Tarix: 20 İyul 2024 09:43 | Baxış sayı: 1072

İran Araz çayını azərbaycanlıların qatilinə çevirə bilmədi

Diaspora.TV-də Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin (SİTM) rəhbəri, politoloq Mübariz Əhmədoğlunun müəllifi olduğu “Cənub vaxtı”nda İranın Araz çayı istiqamətində manipulyasiyaları, bu məsələdə vaxtilə ABŞ-la SSRİ arasında gedən ideoloji mübarizə, Ermənistanın Araz çayını çirkləndirməsi, Mehri SES-in tikintisi ilə bağlı cəhdlər və digər məsələlərdən bəhs edib.

M.Əhmədoğlunu səsləndirdiyi fikirlərin mətnini ixtisarla təqdim edirik:

Araz çayının azərbaycanlıların qatilinə çevrilməsi ilə bağlı İranın planı iflasa uğradı.

İran İslam İnqilabı dövründə həmişə azərbaycanlılara qarşı müxtəlif pis planlar hazırlayıblar. ABŞ-la SSRİ arasında gedən ideoloji mübarizənin bir istiqaməti məhz bunu tələb edirdi. İranda sərhədə yaxın ərazilərdə yaşayan şiələrə, azərbaycanlılara düşmən münasibət olmalı idi və bu həm də tədricən İran azərbaycanlılarının sıxışdırılıb çıxarılması ilə nəticələnməli idi. İslam inqilabının gəlişi ilə azərbaycanlıların doğma ərazilərin məcburi tərk etməsinə start verildi. Süni maneələr, xüsusən su qıtlığı vacib amillərdən oldu. Müxtəlif inzibati ərazi bölgüləri sxemləri reallaşdırıldı. Ənənəvi Azərbaycan ostanlarında kompakt yaşayan azərbaycanlıların sayı azaldı. Tehran ətrafında azərbaycanlılar yeni yaşayış məskənləri saldılar. Tehran maneçilik etmədi, hətta kömək etdi.

ABŞ SSRİ ilə bütün dünyada olduğu kimi Yaxın Şərqdə ciddi mübarizə aparırdı. Ərəb dünyasında SSRİ ABŞ-ın gözləmədiyi miqdarda qələbə qazandı. Hətta Yaxın Şərqdə ABŞ hökmran mövqedə idi, ərəb dövlətlərinin SSRİ istiqamətində bu qədər irəliləyəcəyini ABŞ gözləmirdi. Bu SSRİ-nin həm də apardığı dini siyasətlə bağlı idi. ABŞ ateist SSRİ-dən belə dini siyasət də gözləmirdi. Özbəkistan Mərkəzi Komitəsinin katibi Şərəf Rəşidov Əfqanıstandan başlayaraq digər sünni məzhəb əhaliyə malik dövlətlər arasında SSRİ-nin müsbət obrazını yarada bildi. Sonradan bu mübarizənin istiqaməti dəyişdi və İran üzərində fokuslandı.

İran İslam İnqilabının liderinin ABŞ prezidentləri ilə məktublaşması şəksizdir. ABŞ prezidentləri ilə olan məktublaşma ABŞ və Qərb mətbuatında bir neçə dəfə dərc olunub. İran bunlara reaksiya verməyib. Konkret addımlar atılıb. İran İslam İnqilabının lideri, İİR-sının banisi S.R.M.Xomeyninin Nəcəf şəhərindən Fransaya aparılması, altı ay ərzində güclü piar, mətbuat təbliğatı vasitəsilə İranda inqilabı vəziyyətinin yaradılması və S.R.M.Xomeyninin Fransa təyyarəsi və təhlükəsizlik xidmət orqanlarının əməkdaşlarının köməyi ilə Tehrana gətirilməsi -ABŞ-ın rolunun şəksiz dəlilləridir. Ali dini lider Xameneyi imamət prinsipini gücləndirməklə şiəliyi hökmran hala gətirmək istəyir. Bu İran İslam İnqilabının lideri S.R.M.Xomeyninin doktrinasından müəyyən qədər kənarlaşma hesabına baş verməlidir. Çünki Xomeyninin doktrinasında şiə ilə sünni yaxınlaşır və buna görə şiənin mövqeyi zəiflədilir. Bu, ABŞ-ın marağında idi. Kəlmeyi-şəhadətlə bağlı olan dəyişiklik buna xidmət edirdi.

