levitinlə görüşür və Azərbaycanın adını çəkmədən İranla Rusiya arasında Rəşt-Astara dəmir yolundan danışır. Hemməti Rza Zərrabdan bu yana beynəlxalq aləmdə pul üzrə ən möhtəkir korrupsiya sxemlərinin müəllifidir. Yalanı, əyri sözü çox asan danışa bilir. İranın qərarı var ki, Rusiya ilə Azərbaycan arasında elektrik enerjisinin mübadiləsi Azərbaycan üzərindən reallaşsın. 7-8 il Azərbaycan, Ermənistan, Gürcüstan dedilər. Sonda nəhayət Azərbaycan ərazisindən mübadilə aparmağı qərarlaşdırdılar. İndi nazir A.Əlabadi Azərbaycanın adını çəkə bilmir.

İran 1500 km aralıda Fələstini, sünniləri müdafiə edir, sərhədində olan ərazidə şiə müsəlmanının torpağı 30 il işğal altında oldu. Nəinki işğal altında qaldı, hətta İran xristian işğalçıya kömək etdi.
Allahın bu məsələyə necə münasibət bildirəcəyini təbii ki, İrandakılar bizdən yaxşı bilir. İranın həmişə Qarabağ mövzusunda Allah yolunda müsəlmanın yanında olmağı göstərməyə imkanı olub, amma heç zaman bunu etməyib. Bu anti -kursun da müəllifinin 2011-ci ildən ali dini lider olduğunu etiraf etdilər. İndi İsrailin əmri ilə oturub durur, çünki yəhudi müsəlman deyil.

Ətrafında olan bütün qonşularla İran yola getmir, hamısı ilə problemi var. İranın Ali dini liderinin ofisinin əməkdaşını xarici işlər naziri təyin edirlər. Onun birinci əlaqə saxladığı 5 xarici işlər naziri erməni və avropalılar oldu. Yaradılan təsəvvürə görə İran müsəlman ətrafının üfunətindən boğulur, tək Ermənistandan təmiz hava gəlir. İranın müsəlman qonşularına nifrəti indi o dərəcədədir ki, hətta İran müsəlman qonşularını dəyişmək niyyətindədir. Yeni qonşular yaratmaq planına özü şərait yaradır. Bir azdan ərəb, bəluc, türkmən, kürd, Azərbaycan və s. bu kimi adlarla İranın qonşuları “yaradıla” bilər, çünki İranın daxili bunu tələb edir. Tək Ali dini liderin ofisi müsəlmançılıqdan, İslam dövlətlərindən iyrənmir, əhali də Qərbə meyllənir. Əhalinin Qərbə meyllənməsi müəyyən qədər hakimiyyətin daxilindən gələn siyasətin də nəticəsi ola bilər. İran başa düşür ki, Qərblə əlaqəsi zəif olduğu üçün tək əhalisi deyil, həm də Çin və Rusiya da onunla fərqli dildə danışır. Hətta Tehranda İsmayıl Haniyanı öldürən İsrailə qarşı cavab tədbirlərini də İran ABŞ-la razılaşdırırmış. Bunu M.Pezeşkian hökumətin iclasında özü açıqladı. Sadəcə İran ABŞ-ın tələblərini hələ gizlədir. ABŞ İranın qarşısında həm proksilərini sıradan çıxarmaq, həm də raket və PUA-sından imtina etməyi qoyub. Yəni raketi, PUA-sı olmayan, proksiləri sıradan çıxan İrana ABŞ nə isə təklif verə bilər. ABŞ-dan da təklif alan İran öz əhalisinin xoşuna gələ bilər. Proksilərini sıradan çıxaran İranın bu proses göz qabağındadır. Hizbullahın lideri öldürülən kimi husilərin İranda olan təmsilçisini helikopter qəzasında öldürdü.

