Tarix: 03.05.2024 / 18:24
“İki diasporun birgə fəaliyyəti arzuolunan səviyyədə deyil”  - Partiya funksioneri

“İki diasporun birgə fəaliyyəti arzuolunan səviyyədə deyil” - Partiya funksioneri

“Qloballaşan dünyada miqrasiya qarşısıalınmaz bir prosesə çevrilib və indi hər kəs harada doğulmasından asılı olmayaraq, bu və ya digər ölkədə yaşamağı, işləməyi seçə bilir. Konkret Azərbaycana gəldikdə, deyə bilərik ki, rəsmi məlumatlara görə bu gün soydaşlarımız dünyanın 100-dən çox ölkəsində məskunlaşıblar”.

Bu fikirləri Diaspora.TV-yə açıqlamasında AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov bilidirib. Onun sözlərinə görə, soydaşlarımızın kompakt yaşadığı ölkələrin sayı da az deyil:

“Düzdür, əvvəlki dövrlərlə müqayisədə hazırda diasporumuzun fəallığı var, amma açıq etiraf etmək lazımdır ki, bu fəallıq yetərli deyil və soydaşlarımız potensialını tam olaraq ortaya qoymur. Bunun üçün daha çox əlaqənin təmin edilməsi, ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın diaspor təşkilatlarımız ətrafında birləşməsini təmin etməyə ehtiyac var. Bundan savayı, diasporların gücü təkcə ayrı-ayrı diaspor təşkilatlarında olan insanların sayında yox, həm də onların işlədikləri, təhsil aldıqları, yaşadıqları ölkələrdəki imkanlarından asılıdır. Bu mənada soydaşlarımızın məskunlaşdıqları ölkələrin siyasi, iqtisadi və sosial həyatında yaxından iştirak etməsinə nail olmaq lazımdır. Əslində diasporumuzun mütəşəkkil qüvvəyə çevrilməsi, soydaşlarımızın milli mənsubiyyətlərini və dəyərlərimizi qorumaqla fəaliyyət göstərdikləri ölkənin Azərbaycanla əlaqələrinin inkişafına önəmli töhfə vermələri ölkəmiz üçün yeni-yeni dostlar qazanmaq imkanı verər ki, bunun özü də güclü Azərbaycan lobbisi deməkdir”.

Partiya funksioneri qeyd edib ki, istənilən lobbi qrupunun kökündə etnik diasporlar dayanır:

“Bu gün milli maraqlardan çıxış edən diaspor təşkilatlarımız da dövlətlərarası münasibətlərə təsir göstərməklə prosesləri maraqlarına uyğun şəkildə istiqamətləndirməyi bacarmalıdırlar. Bunun üçün həm dövlətin maliyyə dəstəyinə, həm də soydaşlarımızın fəallığına ehtiyac var. Ayrı-ayrı ölkələrdə yaşayan soydaşlarımızın həmin ölkənin siyasi və ictimai təşkilatlarında, media qurumlarında təmsil olunmasına nail olmaqla biz diaspor gücündən lobbi fəaliyyəti üçün səmərəli şəkildə istifadə edə bilərik”.

R.Bayramov vurğuladı ki, “Şuşa bəyanatı”ndan əvvəl də, sonra da biz bir sıra ölkələrdə Azərbaycan və Türkiyə diaspor təşkilatlarının birgə tədbirlərinə şahidlik etmişik:

“O başqa məsələdir ki, bu birgəfaəliyyət arzuolunan səviyyədə deyil. Məqsəd Azərbaycan və Türkiyə diaspor təşkilatlarının vahid orqanizm kimi bir-birinə inteqrasiya olunmuş şəkildə fəaliyyətinə nail olmaqdan ibarət idi. Amma buna hələ tam mənada keçidi təmin etmək mümkün olmayıb. Bunun üçün razılaşdırılmış xüsusi Dövlət Proqramının qəbul olunmasına ehtiyac var. Təkcə Azərbaycan və Türkiyənin yox, ümumilikdə Türk Dövlətləri Təşkilatı (TDT) ölkələrinin diaspor təşkilatları arasında əlaqələrin ən üst səviyyəyə çatdırılması üçün diaspor təşkilatı təmsilçilərindən ibarət məşvərət şuraları yaradıla bilər. Məşvərət şuraları da konkret Əsasnamə əsasında birgə tədbirlərin keçirilməsini, ayrı-ayrı sahələrdə çalışan və TDT-nin müxtəlif ölkələrini təmsil edən mütəxəssislərdən ibarət qrupların formalaşdırılmasını təmin edə bilər. Yəni, başqa sözlə bütün məsələlərdə bir-birinə dəstək vermək üçün təkcə diaspor rəhbərlərinin deyil, həmin təşkilatlarda təmsil olunan şəxslərin də bir-birini tanıması olduqca önəmli faktordur”.

Politoloq Güney Azərbaycandan olan soydaşlarımızla bağlı məsələyə toxunaraq qeyd etdi ki, onların özlərinin ayrıca diaspor təşkilatları fəaliyyət göstərir:

“Təəssüf ki, bizim diaspor təşkilatları ilə Güney Azərbaycan diaspor təşkilatları arasında əlaqələr tam arzuolunan səviyyədə deyil. Düzdür, bir sıra ölkələrdə bu əlaqələr təmin olunub, hətta konkret ölkələr var ki, güneyli soydaşlarımız bizim diaspor təşkilatlarında təmsil olunurlar. Amma, bu kifayət deyil. Problem ondadır ki, həm Güneydən, həm də Quzeydən olan soydaşlarımızın olduqca az qismi bu və ya digər diaspor təşkilatlarında təmsil olunurlar. Təmsil olunanlar isə fəallıq göstərmirlər. Amma sevindirici məqam ondadır ki, indi xaricdə yaşayan o taylı- bu taylı soydaşlarımız arasındakı əlaqə əvvəlki dövrlərə nisbətən daha çox inkişaf etməyə başlayıb. Düşünürəm ki, bu istiqamətdə də irəliləyişlərə nail olmaq üçün yetərli potensial var. Sadəcə, daha çox işləməyə və daha fəal olmağa ehtiyac var”.

Bəxtiyar Məmmədli
Diaspora.TV


Şərhlər

Yaz...