SSRİ Azərbaycanın timsalında İran istiqamətində həm müsbət, həm də İran tərəfindən mənfi qəbul edilən planlar ortalığa qoymuşdu. Qərbin taxıl satmadığı İrana SSRİ dünya bazarı qiymətinə, bəlkə də bir az aşağı qiymətə taxıl satdı, ABŞ və Kanadanın İrana taxıl satmamasının səbəbi isə ideoloji idi. Onlar İran şahının torpağı kəndlilərə verməkdə SSRİ-yə yaxınlaşmaq halı görürdülər. Ona görə də şahı devirməli idilər. Bəlkə də müvəqqəti devirib, ağıllandırandan sonra qaytaracaqdılar. İsfahan Metallurgiya Zavodu SSRİ-nin İran dövlətinə hədiyyəsi idi.

Son illərdə ABŞ-ın güclü sanksiyalarının zəifləməsində bu zavodun polad ixracının rolu oldu. SSRİ Cənubi Qafqaz respublikalarını qazla təmin etmək işini də İranın boynuna qoydu. Astaradan (İran) Qazax rayonuna qədər qaz kəməri çəkdi. Həm Ermənistan və Gürcüstan İrandan gələn qazdan istifadə etməli idilər. Çünki Tümendən Qafqaza qaz kəməri çəkmək çox baha başa gələ bilərdi.

Bunların hamısında Azərbaycanın o zamankı rəhbəri Ulu Öndər H.Əliyevin razılığı və iştirakı olub. SSRİ-nin idarəçiliyinin prinsipi idi: Sünni dünyası üçün Özbəkistanın birinci katibi Şərəf Rəşidov kim idisə, İran və Qərbi Asiya üçün də Ulu Öndər H.Əliyev həmin şəxs idi.

İranla Azərbaycanı vaxtilə ayıran Araz çayı Ulu Öndər H.Əliyevin kontekstində İranla Azərbaycan əhalisinə kömək edən, həm də birləşdirici vasitəyə çevrilməli idi. İdeoloji ab-hava da bunun üzərində qurulmuşdu. Məhz o zamandan İran rəhbərliyi Araz çayına tamamilə ayrı gözlə yanaşdı. Araz çayı İran və Azərbaycan Respublikasının ərazisində yaşayan azərbaycanlıları qidalandıran, kənd təsərrüfatının inkişafına şərait yaradan subyekt olmamalı idi. Çayın hər iki sahilində yaşayan əhalini, yəni azərbaycanlıları “zəhərləməklə” məşğul olmalı idi. Bütün proseslər Azərbaycan və Ermənistan müstəqil olduqdan sonra başladı. Müstəqil Ermənistanın ərazində tikilən zavodlar çirkli suları Araz çayına axıtdılar. Azərbaycan o dövrdə Ermənistanla müharibə vəziyyətində idi. Torpağı erməni işğalı altına düşən Azərbaycanın bu işğal problemini qoyub, ekoloji problemləri ön plana çıxarması təbii ki, ağlagəlməzdir. Ermənistandan gələn zəhərli sular Azərbaycan ərazisi vasitəsilə həm də İran ərazisinə gedirdi. Arazqırağı üç - Şərqi Azərbaycan, Ərdəbil və Qərbi Azərbaycan ostanlarını əhatə edirdi. 30 il ərzində İran heç zaman Ermənistana Araz çayını çirkləndirdiyinə görə ciddi etiraz bildirməyib. 30 il ərzində İranın Ermənistana ən ciddi etirazı sadəcə Araz çayının çirkləndirməsini Ermənistanın nəzərinə çatdırmaq olub. Ermənistan istiqamətində iki dəfə sərt məruzə olub və sonradan daha yuxarılardan gələn göstərişin təsiri ilə o məruzələr heç bir icraata verilməyib. İranın ərazisinə Araz çayını zəhərləyib göndərən Ermənistana qarşı heç bir addım atılmayıb.