SEPAH və ya İranın hərbi strukturu tam ABŞ və İsrailin nəzarəti altındadır. SEPAH-ın generalı Q.Süleymaninin ölümü ilə bağlı ABŞın sabiq prezidenti D.Trampın verdiyi əmrin icrasında iştirak etdi. Sonradan bütün qətllərdə İranın casuslarının adı hallanır. Şeyx Nəsrullahın da yerini İran casusunun dediyi ilə bağlı ciddi məlumatlar var. İran hələ bunu təkzib etməyib.

ABŞ-ın belə vəziyyətdə İrana istədiyini verməsi qeyri-mümkündür. Çünki İslam inqilabının mahiyyəti İran və ABŞ üçün fərqlidir. ABŞ hesab edir ki, İran şahı SSRİ-yə meyllənmişdi. Xüsusilə kənd əhalisini acından ölməmək üçün şah bir neçə dəfə torpaq islahatı keçirdi. Bu torpaq islahatının sonuncu versiyası “Qırmızı inqilabı” yada saldı, adını da “Ağ inqilab” qoydular. Nəcəfdə müəllim işləyən, hər cür şəraiti, yeməyi-içməyi, təhlükəsizliyi təmin olunan, yalnız mətbuata çıxmaq resursları zəif olan S.R.Xomeynini altı aylıq Fransaya göndərdi. Mətbuatı qabağına yığdı və sonra da öz təyyarəsində və öz təhlükəsizlik xidmətinin əməkdaşları vasitəsilə Tehrana gətirdi. O vaxt İran inqilabçıları ABŞ-ı aldatdılar. ABŞ siyasi sahəni İrana verməklə, hərbi sahəni öz əlində saxlamaq istəyirdi. İranın indiki ali rəhbəri o zaman İranın müdafiə naziri idi və həlledici addımlar atdı, İranın hərbisini tam müstəqil etdi. Yəni ABŞ-ın təsirindən uzaqlaşdırdı.

ABŞ hesab edir ki, İran onu aldadıb və ona görə də rəsmi Tehrana inanmır. İran ABŞ-ı inandırmaq üçün çox ciddi addımlar atmalıdır. İranı beynəlxalq aləmdə xarakterizə edən ən vacib addım onun Azərbaycan Respublikası, xalqı ilə münasibəti idi. Qarabağ müharibəsi dövründə Azərbaycan Respublikasının daxilində İranın quru qoşunları olub. 1994-cü ildə mayın 12-də Azərbaycan məğlubiyyət müqaviləsini imzalamağa məcbur edildi. Çünki İranın Azərbaycanın daxilindəki hərbçiləri ya İslami quruluş qurmaq istəyirdilər və ya hakimiyyət çevrilişinə hazırlaşırdılar. İranın ən yaxşı yolu bütün hallarda Azərbaycan Respublikasına daimi yaxşılıq etməsi idi, amma əksinə etdi. İndi İranın Azərbaycana siyasəti onun çökməsinin təməlini qoydu. İran “güclü, böyük, ağıllı kiçik qardaş” prinsipi ilə Azərbaycanla rəftar etməli idi. Biz azərbaycanlılar Şərq dünyasında çox şeylərin bünövrəsini qoymuşuq. Demokratik Cümhuriyyət, qadın bərabərliyi, tolerantlıq, rabitə, dəmir yolu sistemləri və s. Azərbaycanda qurulub. Opera, musiqinin 7-8 növü üzrə bütün Şərqdə birinci şəxslər azərbaycanlılardır. Ona görə də yarızarafat, yarıgerçək azərbaycanlılara türk, müsəlman dünyasının “yəhudiləri” deyirlər. Ağlımıza, bacarığımıza görə bub ad verilib. İranın gücü, böyük ərazisi, neft-qaz potensialı ilə Azərbaycanın ağlını birləşdirməli idi. İqtisadi imkanları ilə dünyanın ən güclü dövlətləri sırasında olmalı idi. Bəlkə də indi G7-nin üzvlərindən biri məhz İran ola bilərdi.

