Tehranın Evin həbsxanasında saxlanılan azərbaycanlı vəkil Tahir Nəqəvi bir qrup məhbus tərəfindən hücum, təhdid və təxribat xarakterli davranışlara məruz qalıb.
Diaspora.TV xəbər verir ki, bu barədə Tahir Nəqəvinin ailəsinə yaxın mənbələr məlumat yayıb.
Məlumata görə, həbsxanadakı məhbuslardan biri Cənubi Azərbaycan Milli Hökumətinin qurulması və süqutunun ildönümü ilə əlaqədar şirniyyat paylamağa başlayıb. Məhbus bu hadisəni "İranın xilası və monqolların məğlubiyyəti” adlandırıb.
O, Tahir Nəqəviyə təhrik məqsədi ilə yaxınlaşaraq “Sən separatçısan, İranda türk yoxdur” deyərək təhqir etməyə başlayıb və nəticədə onların arasında münaqişə yaranıb.
Digər məhbusların müdaxiləsi ilə başa çatan qarşıdurma həbsxananın idman zalında bir neçə irqçi və şahçı məhbusun antitürk şüarları və Nəqəvini separatçı adlandırması ilə təkrarlanıb. Milli fəalın ailəsi onun səhhəti və təhlükəsizliyi ilə bağlı narahatlığını bildirib. Onlar bu təhlükəli vəziyyətə son qoyulması üçün təcili tədbir görülməsini tələb ediblər.