Araz çayını hər iki Azərbaycana qarşı düşmən mövqeyinə çevirmək istiqamətində İran Mehri SES-i tikməklə bağlı qərar qəbul etdi. Çayın hər iki sahilində yaşayan azərbaycanlılara qarşı sakit soyqırımı idi. Çünki Ermənistan ərazisində tikilən Mehri SES Araz çayından su bölgüsündə İranın, İrandakı azərbaycanlıların payını xeyli azaldacaqdı. İran Mehri SES-i tikməkdən ötrü hər şeyə getdi. Mehri SES 15 il Ermənistanın mülkiyyətində olmalı, elektrik enerjisi ilə təmin etməli idi. 15 ildən sonra isə bu SES-in elektrik enerjisi İranla Ermənistan arasında şərikli istifadə olunacaqdı. Tikintisi 330 milyon dollara başa gəlməli idi. Ermənistanın pulu yox idi. İran bu pulu Ermənistana hədiyyə edəcəyini vəd etdi. ABŞ-ın qoyduğu sanksiyalar bu banklar vasitəsilə 330 milyon dollar pulu İrana köçürməyə imkan vermədi. Əvəzində Ermənistan İrana dolları kisələrlə daşımaq təklifini verdi. İran razılaşdı.

İran tərəfi Ermənistana kisələrlə nağd dolları köçürmək istəyəndə İran-Ermənistan sərhədinin RF sərhədçiləri tərəfindən qorunması yadlarına düşdü və İran tərəfi bundan imtina etdi. Əvəzində Ermənistana gəlib pulu özlərinin aparmasını təklif etdi. Ermənilər də RF sərhədçilərinin qorxusundan bunu bacarmadılar.

Bu həmin dövr idi ki, Mahmud Əhmədnejad Ermənistan prezidenti S.Sərkisyanı Novruz şənliyində iştirakı üçün 60 milyon dollar hədiyyə ayırdı. Bu hesaba S.Sərkisyan Novruz şənliklərində iştirak etdi.

Ermənistan o zaman Mehri SES-in tikintisindən ötrü İranın qabağında tamam ayrı şərt qoydu: Mehri SES Azərbaycanın işğal olunmuş ərazilərində tikilirdi. İran və Ermənistanın düşüncəsinə görə o ərazi Ermənistan ərazisi idi, Azərbaycan Respublikasının ərazisi deyildi. Bənd tikildikdən sonra suyun yayıldığı ərazi erməninin, iranlının da Azərbaycan ərazisi hesab etdiyi sahəyə də yığılacaqdı. Su işğal altında olmayan Azərbaycan ərazisinə keçir, Azərbaycan da getdikcə güclənir və hərbi əməliyyatlara başlaya bilər. O zaman Ruhani hökuməti Ermənistan üçün İranın tikdiyi bəndin suyunun Azərbaycan Respublikasının ərazisini əhatə edəcəyi zamanı yarada biləcəyi hərbi təhlükəni aradan qaldırmaq üzrə Ermənistanın qarşısında öhdəlik götürdü, sənəd imzaladı. Bu, İranın işğalçı Ermənistanla birlikdə Azərbaycan Respublikasına qarşı hərbi əməliyyata hüquqi bazanın yaradılması demək idi.

Ermənistanın imtinası ilə İran tərəfi Mehri SES-i Ermənistan üçün tikə bilmədi. Mehri SES-in tikintisinin dayandırılmasında çox mühüm faktorlardan biri Türkiyənin öz ərazisində iri su bəndləri layihəsini icrasına başlaması oldu. Bu Araz çayında suyun azalmasına səbəb oldu və başa düşdülər ki, Türkiyə istəsə məhz Mehri SES-ə görə Araz çayının su ilə dolmasını zəiflədə bilər.