İran rəhbərliyinin gələcəyini fikirləşməsi çox vacibdir. Qonşuları üçün indiki təhlükə ilə İranın mövcud ola bilməyəcəyi birmənalıdır. İranın silahlarını da əlindən alacaqlar, ola bilər bu qanla olsun. İranın qonşuları da zərər çəkə bilər, o İran birmənalı olmayacaq. İran Yaxın Şərqdə İsrailə maneçilik törətməməlidir. Çünki İsrail konseptual baxımdan həm ərəblərlə yola getməyə hazırdır, həm də ABŞ-ın Yaxın Şərq siyasətinin qoruyucusudur.

İran da ABŞ-ın canişini olmaq roluna iddialıdır. İslam inqilabından əvvəl oynadığı rolu indi də oynamaq istəyir. O zaman tək ABŞ və SSRİ idi. İran bunların kəskin mübarizə müstəvisinə daxil deyildi. İranla bağlı mövzular bu iki ölkə arasında çox asan həllini tapırdı. Həm Birinci Dünya Müharibəsində, həm də İkinci Dünya Müharibəsində İranın ərazisində kənar qoşunların olması, bu həllin ən vacib göstəricisidir. İran indiki şəraitdə özü yolunu göstərməlidir. Əks-təqdirdə İran parçalanacaq. Yuxarıda qeyd etdik, İran daxili parçalanmağa doğru gedir. Fars belə başa düşür ki, onun ABŞ-a köçməsinə maneçilik edən bəluc, kürd azərbaycanlı qonşusudur. Azərbaycanlılar şiəliyi hakim din etməsəydi, Hafiz, Sədi kimi sünnü məzhəb idilər. Buna görə böyük etnik qruplardan xilas olmaq, özünün milli kimliyini realizə etmək istəyir. Düşüncəsi belədir.

İranda Cənubdakı azərbaycanlılar üçün Azərbaycan Respublikasının Avropada davranış manerasının güclənməsi böyük örnək və qürur mənbəyidir. Azərbaycan Respublikasının qanunları ilə yaşamaq, Qərb qanunları ilə yaşamaq kimi bir şeydir. İran ciddi düşünməlidir və nəzərə almalıdır ki, vaxt çox azdır. İranın nüvə silahı ABŞ-ı o qədər də ciddi narahat etmir. Çünki İsrail peycer hadisəsi, indi yeni mübarizə növlərini ortalığa qoydu. İranın nüvə texnologiyalı qurğuları ABŞ və İsrailin əlində İrana qarşı ən ciddi mübarizə obyektləri olacaq.

İran müsəlman birliyinə nail ola bilmədi. Əksinə, İranın Qəzzada başladığı müharibə Ərəb dövlətlərini İsraillə iqtisadi-siyasi əlaqələri gücləndirməyə vadar etdi. Çünki məqsəd Fələstinə dəstək deyildi. Fələstinə dəstək adı ilə İsraillə Səudiyyə Ərəbistanı ilə münasibətlərin normallaşmasına maneçilik etmək idi. Bunu da ərəb dövlətləri İranın onların əleyhinə olan siyasətlərinə niyə görə dəstək verməlidirlər. Sadəcə bir qrup adamı aldadıb, müsəlman ümmətçiliyindən danışır. Belə alınır ki, İran ərəbləri müsəlman hesab etmir, İndoneziyanı müsəlman hesab edir.

İdeoloji-siyasi baxımından ən böyük təzyiq Azərbaycan Respublikasına qarşı edildi. Hizbullahın sonuncu aktivləşmə fazası Livan hökumətinin Azərbaycan Respublikasına İsraillə Livan arasında müharibənin dayandırlmasında vasitəçilik etmək müraciətindən sonraya düşdü. Livan hökumətinin İsrailə barışıq təklifi və ondan İran üçün daha təhlükəlisi bu prosesin Azərbaycan vasitəsilə reallaşdırılması İran rəhbərliyini az qala dəli etdi və HƏMAS-a İsrailə raket zərbələri endirmək göstərişi verdilər. Nəticəsi bəlli: Şeyx Nəsrullah öldürüldü, İran isə İsrailin əmrlərini yetirir və İsraildən qorunmaq üçün vasitəçi axtarır.



Şərhlər

Yaz...