Tarix: 17.05.2024 / 14:47
İlham Əliyev və  Aleksandr Lukaşenko Şuşada  - Fotolar

İlham Əliyev və Aleksandr Lukaşenko Şuşada - Fotolar

Azərbaycan Prezidenti İlham Əliyev və onun belaruslu həmrakı Aleksandr Lukaşenko mayın 17-də Şuşa şəhərinə səfər ediblər.

Diaspora.TV xəbər verir ki, Azərbaycanda dövlət səfərində olan Belarus Prezidenti Aleksandr Lukaşenko ilk olaraq Füzuli rayonunda olub.

Füzuli Beynəlxalq Hava Limanında ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb. Belarus Prezidenti Aleksandr Lukaşenkonu Azərbaycan Prezidenti İlham Əliyev qarşılayıb. Burada Belarus Prezidentinə Füzuli, Zəngilan və Laçın beynəlxalq hava limanları barədə məlumat verilib. Daha sonra Prezident İlham Əliyev və belaruslu həmkarı Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb və şəhərin Baş planı ilə tanış olublar.

Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko Şuşa şəhərinə səfər ediblər. Azərbaycan və Belarus dövlət başçıları Şuşada birinci yaşayış kompleksində olublar. Ardınca, prezidentlər Şuşada Azərbaycan ilə Belarusun birgə istehsalı olan avtobusa və Belarus Prezidentinin hədiyyə etdiyi traktorlara baxıblar.

Azərbaycan və Belarus dövlət baçıları Şuşada Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvanın, Bülbülün və Üzeyir Hacıbəylinin işğal dövründə ermənilər tərəfindən gülləbaran edilmiş heykəllərinə baxıblar. Sonra prezidentlərə Şuşanın Baş planı barədə məlumat verilib.

Sonra Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko Şuşada Heydər Əliyev Fondu tərəfindən bərpa edilən Yaradıcılıq Mərkəzində “Heydər Əliyev və Qarabağ” sərgisinə baxıblar. Həmçinin Azərbaycan və Belarus dövlət başçıları Şuşada Bülbülün ev-muzeyində olublar.

Daha sonra Azərbaycan Prezidenti İlham Əliyev və Belarus Prezidenti Aleksandr Lukaşenko Cıdır düzündə olublar.



Şərhlər

Yaz...