Yaxınlarda İran prezidentinin Arazqırağı “Xudafərin və Qız qalası” bəndlərini açmaqda iştirakı İranın yenə də Araz çayına azərbaycanlıların soyqırımı elementi kimi baxmaqda davam etdiyini göstərir. İ.Rəisi iki dəfə “Qız qalası və Xudafərin” SES-lərin açılışını edəcəyini anons etdi. Sonradan səbəbini izah etmədən İran prezidenti bu planından vaz keçməli oldu. Üçüncü dəfə gələndə isə artıq o öldürüldü. Öldürülmə səbəbi mübhəmdir. İ.Rəisinin ölümünün səbəbini iki şəxs bilir. Yəqin ki, Sepah ali dini liderə məruzə edib, Sepahın rəhbərliyi İ.Rəisinin ölümünün səbəbini bilirlər. İ.Rəisi fiziki ölməmişdən əvvəl dini və mənəvi baxımından öldürülmüşdü; Namaz qılınanda dində-şiəlikdə ən yüksək ali rütbəsi olan Ayətullah İ.Rəisi Höcətül-islam rütbəli şəxsin arxasında namaz qılmağa vadar edildi. Bu təsadüfi ola bilməz. Bunu ali dini liderin ətrafından da belə göstəriş verilə bilməz, göstərişi yalnız ali dini lider verə bilərdi. Mənəvi və dini baxımından öldürülən Ayətullah İ.Rəisi bir neçə saatdan sonra helikopter qəzasında fiziki olaraq öldü. Helikopterin qəzaya uğramasının ən böyük səbəbi Azərşəhrdə Sepahın qurduğu raket bazasından buraxılan güclü elektromaqnit dalğaları idi.

Əgər belə deyilsə helikopter qəzasının ilk günüdə ABŞ-ın üzərinə hücuma keçən İran rəsmiləri indi də o hücumu davam etdirsinlər. ABŞ bir kəlmə cavab verdi: Helikopter qəzası ilə bağlı hər şeyi açıb tökə bilərik. Görünür ABŞ-ın orada ölçü cihazları işləyib. Rusiya da bilir ki, həmin dövrdə Aİ və ABŞ-ın Ermənistan ərazisində olan qurğuları hansı parametrlərlə işləyib. Bunu Rusiya bilir və həmin parametrləri də İrana göndərdi. Sadəcə İ.Rəisinin ölümü ilə əlaqəli olduğu üçün İran o məlumatları da üzə çıxartmadı.

Prezident İ.Rəisinin helikopterinin qəzasında ən sensasion və izaholunmaz hadisələrdən biri qəzaya uğramış Amerika helikopterinin detalını almaqdan ötrü ABŞ-a edilən müraciətdir. ABŞ detalı verməyə razılaşıb, logistika problemlərinə görə verməyib. İranın bütün logistikası ABŞ-ın sanksiyası altındadır. Qəzaya düşmüş və yanmış helikopterin detalını əldə etməyə nə ehtiyac var?! Ola bilər, İslam inqilabından əvvəl ABŞ-la İranın arasında Araz çayı və azərbaycanlılarla bağlı əldə olunmuş razılaşmanı pozduğuna görə prezident İ.Rəisinin öldürüldüyü ilə bağlı hesabat veriblər. İran ABŞ-a möhtacdır və getdikcə ABŞ-la əlaqələrini artırmağa can atır. Yenidən İran ABŞ-ın vassalı ola bilər. O vaxt İslam inqilabı dövründə aldatdıqlarını yəqin indi düzəltmək niyyətindədir.

Araz çayının suyu artıq həm Azərbaycan Respublikası ərazisində və həm də İran ərazisindəki azərbaycanlıların mənafeyinə uyğun fəaliyyət göstərməyə başladı. İnşallah ayıran Arazı birləşdirən Araza çevirmək rolunda çox vacib dövrdür. İran ayıran Arazı öldürən Araza çevirə bilmədi. Ulu Öndər Heydər Əliyevin 1971-ci ildən başladığı iş nəhayət 2024-cü ildə azərbaycanlıların böyük faydası və uğuru ilə başa çatdı. Buna arxasında Allahın dayandığı Prezident İlham Əliyevin əməyinin nəticəsi kim baxmaq daha düzgündür.

Şərhlər

Yaz...

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    30.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 30.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    29.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 29.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    31.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 31.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT   - 28.10.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 28.10.2024

Diaspora xəbər - VİDEO TƏQDİMAT -    01.11.2024
Diaspor, Video Qalereya, Diaspora Xəbər

Diaspora xəbər - VİDEO TƏQDİMAT - 01.11.2024

“Azərbaycan dili” -    25-ci dərs
Diaspor, Dərs saatı, Video Qalereya

“Azərbaycan dili” - 25-ci dərs